Məhkəmə qərarları › İş №3(029)-181/2024

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-181/2024

05.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-181/2024 05.08.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi X12 oğlunun katibliyi ilə Barəsində inzibati xəta haqında iş icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs X2 iştirakları ilə, xx.xx.1968-ci ildə Qusar rayonu, Urva kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, Qusar rayonu, Urva kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə Qusar rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 21:45-də Qusar rayon, Urva kəndində yaşayan Xuraman Orucovanın evinin qarşısında nalayiq ifadələr işlətməklə kobudcasına ictimai qaydanı pozmuş və polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Həmin faktla bağlı Qusar RPŞ-nin İTB-nin polis sahə rəisi X1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələri ilə xx.xx.2024cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq həmin tarixdə baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs protokol üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, tarixini xatırlamadığı gündə Xuraman Orucovanın evinin qarşısından keçmiş, ona salam vermiş, Xuraman onun salamını almamış, buna görə də ona iradını bildirmişdir. Sonra tarixini xatırlamadığı gündə Xuraman Orucovanın evinin hasarına çıxmış, Xuramanı səsləmiş, yenədə Xuramana iradını bildirmişdir. Sonra ona məlum olmuşdur ki, polis əməkdaşları onu axtarır, polis əməkdaşlarının yanına gəlib nə məsələ olduğunu aydınlaşdırmış, polis əməkdaşları onu polis şöbəsinə dəvət etmiş, lakin nəzakətlə onu polis şöbəsinə dəvət etmədikləri üçün maşına oturmamış, polis əməkdaşları onu zorla maşına otuzdurub şöbəyə aparmışlar. Şöbədə səs-küy saldığını xatırlamır. Çünki həmin vaxt sərxoş olmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X4 izahatında bildirmişdir ki, 2024-cü ilin aprel ayında Şəxs ona yaxınlaşaraq evlənmək istədiyini bildirmiş, o da öz növbəsində Şəxs etirazını bildirib yola salmışdır. Sonradan Şəxs yenidən ona yaxınlaşaraq onunla evlənmək istədiyini bildirmiş və o, təkrarən Şəxs öz etirazını bildirmişdir. 2024-cü ilin iyun və iyul aylarında, tarixini xatırlamadığı günlərdə Şəxs ona yaxınlaşaraq salam vermiş, o da öz növbəsində Şəxs salamını almamışdır. Şəxs salamını almadığına görə ona öz etirazını bildirdikdə əsəbləşərək Şəxs oradan qovmuşdur. Şəxs onun yaşadığı evin hasarına çıxaraq onu çağırmış, nalayiq ifadələrlə onu təhqir etmişdir. Həmin nalayiq ifadələr onu narahat etmişdir. Ola bilsin ki, həmin nalayiq ifadələr ətrafda olan şəxslərdə eşitmişdir. Sonradan ona məlum olmuşdur ki, polis əməkdaşları Şəxs polis şöbəsinə aparmaq istəyən zaman onlara qarşı müqavimət göstərmişdir. Şəxs ilə barışmır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 izahatından görünür ki, anası Orucova Xuramanını izahatı ilə eyni məzmunlu izahat verərək, bildirmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə onların yaşadığı evin hasarına çıxaraq anasını səsləmiş, onu nalayiq ifadələrlə təhqir etmiş, həmin nalayiq ifadələri o eşitmiş və həmin ifadələr onu və digər şəxsləri narahat etmişdir. Ona məlum olmuşdur ki, Şəxs polis əməkdaşlarına qarşı tabesizlik göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 izahatında bildirmişdir ki, hadisə baş verən günü məsul növbətçi olmuş, Şəxs şöbəyə gətirilən zaman nizam-intizamı pozmuş, uca səslə danışmış, şöbənin normal iş rejimində işləməsinə maneçilik törətmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahatında bildirmişdir ki, hadisə zamanı Şəxs onun qanuni tələbinə dəfələrlə qəsdən tabe olmamış və Orucova Xuramanın evinin ətrafında onun ünvanına nalayiq ifadələr işlədərək onu dəfələrlə narahat etmişdir. Hadisə yerinə Orucova Xuramanın DİN-nın “102” zəng xidmətinə şikayət xarakterli zəngi və Qusar RPŞ-yə ünvanladığı ərizə əsasında getmişdir. Ora təyin olunmuş əməliyyat qrupunun üzvü olmuşdur. Hadisəyə bilavasitə şahid olmuşdur. Şəxs dəfələrlə nəzakətlə polis şöbəsinə getməyi təklif etsədə, Şəxs sərxoş halda ona ciddi müqavimət göstərmiş və onun qanuni tələbinə qəsdən tabe olmamışdır. Beləliklə məhkəmə iş materiallarını, zərərçəkmiş və şahid izahatlarını nəzərdən keçirib, hesab edir ki, Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir, o, həmin maddələrlə təqsirli bilinməli, lakin aşağıdakı əsaslara görə onun barəsində həmin xətalardan daha ciddi xətaya görə-yəni İXM-nin 535.1-ci maddəsi ilə müəyyən edilmiş sanksiya çərçivəsində inzibati tənbeh tətbiq edilməlidir. Həmçinin Şəxs məhkəməyə iclasdan öncə özünü təqsirli bildiyi ərizə təqdim etsədə, məhkəmə iclasında özünü təqsirli bilməmiş, özünümüdafiə xarakterli izahat vermiş, inzibati məsuliyyətdən boyun qaçırmaq istəmiş, məhkəməni isə yalnış istiqamətləndirmək istəmişdir. Məhkəmə, Şəxs məhkəmə iclasında verdiyi izahatı inandırıcı hesab etmir, özünümüdafiə xarakterli hesab edir. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs, şahidlərin izahatları ilə təsdiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 76.1. İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 76.2. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir 78.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı iş üzrə ona məlum olan hallar və işdə olan sübutlar üzrə şifahi və ya yazılı formada verilən məlumatlardan ibarətdir. 78.2. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı inzibati xəta haqqında protokolda, inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiq edilməsi haqqında protokolda, inzibati xəta haqqında işə baxma ilə əlaqədar iclas protokolunda göstərilir Məhkəmə, zərərçəkmiş şəxsin və şahidlərin izahatlarını sübut kimi qəbul edir. Maddə 510. Xırda xuliqanlıq Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Maddə 535. Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama 535.1. Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Polis haqqında Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinin 1-ci bəndində qeyd olunur ki, Azərbaycan Respublikasında polisin təyinatı insanların həyatını, sağlamlığını, hüquq və azadlıqlarını, dövlətin, fiziki və hüquqi şəxslərin qanuni mənafelərini və mülkiyyətini hüquqa zidd əməllərdən qorumaqdan ibarətdir. Həmin qanunun 3-cü maddəsinin 2-ci bəndində qeyd olunur ki, Polisin əsas vəzifələri aşağıdakılardır: ictimai qaydanı qorumaq və ictimai təhlükəsizliyi təmin etmək; cinayətlərin və digər xətaların qarşısının alınması üçün tədbirlər görmək; yetkinlik yaşına çatmayanların hüquq pozuntularının qarşısının alınması sahəsində fəaliyyət göstərmək; şəxsiyyəti, insan hüquq və azadlıqlarını və mülkiyyəti hüquqa zidd əməllərdən qorumaq; Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş hallarda dövlət idarələrini və digər obyektləri mühafizə etmək; törədilmiş cinayətləri açmaq; cinayətlərin qeydiyyatını və uçotunu aparmaq; cinayətkarları aşkara çıxarmaq və tutmaq; səlahiyyətlərinə aid edilmiş işlər üzrə təhqiqat və istintaq aparmaq; Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş səlahiyyətlər daxilində inzibati tənbeh və ya başqa təsir tədbirləri tətbiq etmək, tutulmuş və inzibati xətaya görə həbsə alınmış şəxsləri saxlamaq; Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək; kriminalistik və başqa tədqiqatların aparılmasını təmin etmək; Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada istintaq təcridxanalarında əməliyyat-axtarış fəaliyyətini müvafiq icra hakimiyyəti orqanı ilə birgə həyata keçirmək; hüquqi və fiziki şəxslərin əmlakını hüquqa zidd əməllərdən qorumaq məqsədi ilə müqavilələr bağlamaq; Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş icazə-qeydiyyat işlərini aparmaq; yol hərəkəti qaydalarına və hərəkət təhlükəsizliyinə riayət olunmasına nəzarət etmək; yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görmək; yol hərəkəti və onun təhlükəsizliyi göstəricilərinin vahid dövlət uçotu sistemini təşkil etmək. Həmin qanunun 4-cü maddəsinin 2-ci bəndində qeyd olunur ki, Polisin fəaliyyətinin əsas istiqamətləri aşağıdakılardır: ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi; cinayətlərin və digər xətaların qarşısının alınması və açılması; yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi. Həmin qanunun 7-ci maddəsinin 1 və 2-ci bəndlərində qeyd olunur ki, Polis əməkdaşı bu qanunla müəyyənləşdirilmiş səlahiyyətləri yerinə yetirərkən dövlət hakimiyyətinin nümayəndəsi kimi çıxış edir. Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. İş materiallarından görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs sərxoş halda polis öz qanuni vəzifələrini yerinə yetirən zaman Şəxs qanunvericiliyin tələblərini pozmaqla xırda xuliqanlıq etmiş və polisə tabesizlik göstərmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, protokollaşdırma nömrəsi 04024 olan alkotesterdən çıxarışdan görünür ki, həmin tarixdə saat 00:40-da Şəxs qanında alkoqolun konsentrasiyası 2.865 promilli olmaqla o, sərxoş vəziyyətdə olmuşdur. Məhkəmə hesab edir ki, hazırkı işlə bağlı həbs inzibati tənbehi tədbiq edilməlidir. Çünki sərxoş halda nalayiq ifadələr işlədən şəxs, polisin qanuni tələblərini yerinə yetirmirsə və xırda xuliqanlıq edirsə ona cərimə tənbehin tədbiq edilməsi gələcəkdə belə halların daha da çoxalmasına səbəb ola bilər Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, onun inzibati xətanı sərxoş vəziyyətdə törətməsi Azərbaycan Respublikası İXM-nin 33.1.7-ci maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hal kimi qəbul edilir, məsuliyyəti yüngülləşdirən hallar isə müəyyən edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 9-cu maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə hesab edir ki, hazır kı iş üzrə tədbiq ediləcək tənbeh həbs tənbehi olacağı halda ədalətli olar. Həmin Məcəllənin 10-cu maddəsinə əsasən Dövlət orqanları (qurumları) və bələdiyyələr inzibati xətaların qarşısının alınması, inzibati xətaların törədilməsinə kömək edən səbəblərin və şəraitin aşkar edilməsi və aradan qaldırılması, vətəndaşların hüquq şüurunun və mədəniyyətinin yüksəldilməsi və Azərbaycan Respublikasının qanunlarına ciddi əməl etmək ruhunda tərbiyə olunması sahəsində tədbirlər hazırlayır və həyata keçirirlər Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbehin tətbiq olunmasını isə ona görə məqsədə müvafiq hesab etmir ki, həmin şəxsin barəsində inzibati cərimə növündə inzibati tənbehin tətbiq ediləcəyi təqdirdə islah olunmasını, onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsini, onun özünün və digər şəxslərin gələcəkdə bu qəbildən və ya digər yeni inzibati xətaların törədilməsinin qarşısının alınmasını və bununla da inzibati tənbehin məqsədlərinin təmin olunmasını mümkün hesab etmir. Məhkəmə hesab edir ki, tətbiq olunacaq inzibati həbs növündə inzibati tənbeh Şəxsin islah olunması üçün daha effektli olar Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində inzibati tənbeh növü olan inzibati həbs tətbiq edilməlidir. Çünki onun hərəkətlərindən və hərəkətinə olan psixi münasibətindən görünür ki, ona cərimə növündə inzibati tənbeh tətbiq ediləcəyi təqdirdə islah olunmayacaq və yenidən zərərçəkmiş şəxsə yenidən narahatlıqlar yaratmağa səbəb olacaqdır. Şəxs əməlinə psixi münasibəti o yöndədir ki, o ətrafdakı insanlardan özünün müstəsna şəxsiyyətinin olması ilə fərqləndirərək, özünü ətrafdakı insanların fövqündə dərk edərək digər insanlara narahatlıqlar yaratmaq və ictimai qaydanı və cəmiyyətdə təşəkkül tapmış birgəyaşayış qaydalarını rahatlıqla pozmaqda özünə haqq qazandırmışdır. Məhkəmə bu cür düşüncəyə malik olan insanlar barəsində isə inzibati həbs tənbeh növünün tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli inzibati qaydada tutulma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 23:58-də inzibati qaydada tutulmuş, xx.xx.2024-cü il tarixdə saat 16:10-da azad edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Şəxs inzibati qaydada tutularaq xx.xx.2024-cü il tarixdən, saat 23:58-dən, xx.xx.2024-cü il tarixə, saat 16:10-a dək bir gün müddət inzibati qaydada tutulması inzibati həbs müddətinə daxil edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinsin, İXM-nin 510-cu maddəsi ilə 5 (beş) gün müddətə inzibati həbs, İXM-nin 535.1-ci maddəsi ilə 10 (on) gün müddətə inzibati həbs edilsin. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 10 (on) gün müddətə inzibati həbs edilsin Şəxs oğlunun xx.xx.2024-cü il tarixdən saat 23:58-dən xx.xx.2024-cü il tarixə saat 16:10-a dək 01 (bir) gün inzibati qaydada tutma müddəti tətbiq olunmuş inzibati həbs müddətindən çıxılaraq barəsində qəti olaraq 09 (doqquz) gün müddətə inzibati həbs tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən saat 17:45-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Qusar rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Hakim: Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar