Məhkəmə qərarları › İş №3(029)-18/2024

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-18/2024

29.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-18/2024 29.01.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi X3, məhkəmə iclas katibi Əliyev Rahib Malik oğlunun katibliyi ilə xx xxxxxxxx 2002-ci ildə Naxçıvan MR Culfa rayonu Xanağa kəndində anadan olmuş, Culfa rayonu Xanəgah kəndində qeydiyyatda olmaqla Abşeron rayonu Masazır qəsəbəsi Qurtuluş-93 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə Qusar rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdim: Şəxs xx.xx.2024-cü il tarixdə Qusar şəhəri ərazisində “444” kafesinin qarşısında polis əməkdaşlarının nalayiq ifadələr işlətməklə onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. Həmin faktla bağlı Qusar RPŞ-nin İTB-nin polis sahə rəisi X1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələri ilə MN ******* saylı xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, o, xx.xx.2024-cü il tarixdə dostu Ramalla birlikdə dostunun idarə etdiyi “Niva” markalı avtomobillə Qusar rayonu Ləzə kəndinə istirahətə gəlmişdir. Yolun buzlu olması ilə bağlı avtomobil yoldan çıxıb yol kənarındakı maneəyə dəymişdir. Bundan sonra onlar həmin avtomobillə Qusar şəhərinə gəlmişlər. Qusar şəhəri ərazisində “444” kafesinin qarşısında onları polis əməkdaşları saxlamışlar. O, hadisənin təsirindən gərgin və əsəbi olduğundan polis əməkdaşlarının tələblərinə tabe olmayaraq dostu ilə birlikdə onlara etiraz edərək avtomobili duracağa aparmasına mane olmuşdur. Lakin, o, həmin vaxt heç bir söyüş söyməmişdir. Hazırda o, törətdiyi əməlindən peşmandır, səhv etmişdir. Odur ki, barəsində cərimə tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Beləliklə, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması və bununla da, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir. Bununla belə məhkəmənin qənaətinə görə Şəxs həmin hərəkətləri İXM-nin 535.1-ci maddəsi ilə tam əhatə olunur və onun barəsində əlavə olaraq İXM-nin 510-cu maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması əsaslı deyildir. Belə ki, iş materialları ilə, o cümlədən məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Şəxs həmin hərəkətləri ictimai qaydanın pozulması ilə müşayiət olunmamış, yalnız polis əməkdaşları ilə olan münasibətləri çərçivəsində onlara qarşı etirazını və narazılığını aqressiv şəkildə ifadə etmişdir. Belə olan halda, məhkəmə həmin şəxsin əməlini Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tövsif edərək hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinməli və barəsində İXM-nin 535.1-ci maddəsi ilə müəyyən edilmiş sanksiya çərçivəsində inzibati tənbeh tətbiq edilməlidir. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, onun əməlindən səmimi peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi qəbul edilir, məsuliyyəti ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, işdə məsuliyyəti yüngülləşdirən halı və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh tədbiri olaraq cərimə tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. İşin materiallarına görə Şəxs xx.xx.2024-cü il tarixdə saat 21:05-də inzibati qaydada tutulmuş, xx.xx.2024-cü il tarixdə saat 14:00-da azad olunmuşdur. Belə olan halda məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.4-cü maddəsinin tələblərinə uyğun inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, həmin normaya görə inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldım: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib, 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Hakim: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar