Məhkəmə qərarları › İş №3(029)-172/2022

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-172/2022

28.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-172/2022 28.04.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi Vəliyev Adil Yaqub oğlu, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Qusar rayon İcra və Probasiya şöbəsinin icra məmuru 2-ci dərəcəli ədliyyə qulluqçusu X12 oğlunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1989-cu ildə Qusar rayonu Kirig kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Qusar rayonu Həzrə kənd uşaq bağçasında əvəzləyici fəhlə işləyən Şəxs haqqında Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə Qusar rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, Müəyyən etdim: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Qusar rayon məhkəməsinin 2(029)-666/2020 saylı 06.11.2020-ci il tarixli icra sənədinə əsasən X1 borclu Şəxs ilə birgə nikahlarından olan uşaqları ilə görüşünə Şəxs qərəzli olaraq maneəçilik törədir və qərarı icra etmir. Həmin faktla bağlı Qusar rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə 28.04.2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Qusar rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 inzibati xəta haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək izahatında göstərmişdir ki, Qusar rayon məhkəməsinin 2(029)-666/2020 saylı 06.11.2020-ci il tarixli icra sənədinə əsasən X2 cavabdeh X4 ilə birgə nikahlarından anadan olmuş 20.08.2011-ci il təvəllüdlü X6 və 17 iyul 2013-cu il təvəllüdlü X8 ilə hər ayın birinci və üçüncü həftəsinin şənbə günləri saat 10:00-dan bazar günləri saat 17:00-dək görüş vaxtı təyin edilmiş və görüş yeri kimi iddiaçının yaşadığı Qusar rayonu Kirig kəndindəki fərdi yaşayış evi müəyyən olunmuşdur. İcra sənədinin icrası ilə bağlı dörd dəfə icra tədbiri təyin edilmişdir. Hər icra tədbirinə psixoloq dəvət olunmuşdur. Sonuncu dəfə icra sənədinin icrası ilə bağlı 11.04.2022-ci il tarixdə icra tədbiri təyin edilmiş, onun və psixoloqun iştirakı ilə borclunun yaşadığı ünvana gedilmiş, orada tələbkarla borclu bir-biri ilə mübahisə etdiklərinə görə uşaqlar öz ataları ilə görüşdən qorxaraq imtina etmişlər, icra tədbiri baş tutmamışdır. Həmin vaxt borclu Şəxs uşaqların ataları ilə görüşmələrinə mane olmamış, uşaqlara ataları ilə görüşmələrini desə də, uşaqlar bundan imtina etmişlər, hətta uşaqlardan biri qaçaraq ağaca dırmaşmış, digəri isə ağlamışdır. Tərəflərin və psixoloqun iştirakları ilə uşaqlarla söhbət aparılmışdır. Tərəflər münaqişəlidir, icra tədbirləri zamanı bir-birini qarşılıqlı təhqir edirlər. Uşaqlarda ana tərəfindən ataya qarşı nifrət və qorxu hissinin oyadılması barədə psixoloqun rəyi vardır. İcra sənədi icra olunmadığına görə tələbkar Riad Məhərrəmov Ədliyyə Nazirliyinə şikayət etmiş, bu səbəbdən də, borclu Şəxs barəsində hazırkı protokol tərtib edilmişdir. Odur ki, həmin şəxsin barəsində qanuni qərar verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməmiş və izahatında göstərmişdir ki, Qusar rayon məhkəməsinin 2(029)-666/2020 saylı 06.11.2020-ci il tarixli icra sənədinə əsasən X2 onunla birgə nikahlarından anadan olmuş 20.08.2011-ci il təvəllüdlü X6 və 17 iyul 2013-cu il təvəllüdlü X8 ilə hər ayın birinci və üçüncü həftəsinin şənbə günləri saat 10:00-dan bazar günləri saat 17:00-dək görüş vaxtı təyin olunmuş və görüş yeri kimi iddiaçının yaşadığı Qusar rayonu Kirig kəndindəki fərdi yaşayış evi müəyyən olunmuşdur. O, uşaqların ataları ilə görüşməsinə heç vaxt maneəçilik törətməmişdir. Tələbkar əvvəllər uşaqlarla görüşmüş, uşaqlar bir həftə atalarının yanında qalmışlar. Bundan sonra o, uşaqlarının təhsili ilə maraqlanmaq üçün onların oxuduqları məktəbə getmiş, orada uşaqlar bir daha atalarının evinə getmək istəmədiklərini, onları özünün yaşadığı evə aparmasını təkid etmişlər. Ona görə də, o, uşaqları məktəbdən götürüb öz evinə aparmış, bundan qısa müddət keçdikdən sonra, keçmiş qaynanası polis əməkdaşları ilə onun həyətinə gələrək guya onun uşaqları qaçırdığını bildirmişdir. Təxminən 2020-ci ilin sentyabr ayında Riad Məhərrəmov uşaqlar məktəbdən evə qayıdan zaman onların üstünə avtomobil sürmüş, uşaqları güclə avtomobilə əyləşdirərək evinə aparmış, otaqda saxlayıb qapını bağlamışdır. Bu hadisədən sonra uşaqlar atalarından qorxmuşlar, onunla görüşməkdəm imtina etmişlər. Bir ildir ki, Riad Məhərrəmov uşaqlarla görüşə gəlməmiş, başqa qadınla ailə həyatı qurmuş, həmin qadın tələbkarın evinə özü ilə yaşı onun uşaqlarından artıq olan bir uşaq da gətirmiş, onun uşaqları isə bundan qıcıqlanaraq həmin uşaq orada olduğuna görə atalarının yanına getmək istəməmişlər. Sonuncu görüşdə o, uşaqlarına demişdir ki, Riad onların atalarıdır, onunla görüşsünlər, ataları ilə parka gəzməyə getsinlər. Həmin vaxt uşaqlar ağlamış, hətta uşaqlardan biri atası ilə görüşməmək üçün ağaca dırmaşmışdır. Orada icra məmuru da uşaqlarla söhbət edərək onlara atalarının yanına getmələrini demiş, lakin uşaqlar bundan iimtina etmişlər. Onun tərəfindən uşaqlara heç bir təsir göstərilməmiş, uşaqlar özləri ataları ilə görüşməkən imtina edirlər. O, həmin uşaqları özü təlkəbkarın evinə apara bilər, lakin orada olan keçmiş qaynanası əvvəllər ona qarşı çoxlu haqsızlıqlar etdiyinə görə ondan acığı var, ona görə də, həmin evə getmək istəmir. Riad istədiyi vaxt gəlib uşaqlarla görüşə bilər, harasa apara da bilər, buna heç bir etirazı yoxdur. O, heç bir inzibati xəta törətməmiş, heç bir təqsiri yoxdur. Odur ki, barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarını nəzərdən keçirib, protokolu tərtib etmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib hesab edirəm ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata aşağıdakı əsaslara görə xitam verilməlidir. Belə ki, iş materiallarında olan Qusar rayon məhkəməsinin 2(029)-666/2020 saylı 06.11.2020-ci il tarixli icra sənədinə əsasən X2, X4 ilə birgə nikahlarından anadan olmuş 20.08.2011-ci il təvəllüdlü X6 və 17 iyul 2013-cu il təvəllüdlü X8 ilə hər ayın birinci və üçüncü həftəsinin şənbə günləri saat 10:00-dan bazar günləri saat 17:00-dək görüş vaxtı təyin edilmiş və görüş yeri kimi Riad Məhərrəmovun yaşadığı Qusar rayonu Kirig kəndindəki fərdi yaşayış evi müəyyən olunmuşdur. İş materiallarında olan Qusar rayon İcra və Probasiya Şöbəsi tərəfindən borclu Şəxs ünvanlanmış 22.01.2021-ci il tarixli 258/2021 saylı bildirişin və eyni tarixli qərarın surətlərindən görünür ki, Qusar rayon məhkəməsinin 2(029)-666/2020 saylı 06.11.2020-ci il tarixli icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün həmin şəxsə 10 gün müddət verilmişdir. İş materiallarında olan borclu Şəxs Qusar rayon İcra və Probasiya Şöbəsinə verdiyi 21.04.2022-ci il tarixli izahatından görünür ki, X2 onunla birgə nikahlarından anadan olmuş 20.08.2011-ci il təvəllüdlü X6 və 17 iyul 2013-cu il təvəllüdlü X8 ilə hər ayın birinci və üçüncü həftəsinin şənbə günləri saat 10:00-dan bazar günləri saat 17:00-dək görüş vaxtı təyin edilmiş və görüş yeri kimi iddiaçının yaşadığı Qusar rayonu Kirig kəndindəki fərdi yaşayış evi müəyyən olunmuşdur. O, uşaqların ataları ilə görüşünə heç bir maneçilik törətmir, lakin uşaqlar ataları ilə görüşdən özləri imtina edirlər. İş matariallarında olan 19.02.2021-ci il tarixli Aktdan görünür ki, Qusar rayon məhkəməsinin 2(029)-666/2020 saylı 06.11.2020-ci il tarixli icra sənədinə əsasən 19.02.2021-ci il tarixdə saat 15:00-da Qusar rayon İcra və Probasiya şöbəsinin inzibati binasında icra tədbiri təyin edilmişdir. İcra tədbiri başlamış və tərəflərə onların hüquqları izah olunmuşdur. İcra tədbiri zamanı X6 və X8 ilə, icra tədbirinə dəvət edilmiş psixoloq müvafiq söhbətlər aparmış, lakin uşaqlar ataları ilə görüşmədən imtina etmişlər. Müvafiq söhbətlərin aparılmasına baxmayaraq uşaqlar ağlayaraq ataları ilə görüşməkdən imtina etmişlər. İcra tədbiri baş tutmamışdır. İş matariallarında olan 07.04.2021-ci il tarixli Aktdan görünür ki, Qusar rayon məhkəməsinin 2(029)-666/2020 saylı 06.11.2020-ci il tarixli icra sənədinə əsasən 07.04.2021-ci il tarixdə saat 15:00-da Qusar rayon İcra və Probasiya şöbəsinin inzibati binasında icra tədbiri təyin edilmişdir. İcra tədbiri başlamış və tərəflərə onların hüquqları izah olunmuşdur. İcra tədbiri zamanı X6 və X8 ilə, icra tədbirinə dəvət edilmiş psixoloq müvafiq söhbətlər aparmışdır. Aparılan söhbətlərə baxmayaraq uşaqlar ataları X5 ilə ünsiyyətdə olmaqdan imtina etmiş və icra tədbiri baş tutmamışdır. İş matariallarında olan 02.06.2021-ci il tarixli Aktdan görünür ki, Qusar rayon məhkəməsinin 2(029)-666/2020 saylı 06.11.2020-ci il tarixli icra sənədinə əsasən 02.06.2021-ci il tarixdə saat 15:00-da Qusar rayon İcra və Probasiya şöbəsinin inzibati binasında icra tədbiri təyin edilmişdir. İcra tədbiri başlamış və tərəflərə onların hüquqları izah olunmuşdur. İcra tədbiri zamanı X6 və X8 ilə, icra tədbirinə dəvət edilmiş mütəxəssis müvafiq söhbətlər aparmış, lakin uşaqlar ataları ilə görüşməkdən imtina etmişlər. Dəfələrlə aparılan psixoloji söhbətlərə baxmayaraq icra tədbiri baş tutmamışdır. İş matariallarında olan 11.04.2022-ci il tarixli Aktdan görünür ki, Qusar rayon məhkəməsinin 2(029)-666/2020 saylı 06.11.2020-ci il tarixli icra sənədinə əsasən 11.04.2021-ci il tarixdə Qusar rayon İcra və Probasiya şöbəsinin inzibati binasında icra tədbiri təyin edilmişdir. İcra tədbiri başlamış və tərəflərə onların hüquqları izah olunmuşdur. İcra tədbiri zamanı X6 və X8 ataları ilə bir otaqda psixoloqun iştirakı ilə söhbət aparılmışdır. Lakin, uşaqlar ataları ilə getməkdən imtina etmişdir. Görüş baş tutmamışdır. Borclu uşaqlarda ataya qarşı qorxu və nifrət hiss oyatmış və qərarın icrasına maneçilik törədir. İş materiallarında olan Qusar rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının TK/12 saylı 22 aprel 2022-ci il tarixli rəyindən görünür ki, uşaqlarla fərdi qaydada söhbət əsnasında məlum olmuşdur ki, Telman və Həmid adlı uşaqlarda ataya qarşı anaları tərəfindən təsir göstərilmiş və nifrət, qorxu hissi oyadılmışdır. Odur ki, uşaqlar ataları ilə görüşdən və onunla birgə vaxt keçirməkdən imtina edirlər. Hesab edirlər ki, əgər evdə uşaqlara ana tərəfindən ataya qarşı istək, hörmət hissləri aşılanarsa və uşaqlar davamlı nifrət ruhunda tərbiyə olunmazsa ata ilə görüşdən imtina etməzlər. Bütün icra tədbirlərinin gedişi zamanı şahid olmuşlar ki, həm borclu, həm də tələbkar tərəf bir-birilərini qarşılıqlı şəkildə uşaqların yanında alçaldıcı ifadələrlə təhqir etdiklərinə görə uşaqlarda ataya qarşı qorxu və mənfi imic formalaşmışdır. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 28.4-cü maddsəsinə əsasən icra sənədinə əsasən müəyyən hərəkətləri etməli (icra sənədində göstərilmiş pul vəsaitini və başqa əmlakı verməli, digər vəzifələri yerinə yetirməli və ya qadağalara əməl etməli) olan və yaxud müəyyən hərəkətləri etməkdən çəkinməli olan fiziki və ya hüquqi şəxs borclu sayılır. Həmin Qanunun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Azərbaycan Respublikasının İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 100.1, 100.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolda inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti göstərilir. Həmin Məcəllənin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi, Qusar rayon məhkəməsinin 2(029)-666/2020 saylı 06.11.2020-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs müəyyən hərəkətləri etməkdən çəkinməli-yəni icra sənədində göstərilən qaydada tələbkar Riad Məhərrəmovun azyaşları uşaqları ilə ünsiyyətinə və görüşünə maneçilik törətməməlidir. Belə bir maneçiliyin törədilməsi isə borclunun inzibati məsuliyyətinə səbəb olur. Lakin, hazırkı halda, borclu Şəxs tələbkar Riad Məhərrəmovun azyaşlı uşaqlarla görüşünə hər hansı şəkildə maneçilik törətməmiş, əksinə yanında yaşayan uşaqları təyin olunmuş vaxtda, təyin olunmuş yerə aparmış, lakin uşaqlar öz ataları ilə görüşdən özləri imtina etmişlər. Bununla da, Şəxs yuxarıda göstərilən icra sənədinin icrasına maneçilik törətməsi məhkəmə iclasında öz təsdiqini tapmamış, Qusar İcra və Probasiya şöbəsi tərəfindən bu barədə məhkəməyə heç bir sübut təqdim edilməmişdir. İnzibati xəta haqqında protokola əlavə olunmuş Qusar rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının TK/12 saylı 22 aprel 2022-ci il tarixli rəyi isə borclunun icra sənədinin icrasından boyun qaçırmasını və ya buna maneçilik törətməsini təsdiq edən sübut kimi qəbul edilə bilməz. Belə ki, həmin rəy qanunamüvafiq qaydada tərtib edilməmiş, ziddiyyətlidir, dolğun olmamaqla natamamdır, əsaslandırılmamışdır. Odur ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi məhkəmədə öz təsdiqini tapmamış, əksinə təqdim olunmuş sənədlərlə və izahat vermiş şəxslərin izahatları ilə təkzib olunmuşdur. Bundan başqa, inzibati xəta haqqında protokolu tərtib etmiş Azər Nəcəfov da məhkəmə iclasında borclu tərəfindən icra sənədinin icrasına, tələbkarın uşaqlarla görüşünə maneçilik törədilməməsini, uşaqların özlərinin bundan imtina etdiyini, inzibati xəta haqqında protokolu isə tələbkarın Ədliyyə Nazirliyinə şikayət etməsi səbəbindən tərtib etdiyini bildirmişdir. Odur ki, Şəxs əməlində İXM-nin 528.1-ci maddəsinin tərkib əlamətləri yoxdur və o, inzibati məsuliyyətə cəlb oluna bilməz. Azərbaycan Respublikasının İXM-nin 53.1, 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 75.0, 75.0.2, 75.0.3, 75.0.6-cı maddələrinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 114.2, 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, iş materiallarını tam şəkildə tədqiq edərək hesab edirəm ki, hazırkı iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8, 53, 75, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldım: Əməlində inzibati xəta tərkibi olmadığından Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Qusar rayon Məhkəməsinin hakimi: Adil Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar