Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-16/2023 16.02.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Qusar rayon məhkəməsinin hakimi Cəlilov Əli İsa oğlu, Hüquqi şəxs Şəxs MMC (VÖEN №**********) barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-сü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala Qusar rayon Məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Gömrük Prosedurları və Ödənişlər şöbəsinin Dövlət Gömrük Komitəsinin “Vais” sistemindən əldə edilmiş məlumata əsasən Şəxs MMC tərəfindən 1 gömrük bəyannaməsi üzrə 1086 ABŞ dolları (1846,20 manat) məbləğində vəsaitin MMC-nin müvəkkil bankda olan hesabına köçürülmədiyi qeyd edilmişdir. Həmin faktla bağlı Şimal Ərazi Baş Gömrük İdarəsi, Əməliyyat və Təhqiqat Şöbəsi, Təhqiqat Bölməsinin təhqiqatçısı X1 tərəfindən inzibati araşdırma aparılmış və hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə №01400- 04911/22 saylı, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC və Şimal Ərazi Baş Gömrük İdarəsi məhkəmə iclasının yeri və müddəti barədə lazımi qaydada xəbərdar edilmiş, lakin hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi və Şimal Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası İXM-nin 61.3 və 112.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsinin və Şimal Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İş materiallarını nəzərdən keçirib, məhkəmə hesab edir ki, hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarından görünür ki, Şəxs MMC tərəfində "xxxx" MMC-yə dəyəri 59686.00 ABŞ dolları dəyərində 5 gömrük bəyannaməsi üzrə 83220 kiloqram meyvə məhsulları ixrac etmişdir. İş materiallarında olan Şəxs MMC-nin etirazından görünür ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsi tərəfindən Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə 19 dekabr 2022-ci il tarixli, ******* nömrəli protokol tərtib edilərək baxılması üçün Qusar Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokola görə Şəxs MMC tərəfindən 2021-ci il tarixdə 5 gömrük bəyannaməsi üzrə Şimal Ərazi Baş Gömrük İdarəsində rəsmiləşdirərək ixrac etdiyi yüklərin müqabilində köçürülməli olan 59686 ABŞ dolları (101466,20 manat) məbləğində vəsaitdən 1 gömrük bəyannaməsi üzrə 1086 ABŞ dolları (1846,20 manat) məbləğində vəsait MMC-nin müvəkkil olunmuş bank hesabına köçürülməmişdir. İnzibati xəta haqqında protokolla ona etiraz edərək hesab edir ki, Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi olmadığı üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Şəxs MMC ilə Rusiya Federasiyasında fəaliyyət göstərən "xxxx" MMC arasında xx.xx.2021-ci il tarixdə bağlanmış 260821/1 nömrəli alqı-satqı müqaviləsinə əsasən ümumi dəyəri 59686,00 ABŞ dolları (101466,20 manat) olan 83220 kiloqram meyvə məhsulları 2021-ci ilin sentyabrında 5 gömrük bəyannaməsi ilə rəsmiləşdirildikdən sonra Rusiyaya ixrac edilmişdir. Mallar oktyabr ayında alıcıya təhvil verilmişdir. Ümumilikdə alıcıya təqdim edilən 83220 kiloqram meyvə məhsulunun 1670 kiloqramı xarab olmuşdur. Belə ki, ixrac olunan meyvə məhsulu Rusiya Federasiyası tərəfindən tətbiq edilən bürokratik əngəllər, yəni əlavə yoxlama prosedurları səbəbindən, eləcə də meyvə məhsulunun xüsusi saxlama şəraiti nəzərə alınmaqla uzun müddət yolda qaldığından xarab olmuşdur. Alıcı qarşılıqlı razılaşmaya əsasən həmin keyfiyyət qüsuru aşkar edilmiş məhsulu təhvil almamış və bu səbəbdən də dəyərini onlara ödəməmişdir. Bununla bağlı 12 oktyabr 2021-ci il tarixində tərəflər akt tərtib etmişlər. Həmin aktın mətnində də qeyd edilmişdir ki, tərəflər arasında imzalanmış xx.xx.2021-ci il tarixli 260821/1 nömrəli alqı-satqı müqaviləsinin 6-cı bəndində qeyd olunmuşdur ki, alıcı malları təhvil alarkən yoxlayaraq qüsur və keyfiyyətdə nöqsan aşkar edərsə malı təhvil almaqdan imtina etmək hüququna malikdir. Daha sonra təqdim edilən malların müqabilində ödənilməli olan 58600 ABŞ dolları (99620 manat) məbləğində vəsait qarşılıqlı razılaşmaya uyğun olaraq xx.xx.2022-ci il tarixdə Şəxs MMC-nin müvəkkil bank hesabına köçürülmüşdür. Yerdə qalan 1086 ABŞ dolları (1846,20 manat) məbləğində meyvə məhsulu xarab olduğu üçün onun dəyəri onlara ödənilməmişdir. Qeyd olunanlar da aydın olur ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş 19 dekabr 2022-ci il tarixli, ******* nömrəli protokolun mətnində 1 gömrük bəyannaməsi üzrə MMC-nin müvəkkil bankda olan hesabına köçürülməmiş olaraq göstərilmiş 1086 ABŞ dolları (1846,20 manat) məbləğində ixrac etdikləri meyvə məhsullarının dəyəri Şəxs MMC-nin iradəsindən asılı olmayan səbəbdən, yəni həmin dəyərdəki meyvə məhsulları xarab olduğu üçün onların müqabilində köçürülməli olan vəsaitlər müvəkkil bankda olan hesablara köçürülməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair» 17 may 2021 -ci il tarixli Qərarında da qeyd olunmuşdur ki, müvəkkil banklara köçürülməli olan xarici valyuta vəsaitinin geri qaytarılmaması xarici iqtisadi fəaliyyətin subyektindən asılı olmayan səbəblərdən baş verdikdə, yəni subyektin hərəkət və ya hərəkətsizliyinin nəticəsi olmadıqda, şəxs təqsirsiz olduğundan həmin vəsaitlərin qaytarılmamasına görə İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Bəzi hallarda hüquqi və fiziki şəxslərin ixrac etdikləri malların (islərin, xidmətlərin) müqabilində vəsaitlərin müvəkkil bankda olan hesablara köçürülməsi şəxsin iradəsindən asılı olmayan səbəblərdən (məsələn qarşı tərəfin öhdəliyi icra etməməsi və s.) bas tutmaya və ya qanunvericilikdə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər. Buna görə məhkəmə isin bu hallarını şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirməlidir. Konstitusiya Məhkəməsinin bu mövqeyinə görə də hazırki məsələ ilə bağlı Şəxs MMC-nin ixrac etdiyi malların xarab olan qisminə görə vəsaitin köçürülməməsi onun iradəsindən asılı olmayan səbəbə görə baş tutmamışdır. Bu isə inzibati xəta tərkibinin və ümumiyyətlə inzibati xəta hadisəsinin olmamasının göstəricisidir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Şəxs MMC ilə "xxxx" MMC arasında müqavilə bağlanmış və Şəxs MMC tərəfindən həmin hesabına 1 bəyannamə əsasında pul qaytarmamışdır. Akt bağlanaraq satışa yararsız mallar təhvil alınmamışdır. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsi tərəfindən 1 bəyannamə əsasında bağlanmış müqavilələr, tam araşdırılmamış, sənədlər nəzərə alınmamışdır. Şəxs MMC-nin tərəfindən qayda pozuntusunun halları tam araşdırılmamışdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2021-ci il tarixli təhvil-təslim zamanı aşkar olunan qüsurlar haqqında Aktdan görünür ki, xx.xx.2021-ci il tarixli "xxxx" MMC və Şəxs MMC arasında bağlanılmış 260821/1 nömrəli ixrac müqaviləsi üzrə təhvil verilməli olan 83,220 kq məhsulun keyfiyyəti və beynəlxalq standartlara uyğunluğu Alıcı və Satıcının səlahiyyətli nümayəndələri tərəfindən seçmə qaydada yoxlanılmışdır. Alıcı tərəf ümumilikdə 83,220 kq məhsuldan 1670 kq-ın keyfiyyətinə etiraz etmiş və təhvil almaqdan imtina etmişdir. Belə ki, malların bir ölkədən digər ölkəyə gətirilməsi müəyyən zaman müddətində gerçəkləşdiyindən, gömrükdəki yoxlamalar və digər prosedurların da vaxt aparması malın yararlılıq müddətinin keçməsinə səbəb olduğundan malların müəyyən bir qismi çürümüş və istifadəyə yararsız hala düşmüşdür. Tərəflər arasında imzalanmış xx.xx.2021-ci il tarixli ixrac müqaviləsinin 6-cı bəndində qeyd olunmuşdur ki, alıcı malları təhvil alarkən yoxlayaraq qüsur və keyfiyyətdə nöqsan aşkar edərsə malı təhvil almaqdan etiraz etmək hüququna malikdir. Satıcı təhvil verdiyi maldaki qüsuru qəbul etmişdir. Alıcı tərəfindən təhvil alınmış malın əvəzində ödənilməli olan ümumilikdə 83,220 kq məhsul üçün razılaşdırılmış 59686,00 ABŞ dolları (101466,20 manat) məbləğin 1670 kq məhsulun dəyəri olan 1086 ABŞ dolları (1846 manat) məbləği alıcı ödəməkdən imtina etmişdir. Belə ki, alıcı həmin dəyərdə olan yararsız məhsulu qəbul etməkdən imtina etmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsi tərəfindən aktda olan hallar araşdırılmadan inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs MMC-nin təqdim etdiyi hallar üzrə ekspertizalar təyin edilməmiş, məhsulun dəyəri müəyyən edilməmişdir. Şəxs MMCnın müvəkkil olduğu banka 1086 ABŞ dolları (1846 manat) məbləğində olan pulun niyə ölkəyə daxil olmaması qeyd etməmişdir. Həmin pul məbləğin niyə ölkəyə qaytarılmaması araşdırılmamış, sorğular verilməmiş, işin halları hərtərəfli araşdırılmamış, MMC-nin nümayəndəsindən izahat alınmamışdır. Azərbaycan Respublikasının İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-nin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 75.0, 75.0.2, 75.0.3, 75.0.6-cı maddələrinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür fakti məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir.. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə əsasən Xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə-inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Göründüyü kimi, hazırkı halda isə Şəxs MMC tərəfindən ixrac edilmiş mallarının akta uyğun məhv edildiyi qeyd edilmiş və hər hansı qalıq qalmamışdır. xx.xx.2021-ci ildə məlum mallar ixrac olunmasına baxmayaraq, həmin mallar satışa yararsız olduğu üçün məhv edilmiş, bunu aralarında bağlamış akt ilə də sübuta yetirilmişdir. Həmin fakt araşdırılmadan əsassız olaraq hazırkı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bununla da, Şəxs MMC-nin tərəfindən İXM-nin 483-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi təqdim edilmiş sənədlərlə öz təsdiqini tapmamış, əksinə təkzib olunmuşdur. Həmçinin, protokolu tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gələrək Şəxs MMC-nin təqsirli olmasını sübuta yetirməmişdir. Ona görə də, həmin MMC ona istinad olunan əməl barəsində təqsirsiz sayılmalıdır. Həmin Məcəllənin 57.2-ci maddəsinə əsasən sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Həmin Məcəllənin 57.5.1-57.5.21-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə sənəd bu Məcəllənin 57.2-ci maddəsində nəzərdə tutulmuş hallarda ünvan sahibinə şəxsən verildiyi vaxtdan, bu Məcəllənin 57.3-cü maddəsində nəzərdə tutulmuş hallarda, ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə şəxsən verildiyi vaxtdan rəsmi qaydada verilmiş hesab edilir. Məhkəməyə daxil olmuş inzibati xəta haqqında iş materiallarından isə Şəxs MMC-yə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair tərtib edilmiş xx.xx.2022-ci il tarixli, № 01400-04911/22 saylı protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndəriləcəyinə dair bildirişin qanunvericilikdə nəzərdə tutulmuş qaydada Şəxs MMC-nə göndərilmədiyi müəyyən olunur. Belə ki, iş materiallarına Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə lazımi qaydada məlumatlandırılmasına dair bildiriş, həmin bildirişin Azərbaycan Respublikası İXM-nin 57.1-ci maddəsinə əsasən sifarişli poçt göndərişi ilə Şəxs MMC-nə göndərildiyini və sonuncunun nümayəndələrindən birinin göndərilmiş bildirişi müvafiq qəbzə imza etməklə qəbul etmələrini təsdiq edən heç bir sənəd əlavə edilməmişdir. Azərbaycan Respublikasının İXM-nin 53.1, 53.0.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2, 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, iş materiallarını tam şəkildə tədqiq edərək hesab edirəm ki, hazırkı iş üzrə hüquqi şəxs Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi olmadığından onun barəsində Azərbaycan Respublikasının İXM-nin 483-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8, 53, 75, 76, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Əməlində inzibati xəta tərkibi olmadığından hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Hakim: Əli Cəlilov
Məhkəmə qərarları › İş №3(029)-16/2023
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-16/2023
16.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver