Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-193/2022 11.05.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi Vəliyev Adil Yaqub oğlu, xx xxxxxx 1983-cü ildə Qusar rayonu Kuzun kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər Qusar rayon məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli 1(029)-82/2021 saylı hökmü ilə Azərbaycan Respublikasının CM-nin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edlmiş, Qusar rayon məhkəməsinin 21 fevral 2022-ci il tarixli 3(029)-68/2022 saylı qərarı ilə Azərbaycan Respublikasının İXM-nin 206 və 535.1-ci maddələri ilə təqsirli bilinərək 350 (üç yüz əlli) manat məbləğində cərimə edilmiş Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206, 510 və 535.1-ci maddələri ilə Qusar rayon X5 Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiallara Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, Müəyyən etdim: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs 09 may 2022-ci il tarixdə saat 19:30 radələrində Qusar rayonu Kuzun kəndində yaşadığı evin qarşısında küçədə həyat yoldaşı X2 uca səslə nalayiq söyüşlərlə söymüş, həmin vaxt onu intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Həmçinin həmin şəxs 10 may 2022-ci il tarixdə Quba RMX-da tibbi müayinədən keçirilən zaman onun sidiyində BAR, THC aşkar edilişdir. Həmin faktla bağlı Qusar RPŞ-nin X4 polis sahə rəisi , polis mayoru Elmir Məmmədov tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 206, 510 və 535.1-ci maddələri ilə 10 may 2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, o, dindadrdır, namaz qılır və İslam dininə qulluq edir. 09 may 2022-ci il tarixdə səhər saatlarında 4 ədəd tərkibində spirt olan energetik içki “Yaquar” içmiş, sonra tək bir butulka araq içmişdir. Bundan sonra isə yaşadığı evdə arvadı X3 ona spirtli içki içməsini irad bildirmiş və buna görə də o, Mədinə ilə yüksək səslə danışaraq mübahisə etmişdir. O, əvvəllər narkotik vasitələrdən istifadə etmiş, sonradan isə tövbə etmiş və xeyli vaxtdır ki, narkotik vasitə istifadə etmir. Həmin gün o, həddən artıq sərxoş olmuş, hadisə tam yadında qalmamışdır. Dörd ilə yaxın müddətdir ki, spirtli içki qəbul etməmişdir, sərxoş olduğundan ola bilsin ki, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Narkotik vasitələrin əkilib becərilməsinə görə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. O, eyni əməlləri törətdiyinə hörə 2022-ci ilin fevral ayında da inzibati məsuliyyətə cəlb olunmaqla 350 manat cərimə olunmuş, həmin cəriməni tam ödəməmişdir. Hazırda törətdiyi əməlindən peşmandır, səhv etmişdir, bir daha belə hərəkətlərə yol verməyəcəkdir, cərimə olunmasını xahiş edir. İş materiallarında olan 09.05.2022-ci il tarixli, protokollaşdırma nömrəsi 01245 olan alkotestrdən çıxarışdan görünür ki, həmin tarixdə saat 21:41-da Şəxs qanında alkoqolun konsentrasiyası 1,258 promilli olmaqla o, sərxoş vəziyyətdə olmuşdur. İş materiallarında olan 09 may 2022-ci il tarixli 02 saylı inzibati qaydada tutulma haqqında protokoldan görünür ki, Şəxs 09 may 2022-ci il tarixində saat 20:05-də inzibati qaydada tutulmuş, 10 may 2022-ci il tarixində saat 13:20-də azad edilmişdir. İş materiallarında olan Quba rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş 10 may 2022-ci il tarixli 25 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə protokolundan görünür ki, həmin tarixdə Şəxs tibbi müayinəsi zamanı sidiyində BAR, THC aşkar olunmuşdur. İş materiallarında olan X1 Qusar rayon X5 Polis Bölməsinə ünvanladığı 09.05.2022ci il tarixli ərizəsindən və izahatından görünür ki, Şəxs onu və ailə üzvlərini hədələdiyini, evdə aqressiv hərəkətlər etdiyini və hamını nalayiq söyüşlərlə təhqir etdiyini və sair göstərərək barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. İş materiallarında olan Qusar rayon Polis Şöbəsinin X4 polis nəfəri, polis serjantı Etibar Əlimuradov tərəfindən tərtib edilmiş 09.05.2022-ci il tarixli raportundan görünür ki, həmin tarixdə 1 saylı avto patrul marşurutunda Qusar rayonu Kuzun kəndinin Aladaş yaşayış massivində polis nəfəri Kamal Məcidovla saat 19:30 radələrində xidmətdə olduqları zaman X1 ərizəsi əsasında onun yaşadığı fərdi yaşayış evinə getmişlər. Orada olan zaman Şəxs yaşadığı evin həyətində uca səslə həyat yoldaşına nalayiq ifadələr işlədərək ictimai qaydanı kobud şəkildə pozduğunu görmüşlər. Onlar həmin şəxsi nizam-intizama dəvət etsələr də o, polisin qanuni tələblərinə məhəl qoymadan öz hərəkətlərini davam etdirmiş, onu Polis Bölməsinə dəvət etmələrinə baxmayaraq o, getməkdən imtina etmiş, öz hərəkətlərini davam etdirərək polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. İş materiallarında olan Qusar rayon məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli 1(029)-82/2021 saylı hökmünün surətindən görünür ki, Şəxs Azərbaycan Respublikasının CM-nin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edlmişdir. İş materiallarında olan Qusar rayon məhkəməsinin 21 fevral 2022-ci il tarixli 3(029)- 68/2022 saylı qərarının surətindən görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1 və 206-ci maddələri ilə təqsirli bilinib, İXM-nin 535.1-ci maddəsi ilə 200 (iki yüz) manat məbləğində cərimə, İXM-nin 206-cı maddəsi ilə 350 (üç yüz əlli) manat məbləğində cərimə edilmiş, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə 350 (üç yüz əlli) manat məbləğində cərimə edilmişdir. Beləliklə, iş materiallarını nəzərdən keçirib, hesab edirəm ki, Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206, 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir, o, həmin maddələrlə təqsirli bilinərək hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilməli, lakin yekun olaraq aşağıdakı əsaslara görə onun barəsində həmin xətalardan daha ciddi xətaya görəyəni İXM-nin 206-cı maddəsi ilə müəyyən edilmiş sanksiya çərçivəsində inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin İXM-nin 33.1, 33.1.2 və 33.1.7-ci maddələrinə əsasən inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi; inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi məsuliyyəti ağırlaşdıran hallar hesab edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, onun eyni inzibati xətaları, yəni Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları il ərzində təkrar törətməsi məsuliyyəti ağırlaşdıran hal kimi qəbul edilir, məsuliyyəti yüngülləşdirən hallar isə müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, işdə məsuliyyəti ağırlaşdıran halı və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh növü olaraq inzibati həbs tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbehin tətbiq olunmasını isə ona görə məqsədəmüvafiq hesab etmirəm ki, həmin şəxsin barəsində cərimə növündə inzibati tənbehin tətbiq ediləcəyi təqdirdə islah olunmasını, onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsini, onun özünün və digər şəxslərin gələcəkdə bu qəbildən və ya digər yeni inzibati xətaların törədilməsinin qarşısının alınmasını və bununla da inzibati tənbehin məqsədlərinin təmin olunmasını mümkün hesab etmirəm. Hesab edirəm ki, tətbiq olunacaq inzibati həbs növündə inzibati tənbeh Şəxs islah olunması üçün daha effektli olar. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Şəxs inzibati qaydada tutularaq 09.05.2022-ci il tarixdən saat 20:05-dən 10.05.2022ci il tarixə saat 13:20-a dək bir gün müddət inzibati həbs müddətinə daxil edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30, 34, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldım: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206, 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib, İXM-nin 206-cı maddəsi ilə 15 (on beş) gün müddətə inzibati həbs, İXM-nin 510-cu maddəsi ilə 5 (beş) gün müddətə inzibati həbs, İXM-nin 535.1-ci maddəsi ilə 10 (on) gün müddətə inzibati həbs edilsin. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə 15 (on beş) gün müddətə inzibati həbs edilsin. Şəxs 09 may 2022-ci il tarixdən 10 may 2022-ci il tarixədək 01 (bir) gün inzibati qaydada tutma müddəti tətbiq olunmuş inzibati həbs müddətindən çıxılaraq barəsində qəti olaraq 14 (on dörd) gün müddətə inzibati həbs tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli 11 may 2022-ci il tarixdən saat 11:55-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Qusar rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Adil Vəliyev
Məhkəmə qərarları › İş №3(029)-193/2022
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-193/2022
11.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver