Məhkəmə qərarları › İş №3(029)-193/2023

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-193/2023

03.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-193/2023 03.07.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi X2, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X1 iştirakı ilə X1 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin 01400/04262 saylı xx.xx.2023-cü tarixli qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin 01400/04262 saylı xx.xx.2023-cü tarixli saylı qərarı ilə X3 Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə təqsirli bilinərək 8303,65 (səkkiz min üç manat altmış beş qəpik) manat məbləğində cərimə edilmişdir. X3 həmin qərardan məhkəməyə şikayət verərək həmin qərarın ləğv edilməsini və barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. X3 şikayəti onunla əsaslandırmışdır ki, uzun müddətdir ki, fiziki şəxs kimi fermer (bağçılıq) fəaliyyətini həyata keçirməklə kənd təsərrüfatı məhsullarının yetişdirilməsi və satışı ilə məşğul olur. Onunla Rusiya Federasiyasının Moskva şəhərində yerləşən “ProdMir"' Məhdud Məsuliyyətli Cəmiyyəti arasında xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi bağlanıb və həmin müqaviləyə əsasən onun bağından həmin MMC-yə meyvə məhsulları göndərilir, MMC isə həmin malları qəbul etdikdən sonra 30 gün müddətində onların dəyərini onun bank hesabına ödənilir. Həmin Müqavilənin 1.3-cü bəndinə əsasən CPT/DAP/FC'A (İnkoterms 2010) şərtləri əsasında həyata keçirilir. Həmin Müqavilənin 4.6cı bəndinə əsasən keyfiyyətsiz, uyğunsuz formada markalanma və (və ya) qablaşdırma zamanı Məhsulun xarab olmasına görə məsuliyyəti satıcı, yəni o, daşıyır. Həmin Müqavilənin 5.1-ci bəndinə əsasən məhsul aşağıdakı hallarda Satıcı tərəfindən verilmiş və Alıcı tərəfindən qəbul edilmiş hesab edilir: -Məhsul keyfiyyətinə görə Müqavilədə göstərilən və adətən Rusiyada və Məhsulun mənşə ölkəsində belə məhsullar üçün tətbiq olunan tələblərə uyğun olarsa: -Məhsul Xüsusiyyətlərdə və məhsulu müşayiət edən sənədlərdə göstərilən kəmiyyətə uyğun olarsa. Onun tərəfindən ümumi dəyəri 27864,25 ABŞ dolları təşkil edən alma, armud və gavalı meyvələri xx.xx.2022-ci il tarixli 2 saylı hesab-faktura (İnvoys) əsasında 12 oktyabr 2022-ci il tarixdə yük nəqliyyat vasitəsinə yüklənərək "xxxx" MMC-yə göndərilmiş, bu barədə həmin tarixdə gömrük bəyannaməsi tərtib edilmişdir. Məhsulların göndərilməsi şərti DAP (inkoterms 2010) olmuşdur. Həmin şərtə əsasən məhsulların alıcı şirkətin təyinat məntəqəsinə qədər çatdırılması öhdəliyi onun üzərinə düşmüşdür. "xxxx" MMC məhsulları təhvil alarkən müəyyən edilmişdir ki, göndərdiyi meyvələrdən 7600 ABŞ dolları dəyərində Abbat cinsli armud, 2016 ABŞ dolları dəyərində Conference cinsli armud, 37,30 ABŞ dolları dəyərində Colden caliber 75+ cinsli almalar, 49.74 ABŞ dolları dəyərində Golden caliber 80+ cinli almalar, 21.30 ABŞ dolları dəyərində gavalı, 44,16 ABŞ dolları dəyərində qırmızı alma meyvələri daşıma zamanı xarab olmuşdur. 25 oktyabr 2022-ci il tarixdə "xxxx" MMC tərəfindən ona “Credit note" göndərilmiş və göndərilən meyvələrdən cəmi 9769 ABŞ dolları dəyərində meyvələrin razılaşdırılmış keyfiyyətə uyğun olmadığı bildirilmişdir. Bu səbəbdən də '‘ProdMir" MMC tərəfindən onun bank hesabına xx.xx.2022-ci il tarixdə 27864,25 ABŞ dolları deyil, bundan 9769 ABŞ dolları az, yəni 18095,25 ABŞ dolları məbləğində pul köçürülmüşdür. Bununla da, onun xx.xx.2022-ci il tarixli D0119-27857 saylı alqı-satqı müqaviləsi üzrə xx.xx.2022-ci il tarixli 2 saylı invoys əsasında əldə etdiyi pul vəsaiti yalnız 18095,25 ABŞ dolları miqdarında olmuşdur. Bununla bağlı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsində araşdırma aparılmış, mövcud sənədlər həmin idarəyə təqdim edilmişdir. Buna baxmayaraq həmin idarənin 25 may 2023-cü il tarixli 01400/04262 saylı inzibati tənbeh vermə haqqında Qərarı ilə o, Azərbaycan Respublikası İXM-nin 483cü maddəsi ilə təqsirli bilinərək 8303,65 manat məbləğində cərimə edilmişdir. Birinci hal şəxsin hərəkətlərində, ikinci hal isə hərəkətsizliyində ifadə olunur və ikinci halın mövcudluğu da birinci halın mövcudluğundan asılıdır. Yuxarıda qeyd etdiyi kimi o, malın göndərinə sənədi olan invoysda göstərilən 27864,25 ABŞ dolları miqdarında pul vəsaitini əldə etməmiş, yalnız həmin pulun 18095,25 ABŞ dolları hissəsini əldə etmişdir. Belə olan halda onun bank hesabına 27864,25 ABŞ dolları məbləğində pul vəsaiti köçürülə bilməzdir. Ona görə də, hesab edir ki, onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsi törədilməmiş və barəsində həmin maddə ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması İXM-nin tələblərinə zidd olmuşdur. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin 25 may 2023-cü il tarixli 01400/04262 saylı inzibati tənbeh vermə haqqında Qərarı ləğv edilməli, onun barəsində Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə bağlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X3 şikayəti müdafiə edərək izahatında göstərmişdir ki, özü fermer təsərrüfatı ilə məşğul olur. Uzun müddətdir ki, xarici bazarlara meyvə satışı ilə məşğul olur. Bundan əvvəl də analoji hadisələr baş vermiş, lakin onun barəsində inzibati tənbeh tətbiq edilməmişdir. Onun istehsal etdiyi mallar yaş meyvədir, ixrac etdiyi məhsullar keyfiyyətsiz və ya çürümüş olan zaman həmin malın dəyəri alıcı şirkət tərəfindən ödənilmir. Bu zaman aralarında bağlanmış müqavilə əsasında öhdəlik satıcı kimi onun üzərində olur və keyfiyyətsiz malın dəyəri ödənilmir. Alıcı şirkət ilə aralarında kredit müqaviləsi bağlanaraq ödəniş təmin edilmir. Mallar alıcı şirkət tərəfindən məhv edilmişdir. Odur ki, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət tam təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin 01400/04262 saylı xx.xx.2023-cü tarixli qərarının surətindən görünür ki, X3 Azərbaycan Respublikasının İXM-nin 483-cü maddəsi ilə təqsirli bilinərək 8303,65 (səkkiz min üç manat altmış beş qəpik) manat məbləğində cərimə olunmuşdur. İş materiallarında olan "xxxx" MMC və X3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli D0119-27857 №-li müqaviləyə müvafiq olaraq "xxxx" MMC, xx.xx.2022-ci il tarixli 2 nömrəli qaimə-fakturaya əsasən çatdırılma üçün göndərilmiş 27,864.25 ABŞ dolları dəyərində məhsullara qarşı Credite note (Kredit notu) vermiş, Kredit notun məbləği 9769 ABŞ dolları təşkil etmişdir. Golden almanın, Gavalının və Qırmızı almanın keyfiyyətinin pis olduğuna görə, eləcə də Abbat armudunun və Conference armudunun keyfiyyətində uyğunsuzluğuna görə endirimlər daxil olmuşdur. Golden 75+ almaya 1,09%-37,30 ABŞ dolları, Golden kalibr 80+ almaya endirim 1,09 %-49,74 ABŞ dolları, Gavalıya endirim 0,58 % 21,3 ABŞ dolları, Qırmızı almaya endirim 0,67%- 44,16 ABŞ dolları təşkil edilmişdir. Abbat armudunun yararsızlığı tam məbləğdə- 7600 ABŞ olmuş, Conference armudunun yarasızlığı isə 2016 ABŞ dolları olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə -inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 17 may 2021-ci il tarixli Plenumunun qərarında göstərilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati məsuliyyətin yaranmasının əsaslarına dair qeyd edir ki, həmin maddə ilə nəzərdə tutulan inzibati xətanın ictimai təhlükəliliyi iqtisadi fəaliyyət sahəsində stabilliyin pozulmasında ifadə olunur. İnzibati məsuliyyətin yaranması üçün iki əsas nəzərdə tutulmuşdur: •xarici valyuta vəsaitinin xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilməsi; •əldə edilmiş və məcburi qaydada köçürülməli olan vəsaitin xaricdən qaytarılmaması. Eyni zamanda qeyd edilməlidir ki, müvəkkil banklara köçürülməli olan xarici valyuta vəsaitinin geri qaytarılmaması xarici iqtisadi fəaliyyətin subyektindən asılı olmayan səbəblərdən baş verdikdə, yəni subyektin hərəkət və ya hərəkətsizliyinin nəticəsi olmadıqda, şəxs təqsirsiz olduğundan həmin vəsaitlərin qaytarılmamasına görə İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Bəzi hallarda hüquqi və fiziki şəxslərin ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin müvəkkil bankda olan hesablara köçürülməsi şəxsin iradəsindən asılı olmayan səbəblərdən (məsələn qarşı tərəfin öhdəliyi icra etməməsi və s.) baş tutmaya və ya qanunvericilikdə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər. Buna görə məhkəmə işin bu hallarını şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3 və 12-ci maddələrinin tələblərinə müvafiq olaraq məhkəmələr həmin Məcəllənin 483-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirini tətbiq edərkən inzibati xətanı törədən şəxsin təqsirini müəyyən etməlidir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, X3 tərəfindən ixrac edilmiş 27,864.25 ABŞ dolları dəyərində məhsulun müəyyən hissəsi keyfiyyətsiz olduğu üçün onun Azərbaycan Respublikasında yerləşən müvəkkil banka 27,864.25 ABŞ dollarının 9769 ABŞ dolları hissəsi köçürülməmiş və bununla da Ayaz Ələkbərov həmin alqısatqıdan 27,864.25 ABŞ dolları deyil, 18095,25 ABŞ dolları məbləğində gəlir əldə etmişdir. Xaricə ixrac edilmiş malların keyfiyyətsiz olduğu Kredit Note sənədi ilə təsdiq olunur. Kredit Note sənədində olan məbləğ inzibati tənbeh vermə haqqında qərarda göstərilmiş məbləğ ilə eynilik təşkil edir. Belə olan halda X1 barəsində qəbul edilmiş qərar əsassız tərtib edilmişdir. X3 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinə təqdim edilmiş sübutlara lazımı qaydada qiymət verilməmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsi tərəfindən X3 barəsində Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə inzibati qərar qəbul edilərkən tam araşdırma aparılmamışdır. Bununla da, X1 Azərbaycan Respublikasının İXM-nin 483-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə, ümumiyyətlə həmin vaxt həmin inzibati xəta hadisəsinin aşkarlanmasına dair heç bir mötəbər sübut olmamış, onun inzibati xətanı törətməsi sübuta yetirilməmiş, məhkəmə iclasında da X1 həqiqətən də həmin inzibati xətanı törətməsi faktı öz təsdiqini tapmır və bu da öz növbəsində onun həmin xətanı törətməkdə təqsirli olması barədə əsaslı şübhələr yaradır. Azərbaycan Respublikasının İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0, 53.0.1, 53.0.2-ci maddələrinə əsasən inzibati xəta hadisəsi olmadıqda; inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1, 135.1.1-135.1.4-cü maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə iş materiallarını tam şəkildə araşdıraraq hesab edir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsi tərəfindən X1 barəsində 01400/04262 saylı xx.xx.2023-cü tarixli qərar qəbul edilərkən həmin qərar düzgün tərtib olunmadığı, X1 həmin inzibati xətanı törətməsini, eləcə də, inzibati xəta hadisəsinin olmasını təsdiq edən mötəbər sübutların olmadığı, inzibati xəta hadisəsinin-yəni xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasının səbəbləri aydınlaşdırılmamışdır. Bununla da, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr işin faktiki hallarına uyğun deyildir, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmişdir, həmçinin inzibati məsuliyyət müəyyən edən qanunun norması düzgün tətbiq edilməmişdir. Nəticədə düzgün olmayan, qanunsuz və əsassız qərar qəbul edilmişdir. Həmin qərarda X1 hansı səbəbdən Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması araşdırılmamış, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinə təqdim edilmiş sənədlərə səthi yanaşılmış, X3 təqsirini sübuta yetiriləcək heç bir sübut qərar qəbul etmiş orqan tərəfindən təqdim edilməmişdir. Bu səbəbdən də, həmin qərar ləğv edilməli, həmçinin X1 barəsində Azərbaycan Respublikasının İXM-nin 483-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 128-136-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin X1 barəsində Azərbaycan Respublikasının İXM-nin 483-cü maddəsi ilə olan 01400/04262 saylı xx.xx.2023-cü tarixli ləğv edilsin. X1 barəsində Azərbaycan Respublikasının İXM-nin 483-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar