Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-160/2021 06.04.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X1, Qusar rayon Polis Şöbəsinin İTB-nin YYÇ-la profilaktiki işin təşkili qurupunun inspektoru polis baş leytenantı X5 iştirakları ilə Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X1 Qusar rayon Polis Şöbəsinin xx xxxxxx 2021-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Qusar rayon Polis Şöbəsinin xx xxxxxx 2021-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə X3 Azərbaycan Respublikasının İXM-nin 211.2-ci maddəsi ilə təqsirli bilinib 100 (yüz) manat məbləğində cərimə edilmişdir. X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək həmin qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdır. X3 şikayəti onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 2021-ci il tarixdə Qusar şəhəri Ç.Qurbanov küçəsində yerləşən “Pioner” marketində alış-veriş edərkən tanımadığı iki nəfər polis nəfəri ona yaxınlaşaraq tibbi maska taxmadığına görə karantin qaydalarını pozduğunu bildirmiş, həmin vaxt o, tibbi maska taxmasa da, şərflə sifət nahiyəsini bağlamışdır. O, həmin polis nəfərlərinə bildirmişdir ki, o, xx xxxx 2020-ci il tarixdə Bakı şəhərində burnunda olan deformasiya və tənəffüs problemlərinə görə estetik burun əməliyyatı olunmuş və müalicə həkiminin göstərişinə əsasən əməliyyatdan sonra bil il müddətində-yəni xx xxxx 2021-ci il tarixinə kimi ona tibbi maska taxmaq qadağan edilmişdir. Sonra isə üstündə gəzdirdiyi əməliyyat olunmağı barədə və həkim məsləhəti barədə sənədləri həmin polis nəfərlərinə təqdim etmişdir. Polis nəfərlərindən biri təqdim etdiyi sənədlərə baxaraq onun barəsində inzibati tədbir görülməyəcəyini bildirmişdir. xx xxxx 2021-ci il tarixdə Qusar rayon İcra və Probasiya Şöbəsindən onun mobil telefonuna zəng edilərək şöbəyə gəlməsini bildirmişlər. O, da dərhal həmin şöbəyə getmiş və ona bildirmişlər ki, o, Azərbaycan Respublikasının İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 100 manat məbləğində cərimə edilmişdir. O, xx xxxx 2021-ci il tarixdə ərizə ilə Qusar RPŞ-nə müraciət edərək qeyd olunan qərarın surətinin verilməsini xahiş edəndən sonra ona xx.xx.2021-ci il tarixli 149-5661T-3221 saylı məktubla barəsində qəbul edilmiş xx.xx.2021-ci il tarixli MN-0568361 saylı qərarın surəti ünvanına göndərilmiş və xx.xx.2021-ci il tarixdə rəsmi qaydada ona verilmişdir. Hesab edir ki, Qusar RPŞ-nin onun barəsində qəbul etdiyi xx xxxxxx 2021-ci il tarixli MN-0568361 saylı qərarı ləğv edilməli və həmin inzibati material üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X3 şikayəti müdafiə etmiş və izahatında göstərmişdir ki, o, xx xxxxxx 2021-ci il tarixdə Qusar şəhəri Ç.Qurbanov küçəsində yerləşən “Pioner” marketə rəfiqəsi ilə birlikdə daxil olmuş və orada iki nəfər polis əməkdaşı onun şəklini çəkmişlər. Həmin vaxt o, tibbi maska taxmamış, lakin sifətini şərflə bağlamışdır. Həmçinin, o, həmin vaxt polis əməkdaşlarına bildirmişdir ki, onun maska taxmamağına icazəsi var, burnundan cərrahi əməliyyat olunmuş, onun üçün problem yaratmasınlar. O, marketdən çıxdıqdan sonra çantasından sənədləri çıxarıb Ballı adlı polis əməkdaşına təqdim etmiş, həmin şəxs sənədləri nəzərdən keçirmiş və daha sonra polis əməkdaşları “baxarıq” deyib getmişlər. Həmin vaxtdan sonra onun cərimə olunmasından xəbəri olmamış, Qusar rayon İcra və Probasiya şöbəsinə dəvət olunduqdan sonra bu barədə xəbər tutmuşdur. Sonradan ona məlum olmuşdur ki, o, xx xxxxxx 2021-ci il tarixdə cərimə olunmuşdur. Odur ki, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş Qusar rayon Polis Şöbəsinin İTB-nin YYÇ-la profilaktiki işin təşkili qurupunun inspektoru polis baş leytenantı X10 izahatında göstərmişdir ki, X3 xx xxxxxx 2021-ci il tarixdə rəfiqəsi ilə birlikdə Qusar şəhəri Ç.Qurbanov küçəsində yerləşən “Pioner” marketə tibbi maskadan istifadə etmədən daxil olmuş, iki nəfər polis əməkdaşı yaxınlaşaraq tibbi maskadan istifadə etməsini Vəfa Talıbovaya bildirmiş, sonuncu isə onlara kobud cavab vermişdir. Market ictimai yer olmaqla içərisində 20 nəfərə yaxın işçiləri, həmçinin müştərilər olur, maskadan istifadə edilməməsi koronovirus infeksiyasının yayılmasına səbəb ola bilər. İctimai yerlərdə tibbi maskadan istifadə edilməsinin məcburi olması barədə Nazirlər Kabinetinin müvafiq qərarı vardır, bu barədə icra nümayəndələri əhalini məlumatlandırırlar, həmçinin post partul xidmətinin əməkdaşları avtomobillə gəzərək mikrofonla əhaliyə bu barədə məlumat verirlər. Hər hansı şəxsə maska taxmamasına icazə verilməsi barədə Nazirlər Kabinetinin qərarında heç bir göstəriş yoxdur. Vəfa Talıbovanın burun əməliyyatı olunması səbəbindən maskadan istifadə etməməsi üzürlü sayıla bilməz, əgər o, həmin səbəbə görə tibbi maskadan istifadə edə bilməzdisə evdən bayıra çıxmamalı idi. Alınmalı nə olsa “102” xidmətinə zəng edib polis əməkdaşlarına bildirə və polis əməkdaşları ona həmin əşyaları çatdıra bilərdilər. Hadisə zamanı o, şəxsən orada olmamış, bu barədə həmin faktı aşkar etmiş polis əməkdaşları Qusar RPŞ-nə raportla müraciət etmişlər və o, həmin raport əsasında inzibati xəta haqqında protokol tərtib etmiş, həmçinin inzibati tənbeh tətbiq etmə barədə məlum qərarı qəbul etmişdir. Odur ki, şikayətin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid X6 izahatında göstərmişdir ki, o, Qusar RPŞ-nin İTB-nin polis sahə nəfəridir. xx xxxxxx 2021-ci il tarixdə Qusar şəhəri Ç.Qurbanov küçəsində polis nəfəri X7 ilə birlikdə xidmətdə olarkən həmin küçədə yerləşən “Pioner” marketdə adını sonradan bildiyi X1 tibbi maskadan istifadə etmədiyini, sifət nahiyəsində yalnız şərf olduğunu görmüşlər. Onlar həmin şəxsin şəklini çəkmişlər, yaxınlaşıb şəxsiyyətini müəyyən etmək istəmişlər, lakin həmin şəxs şəxsiyyətini təsdiq edən sənədi təqdim etməyərək Telmanın sinəsindən itələyib “sənə problem yaradaram, mənim böyük adamlarım var” demişdir. Vəfa Talıbova həmçinin onlara bildirmişdir ki, onun icazəsi vardır, həkim ona bildirmişdir ki, tibbi maskadan istifadə etmədən bayıra çıxmaq olar. Onlar isə bildirmişlər ki, tibbi maskadan istifadə etmək məcburidir, əgər xəstəliyi vardırsa evdən çıxmasın, alınmalı olan əşyaları başqası gəlib alsın. Daha sonra o və Telman Qəribov raportla rəhbərliyə müraciət etmişlər və Vəfa Talıbova tibbi maskadan istifadə etmədiyinə görə cərimə olunmuşdur. Hadisə zamanı Polis Şöbəsinin İTB-nin YYÇ-la profilaktiki işin təşkili qurupunun inspektoru X10 orada olmamışdır. Məhkəmə iclasında şahid, Qusar RPŞ-nin İTB-nin polis sahə nəfəri X8 şahid X6 ilə analoji izahat verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Şikayət ərizəsini nəzərdən keçirib, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Vəfa Talıbovanın, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş Qusar rayon Polis Şöbəsinin İTB-nin YYÇ-la profilaktiki işin təşkili qurupunun inspektoru Ramik Nəzərovun, həmçinin şahidlərin izahatlarını dinləyib, iş materiallarını hərtərəfli, tam və obyektiv araşdıraraq hesab edirəm ki, şikayət təmin edilməməlidir. Belə ki, işdə olan Qusar RPŞ-nin İTB-nin polis sahə rəisi vəzifəsini icra edən X10 tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli MN 0651695-84 saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, X1 xx.xx.2021-ci il tarixdə saat 16:50 radələrində Qusar rayon ərazisində yerləşən “Pioner” mağazasında qoruyucu maskadan istifadə etməyərək karantin qaydalarını pozduğu göstərilmişdir. İşdə olan Qusar RPŞ-nin İTB-nin polis sahə rəisi vəzifəsini icra edən X10 tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X3 xx.xx.2021-ci il tarixdə saat 16:50 radələrində Qusar rayon ərazisində yerləşən “Pioner” mağazasında qoruyucu maskadan istifadə etməyərək karantin qaydalarını pozduğuna görə Azərbaycan Respublikasının İXM-nin 211.2-ci maddəsi ilə təqsirli bilinib 100 manat məbləğində cərimə edilmişdir. İşdə olan “X4-Bakı” MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 603/20 saylı epikrizdən görünür ki, X2 xx.xx.2020-ci il tarixdə ETN altında “İkincili Septorinoplastika (oper:Seyid M)” icra edilmişdir. Xəstəyə bir il ərzində şərf, maska (tibbi), eynək taxılmaması məsləhət görülmüşdür. Beləliklə, iş materialları ilə, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Vəfa Talıbovanın özünün, barəsində qərar qəbul etmiş şəxsin və şahidlərin izahatları ilə müəyyən edilmişdir ki, həqiqətən də, xx.xx.2021-ci il tarixdə saat 16:50 radələrində Qusar şəhəri Ç.Qurbanov küçəsində yerləşən “Pioner” marketdə X3 tibbi maskadan istifadə etməmiş, yalnız sifət nahiyəsini şərflə bağlamışdır. Bununla da, Vəfa Talıbova ölkədə tətbiq edilən xüsusi karantin rejimi dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələbləri pozmuş və həmin hərəkəti ilə Azərbaycan Respublikasının İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Belə ki, müvafiq icra hakimiyyəti orqanı tərəfindən xüsusi karantin rejimi dövründə ictimai yerlərdə tibbi maskadan istifadə edilməsi məcburi şərt kimi nəzərdə tutulmuş, həmin tələbin pozulması isə inzibati məsuliyyətə səbəb olur. Hər hansı şəxsə tibbi maskadan istifadə etməməsinə icazə verilməsi barədə istisna hallar isə nəzərdə tutulmamışdır. Vəfa Talıbovanın burun nahiyəsindən cərrahi əməliyyat olunması və bununla əlaqədar həkim tərəfindən ona tibbi maskadan istifadə etməməsinin məsləhət görülməsi isə onun inzibati məsuliyyətini aradan qaldıran hal kimi qəbul edilə bilməz, tibbi maskadan istifadə qaydalarında belə hal nəzərdə tutulmamışdır. “Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2020-ci il tarixli 189 saylı Qərarının 1, 1.2-ci bəndlərində göstərilmişdir ki, Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə aşağıda qeyd edilən hallarda sosial məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2 metr) şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməlidir: bazarlarda, qapalı ictimai iaşə, ticarət və xidmət obyektlərində (həmin obyektlərdə göstərilən xidmət növündən asılı olaraq tənəffüs yollarını qoruyan fərdi vasitələrin çıxarılmasının zəruri olduğu hallar istisna olmaqla). Həmin Qərarın 3-cü bəndində göstərilmişdir ki, bu Qərarın 1-ci hissəsinin tələblərinin pozulması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. “Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2020-ci il tarixli 451 saylı Qərarının 1-ci bəndində göstərilmişdir ki, müəyyən edilsin ki, Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə açıq havadakı ictimai yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və s.) istifadə edilməsi məcburidir. Həmin Qərarın 2-ci bəndində göstərilmişdir ki, bu Qərarın 1-ci hissəsinin tələblərinin pozulması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikasının İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1, 135.1.1-135.1.4-cü maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Həmin Məcəllənin 211.2-ci maddəsinə əsasən epidemiya əleyhinə rejim, sanitariyagigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə-fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir. Beləliklə, iş materiallarını tam şəkildə araşdıraraq hesab edirəm ki, hazırkı inzibati xəta haqqında işə baxmış və inzibati qərar qəbul etmiş Qusar rayon Polis Şöbəsi tərəfindən X1 barəsində Azərbaycan Respublikasının İXM-nin 211.2-ci maddəsi ilə xx xxxxxx 2021-ci il tarixli MN 0651695-84 saylı inzibati xəta haqqında protokol tərtib edilərkən İXM-nin tələblərinə tam əməl olunmuş, Vəfa Talıbovanın həmin xətanı törətməkdə təqsirli olması həmin şəxsin özünün, həmçinin hadisəni görmüş şahidlərin izahatları ilə, eləcə də, işdə olan digər mötəbər sübutlarla sübuta yetirilmiş və bununla da, həmin protokol əsasında həmin şöbə tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli MN ******* saylı qərar tam qanuni və əsaslı olmuşdur. İşə baxılarkən və qərar qəbul edilərkən İXM-nin 135.1-ci maddəsində sadalanan, inzibati xəta haqqında qərarın dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas olan halların heç birinə yol verilməmişdir. Odur ki, hesab edirəm ki, şikayət təmin edilməməli, Qusar rayon Polis Şöbəsi tərəfindən qəbul edilmiş yuxarıda göstərilən məlum qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şikayət təmin edilməsin. Qusar rayon Polis Şöbəsinin xx xxxxxx 2021-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan Apelyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №3(029)-160/2021
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-160/2021
06.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver