Məhkəmə qərarları › İş №3(029)-159/2024

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-159/2024

31.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-159/2024 31.07.2024 QUSAR RAYON MƏHKƏMƏSİ X4 Adil oğlunun sədrliyi, Əliyev Rahib Malik oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Hüquqi ünvanı Qusar şəhəri Füzuli küçəsi ev 30 olan hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası Maliyyə Nazirliyindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-сü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala Qusar rayon Məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Hüquqi şəxs Şəxs MMC 2023-cü ildə məcburi həyata keçirməli olduğu 2022-ci il üzrə maliyyə hesabatlarının auditini həyata keçirməmişdir. Həmin faktla bağlı Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 464-cü maddəsi ilə MN ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X2 izahatında göstərdi ki, MMC-yə yeni mühasib gəlmiş və diqqətsizlik nəticəsində hesabatın auditini vaxtında apara billməmişlər, hesabatı audit rəyi ilə birlikdə Maliyyə Nazirliyinə təqdim etməmişlər. Odur ki, MMC-nin barəsində minimum həddə cərimə tətbiq edilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Maliyyə Nazirliyi məhkəmə iclasının yeri və müddəti barədə lazımi qaydada xəbərdar edilmiş, lakin həmin nazirliyin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası 112.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə Maliyyə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. “Auditor xidməti haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən audit-əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektlərində mühasibat uçotunun dəqiq və dürüst aparılmasının maliyyə hesabatlarının müstəqil yoxlanılmasıdır. Audit yoxlaması məcburi və ya könüllü (təsərrüfat subyektinin öz təşəbbüsü ilə) ola bilər. Qanuna görə öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri üçün, habelə qanunla bilavasitə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan audit məcburi, digər hallarda isə könüllüdür. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən kommersiya təşkilatları illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını müvafiq qurumlara qanunvericilik aktları ilə, digər şəxslərə isə nizamnamələri ilə müəyyən olunmuş hallarda təqdim edirlər. Bu Qanunun 5.3-cü maddəsində göstərilən mühasibat uçotu subyektləri tərəfindən maliyyə hesabatlarının təqdim edilməsi və dərc olunması qaydası Azərbaycan Respublikasının müvafiq sahəvi qanunları ilə tənzimlənir. Digər kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc olunması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən dövlət zəmanəti ilə kredit alan və ya dövlət borcunun xərclənməsi ilə bağlı layihələrdə iştirak edən, həmçinin büdcədən subsidiya, subvensiya, qrant və ya müəyyən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı büdcə vəsaiti ayrılan kommersiya təşkilatları illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını qanunla müəyyən edilmiş hallarda auditor rəyi ilə birlikdə müvafiq icra hakimiyyəti orqanına bu Qanunun 12.1-ci maddəsinə müvafiq olaraq müəyyən olunmuş müddətlərdə təqdim edirlər. Həmin Qanunun 12.3-cü maddəsinə əsasən “Dövlət sirri haqqında” və “Kommersiya sirri haqqında” Azərbaycan Respublikası qanunlarının tələbləri nəzərə alınmaqla, ictimai əhəmiyyətli qurumlardan və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını hazırlayan kommersiya təşkilatlarından (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla), habelə bu Qanunun 12.2-ci maddəsində qeyd edilən təşkilatlardan həmçinin aşağıdakılar tələb olunur: 12.3.1. qurumun İnternet səhifəsi olduqda, həmin məlumatlardan sərbəst istifadə edilməsini təmin etmək şərtilə, illik maliyyə hesabatının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının, auditor rəyi ilə birlikdə, həmin internet səhifəsində və ya mətbu orqanda dərc olunması; Göründüyü kimi, təsərrüfat subyektlərinin, hazırkı halda Şəxs MMC-nin illik maliyyə hesabatlarının auditinin həyata keçirilməsi, o cümlədən həmin hesabatın audit rəyi ilə birlikdə müvafiq icra hakimiyyəti orqanına (Azərbaycan Respublikası Maliyyə Nazirliyinə) təqdim edilməsi məcburi xarakter daşıyır və məcburi illik hesabatların auditinin həyata keçirilməməsi inzibati məsuliyyətə səbəb olur. İş materialları ilə müəyyən olunur ki, Şəxs MMC 2023-cü ildə 2022-ci il üzrə məcburi aparmalı olduğu illik hesabatın auditini həyata keçirməmiş və bu barədə hesabatı 2023-cü ildə Maliyyə Nazirliyinə təqdim etməmişdir. Odur ki, məhkəmə iş materiallarını nəzərdən keçirib, hesab edir ki, hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi inzibati xəta haqqında protokola əlavə olunmuş sənədlərlə tam sübuta yetirilir, onun əməli həmin maddə ilə düzgün tövsif edilmişdir və ona görə də, həmin MMC həmin maddə ilə təqsirli bilinməli və barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin törətdiyi inzibati xətanın xarakterini və işin digər hallarını nəzərə alaraq həmin MMC barəsində inzibati tənbeh növü olaraq inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədə müvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: Hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-сü maddəsi ilə təqsirli bilinib 1500 (min beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qusar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Hakim: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar