Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-157/2024 05.08.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Qusar rayon məhkəməsinin hakimi Cəlilov Əli İsa oğlu, X1 oğlunun katibliyi ilə, Hüquqi şəxs Şəxs MMC-nin haqqında Azərbaycan Respublikasının İXM-nin 464-cü maddəsi ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs MMC tərəfindən 2022-ci il üzrə maliyyə hesabatlarının 2023cü ildə auditinin aparılmamasına görə həmin MMC-nin barəsində Azərbaycan Respublikasının İXM-nin 464-cü maddəsi ilə xx.xx.2024-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Şəxs MMC məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında nümayəndənin iştirakını təmin etməmiş və bu barədə məhkəməyə heç bir rəsmi məlumat verməmişlər. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsinə məhkəmə iclasının vaxı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, nümayəndə məhkəməyə ərizə və mülahizə ilə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilərək qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Həmçinin öz mülahizəsində bildirmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464cü maddəsi “Auditor xidməti haqqında" Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə məsuliyyət nəzərdə tutur. “Auditor xidməti haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə uyğun olaraq audit - əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektlərində mühasibat uçotunun dəqiq və dürüst aparılmasının və maliyyə hesabat-larının müstəqil yoxlanılmasıdır. Audit yoxlaması məcburi və ya könüllü (təsərrüfat subyektinin öz təşəbbüsü ilə) ola bilər.( Qanuna görə öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri üçün, habelə qanunla bilavasitə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan audit məcburi, digər hallarda isə könüllüdür. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına görə öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri üçün,) habelə qanunla bilavasitə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan audit məcburidir və məcburi auditdən yayınmağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Hazırki material üzrə barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs təşkilati-hüquqi forma baxımından məhdud məsuliyyətli cəmiyyətdir. Bu cür hüquqi şəxslər üçün auditin məcburi keçirilməsini nəzərdə tutan norma isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 91.4-cü maddəsidir. Həmin normaya əsasən məhdud məsuliyyətli cəmiyyət (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidir (kənar audit). Maddənin məzmunundan göründüyü kimi, mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla, təşkilati-hüquqi forması məhdud məsuliyyətli cəmiyyət olan digər təsərrüfat subyektləri (orta və iri sahibkarlar) illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidirlər. Beləliklə aydın olur ki, hər ötən il üçün tərtib edilmiş maliyyə hesabatlarının düzgünlüyünün yoxlanılması üçün müstəqil auditorun cəlb edilməsi növbəti il ərzində, ilin sonunadək həyata keçirilməlidir ki, MMC tərəfindən məcburi audit cəlb edilməmişsə, inzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsi vaxtı növbəti ilin yanvar ayının 1-i tarixinə təsadüf edir. Müəyyən edildiyi kimi "xxxx" MMC tərəfindən 2022-ci il üzrə maliyyə hesabatlarının 2023-cü ildə məcburi auditi aparılmamış, bununla da “Auditor xidməti haqqında" Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmışdır. Yuxarıda göstərilən qanunvericilik aktlarının tələblərindən belə aydın olur ki, məhdud məsuliyyətli cəmiyyət tərəfindən (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) hər ötən il üçün tərtib edilmiş maliyyə hesabatlarının düzgünlüyünün yoxlanılması üçün müstəqil auditorun cəlb edilməsi növbəti il ərzində, ilin sonunadək həyata keçirilməlidir və əgər bu edilməyibsə İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsi vaxtı növbəti ilin yanvar ayının 1-i tarixinə təsadüf edir. İnzibati Xətalar Məcəlləsinin 38.1 -ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Artıq göstərildiyi kimi hazırki iş üzrə Şəxs MMC tərəfindən İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə inzibati xətanın törədilməsi müvafiq olaraq 2024-cü ilin yanvar ayının 1-nə təsadüf edir ki, Məcəllənin vergilərin, rüsumların ödənilməsi, maliyyə və sığorta qaydaları əleyhinə olan inzibati xətaları əhatə edən 36-cı fəslinə daxil olan qeyd olunan inzibati xəta üzrə qanunverici tərəfindən inzibati məsuliyyətə cəlb edilmə müddəti inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə biləcəyi müəyyən edilmişdir. Belə olan halda qeyd edirik ki, xx.xx.2024-cü il tarixdə törədilmiş inzibati xəta üzrə məsuliyyətə cəlb etmə müddəti müvafiq olaraq 01,01.2025-ci il tarixdə bitməli olsa da, iş materiallarından göründüyü kimi qeyd olunan inzibati xəta haqqında protokol 16 iyul 2024-cü il tarixdə tərtib olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 20 fevral 2024-cü il tarixli **********2486400 nömrəli məktubu ilə Maliyyə Nazirliyinə təqdim edilmiş 2022-ci ilin göstəricilərinə əsasən orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarlarına uyğun gələn və hal-hazırda fəaliyyət göstərən açıq səhmdar cəmiyyətləri, qapalı səhmdar cəmiyyətləri və məhdud məsuliyyətli cəmiyyətləri barədə 31 dekabr 2022-ci il tarixə olan məlumatlara (siyahıya) daxil edilmişdir. Göründüyü kimi, Şəxs illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etmə öhdəliyi mövcuddur. Qeyd edilən qanunvericilik aktlarının tələblərinin yerinə yetirilməsi üçün Maliyyə Nazirliyi tərəfindən aşağıdakı tədbirlər həyata keçirilmişdir: - İllik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etmə tələb olunması barədə Maliyyə Nazirliyinin elanı 19 aprel 2024-cu il tarixdə Nazirliyin internet səhifəsində yerləşdirilmişdir; - Şəxs 2022- ci il üzrə maliyyə hesabatlarının auditinin 2023-cü ildə qanunla nəzərdə tutulmuş hallarda həyata keçirilməməsi ilə əlaqədar İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi üzrə məcburi auditdən yayınmağa görə inzibati xəta haqqında işə 16 iyul 2024-cü il tarixdə, saat 11-00 da Maliyyə Nazirliyinin Uçot siyasəti şöbəsinə çağırılması barədə 05 iyul 2024-cü il tarixli 3-23/2-3842/2024 nömrəli bildiriş Cəmiyyətə göndərilmişdir; - Qeyd olunan qanunvericilik aktlarının tələblərini yerinə yetirmədiklərinə görə Şəxs barədə “16” iyul 2024-cü il tarixli “İnzibati xəta haqqında Protokol” tərtib edilmişdir; - 16 iyul 2023-cü il tarixli “inzibati xəta haqqında Protokol”- un surəti Maliyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli 3-23/2-4101/2024 nömrəli məktubu ilə Şəxsnə göndərilmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq Şəxs barəsində inzibati tənbeh tədbiri görülməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İXM-nin 64.3 maddəsinə əsasən inzibati xəta haqqında işə inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 3-23/2-4101/2024 nömrəli məktubdan görünür ki, Şəxs MMC-nin hüquqi ünvanına xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli protokolun surəti göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Auditorlar Palatasının elektron sistemindən xx.xx.2024-cü il tarixli çıxarışdan görünür ki, "xxxx" MMC həmin tarixə qədər auditi aparılmış təsərrüfat subyektləri siyahısında görünməmişdir. Həmçinin iş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2024-cü il tarixli **********4486400 nömrəli məktubu ilə təqdim olunmuş 2022-ci ilin göstəricilərinə əsasən orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarlarına uyğun gələn açıq səhmdar cəmiyyətləri, qapalı səhmdar cəmiyyətləri və məhdud məsuliyyətli cəmiyyətləri barədə məlumatdan çıxarışdan görünür ki, "xxxx" MMC orta və iri sahibkarlıq subyektidir. İş materiallarını, məhkəmə təqdim edilmiş olan Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsinin yazılı şəkildə olan mülahizəsini nəzərdən keçirib, məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə təqsirli bilinib inzibati məsuliyyətə cəlb edilməlidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 3-23/2-3845/2024 nömrəli bildirişdən görünür ki, hüquqi şəxsin nümayəndəsi xx.xx.2024-cü il tarixə, saat 11:00-a Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Uçot siyasəti şöbəsinə dəvət olunmuş və həmin bildiriş onlara elektron qaydada və xəbərnaməli poçt vasitəsi ilə göndərilmiş və onlar tərəfindən qəbul olunmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən həmin inzibati xəta törədilmiş və sonradan aradan qaldırılmamışdır. Buna görə də Şəxs MMC barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 464-cü maddəsinə əsasən “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə - vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. “Auditor xidməti haqqında” Azərbaycan Respublikası Qanunu M a d d ə 2. Audit anlayışı Audit—əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektlərində mühasibat uçotunun dəqiq və dürüst aparılmasının, və maliyyə hesabat-larının müstəqil yoxlanılmasıdır. Audit yoxlaması məcburi və ya könüllü (təsərrüfat subyektinin öz təşəbbüsü ilə) ola bilər. Qanuna görə öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri üçün, habelə qanunla bilavasitə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan audit məcburi, digər hallarda isə könüllüdür Azərbaycan Respublikası Mülki Məcəlləsinin 91.4-cü maddəsinə əsasən Məhdud məsuliyyətli cəmiyyət (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidir (kənar audit). Cəmiyyətin illik maliyyə hesabatlarının auditor yoxlanışı hər hansı iştirakçının tələbi ilə də aparıla bilər. Bu halda auditor yoxlanışı həmin yoxlamanı tələb edən iştirakçının hesabına aparılır. Cəmiyyətin fəaliyyətinin auditor yoxlanışlarının aparılması qaydası qanunvericilik və cəmiyyətin nizamnaməsi ilə müəyyənləşdirilir. Mühasibat uçotu haqqında Azərbaycan Respublikası Qanunu 12.1. Kommersiya təşkilatları illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını müvafiq qurumlara qanunvericilik aktları ilə, digər şəxslərə isə nizamnamələri ilə müəyyən olunmuş hallarda təqdim edirlər. Bu Qanunun 5.3-cü maddəsində göstərilən mühasibat uçotu subyektləri tərəfindən maliyyə hesabatlarının təqdim edilməsi və dərc olunması qaydası Azərbaycan Respublikasının müvafiq sahəvi qanunları ilə tənzimlənir. Digər kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc olunması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 12.2. Dövlət zəmanəti ilə kredit alan və ya dövlət borcunun xərclənməsi ilə bağlı layihələrdə iştirak edən, həmçinin büdcədən subsidiya, subvensiya, qrant və ya müəyyən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı büdcə vəsaiti ayrılan kommersiya təşkilatları illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını qanunla müəyyən edilmiş hallarda auditor rəyi ilə birlikdə müvafiq icra hakimiyyəti orqanına bu Qanunun 12.1-ci maddəsinə müvafiq olaraq müəyyən olunmuş müddətlərdə təqdim edirlər. 12.3. “Dövlət sirri haqqında” və “Kommersiya sirri haqqında” Azərbaycan Respublikası qanunlarının tələbləri nəzərə alınmaqla, ictimai əhəmiyyətli qurumlardan və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını hazırlayan kommersiya təşkilatlarından (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla), habelə bu Qanunun 12.2-ci maddəsində qeyd edilən təşkilatlardan həmçinin aşağıdakılar tələb olunur: 12.3.1. qurumun İnternet səhifəsi olduqda, həmin məlumatlardan sərbəst istifadə edilməsini təmin etmək şərtilə, illik maliyyə hesabatının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının auditor rəyi ilə birlikdə, həmin internet səhifəsində və ya mətbu orqanda dərc olunması; 12.3.3. qurumun illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının nüsxəsinin auditor rəyi ilə birlikdə hər hansı şəxsə, onun müraciəti əsasında pulsuz təqdim olunması. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin törətdiyi inzibati xətanın xarakterini və işin digər hallarını nəzərə alaraq hüquqi şəxs Şəxs MMC barəsində inzibati tənbeh növü olaraq inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8, 53, 75, 76, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Hüquqi şəxs "xxxx" MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə təqsirli bilinsin və 1500 (min beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Hakim: Əli Cəlilov
Məhkəmə qərarları › İş №3(029)-157/2024
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-157/2024
05.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver