Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-194/2022 11.05.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi Vəliyev Adil Yaqub oğlu, xx.xx.1975-ci ildə Qusar rayonu Kuzun kəndində anadan olmuş, həmin kənddə qeydiyyatda olmaqla həmin kəndin Aladaş massivində yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, işləməyən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə Qusar rayon X2 Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiallara Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, Müəyyən etdim: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs 09.05.2022-ci il tarixdə saat 10:50 radələrində Qusar rayonu Kuzun kəndi ərazisdində ictimai yerdə polis əməkdaşlarını uca səslə nalayiq ifadələrlə təhqir etməklə ictimai qaydanı pozmuş, həmin zaman onu intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Həmin faktla bağlı Qusar RPŞ-nin X1 polis sahə rəisi Elmir Məmmədov tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələri ilə 10.05.2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, bayramla əlaqədar olaraq 08 may 2022-ci il tarixdə evdə spirtli içki qəbul etmiş və sərxoş olmuşdur. 09 may 2022-ci il tarixdə səhər saatlarında spirtli içkinin təsiri altında yaşadığı Qusar rayonu Kuzun kəndinin Aladaş massivinə siqaret almaq üçün mağazaya getmiş, həmin zaman orada olan polis əməkdaşları ilə görüşmüş onların bayramlarını təbrik etmiş, sonradan isə sərxoş olduğundan nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş, polis əməkdaşları ona sakit olmağı bildirəndə isə o, onlarla mübahisə etmişdir. Həmin vaxt mağazanın qabağında maşında bir nəfər mülki şəxs də olmuşdur. Hazırda əməlindən peşmandır, ilk dəfədir ki, inzibati xəta törədir, söz verir ki, bir daha belə hərəkətlərə yol verməyəcəkdir, həmin hadisəni spirtli içkinin təsiri altında dərk etmədən törətmişdir. Odur ki, barəsində cərimə cəzası tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan 09.05.2022-ci il tarixli, protokollaşdırma nömrəsi 06645 olan alkotestrdən çıxarışdan görünür ki, həmin tarixdə saat 12:47-da Şəxs qanında alkoqolun konsentrasiyası 1,644 promilli olmaqla o, sərxoş vəziyyətdə olmuşdur. İş materiallarında olan Qusar rayon Polis Şöbəsinin X1 polis nəfəri, polis serjantı Yalçın Ağamədov tərəfindən tərtib edilmiş 09.05.2022-ci il tarixli raportundan görünür ki, həmin tarixdə 1 saylı avto patrul marşurutunda Qusar rayonu Kuzun kəndinin Aladaş yaşayış massivində polis sıravisi Rafik Qurbanovla saat 10:50 radələrində xidmətdə olduqları zaman Şəxs onlara yaxınlaşaraq heç bir səbəb olmadan polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətməyə başlamışdır. Onlar həmin şəxsi nizam-intizama dəvət etsələr də o, spirtli içki qəbul etdiyinə görə öz hərəkətlərini kobudcasına davam etdirmiş, onu Polis Bölməsinə dəvət etmələrinə baxmayaraq o, getməkdən imtina etmiş, polisin ünvanına bir daha ucadan nalayiq ifadələr işlətməklə ictimai asayişi kobudcasına pozmuşdur. İş materiallarında olan Qusar rayon Polis Şöbəsinin X1 məsul növbətçisi, polis mayoru Vaqif Kazımov tərəfindən tərtib edilmiş 09.05.2022-ci il tarixli raportdan görünür ki, həmin tarixdə Şəxs PB-nə gətirilmiş, həmin şəxs içkili vəziyyətdə səs-küy salaraq nalayiq söyüşlər söymüş və növbətçi hissənin iş rejmini pozmuşdur. Ondan sakitçiliyə riayət olunması tələb olunsa da, o, qanunsuz əməllərini təxminən 30-40 dəqiqə davam etdirmişdir. Beləliklə, iş materiallarını nəzərdən keçirib, hesab edirəm ki, Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir, o, həmin maddələrlə təqsirli bilinməli, lakin aşağıdakı əsaslara görə onun barəsində həmin xətalardan daha ciddi xətaya görə-yəni İXM-nin 535.1-ci maddəsi ilə müəyyən edilmiş sanksiya çərçivəsində inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, onun əməlindən peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi, inzibati xətaları sərxoş vəziyyətdə törətməsi isə məsuliyyəti ağırlaşdıran hal kimi qəbul edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, işdə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh növü olaraq cərimə tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldım: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib, İXM-nin 510-cu maddəsi ilə 50 (əlli) manat məbləğində cərimə, İXM-nin 535.1-ci maddəsi ilə 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Adil Vəliyev
Məhkəmə qərarları › İş №3(029)-194/2022
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-194/2022
11.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver