Məhkəmə qərarları › İş №3(029)-195/2022

Qusar Rayon Məhkəməsi Qərardad — İş №3(029)-195/2022

16.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № 3(029)-195/2022 16.05.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi Vəliyev Adil Yaqub oğlu Şəxs haqqında Qusar rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialları nəzərdən keçirib MÜƏYYƏN ETDİM: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs 20 aprel 2022-ci il tarixdə həmkəndlisi X1 Qusar rayonu Əcəxur kəndində yerləşən torpaq sahəsinin çəpərini qəsdən yandıraraq ona ziyan vurmuşdur. Həmin faktla bağlı Qusar RPŞ-nin TB tərəfindən araşdırma aparılmış, 28.04.2022-ci il tarixli qərarla toplanmış material üzrə Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş, Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb edilməsi məqsədilə qəbul edilmiş qərarın surəti Qusar RPŞ-nin İTB-nə göndərilmişdir. Qusar RPŞ-nin Həzrə PB-nin sahə rəisi polis mayoru Elman Rəhmanov tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsi ilə 04 may 2022-ci il tarixli MN 1352980-25 saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. İş materiallarını araşdıraraq hesab edirəm ki, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər protokolu tərtib etmiş orqana geri qaytarılmalıdır. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən zərər çəkmiş şəxsə dəymiş maddi zərərin miqdarı barədə müvafiq ekspert və ya mütəxəssis rəyi inzibati xəta haqqında protokola əlavə olunmamış, hansı miqdarda ziyan vurulması protokolda göstərilməmişdir. Halbuki, İXM-nin 232-1-ci maddəsinin sanksiyasında qeyd olunmuşdur ki, inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Bununla da, inzibati xəta haqqında protokol natamamdır və işə baxılarkən tamamlanması mümkün deyildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.1, 100.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında protokolda inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti göstərilir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə qaytarılması barədə qərardad qəbul edilir. Həmin Məcəllənin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda-inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Beləliklə, iş materiallarını tam şəkildə araşdırıb belə qənaətə gəlirəm ki, Şəxs haqqında Qusar rayon X2 Polis Bölməsi tərəfindən Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında 04.05.2022-ci il tarixli MN 1352980-25 saylı protokol düzgün tərtib olunmadığından, həmçinin təqdim edilmiş materiallar natamam olduğundan, bu səbəbdən də işə baxılarkən tamamlamaq mümkün olmadığından inzibati xəta haqqında protokol və ona əlavə olunmuş digər sənədlər onu tərtib etmiş həmin bölməyə geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100, 109-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs haqqında Qusar rayon X2 Polis Bölməsi tərəfindən Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında 04.05.2022-ci il tarixli MN 1352980-25 saylı protokol və ona əlavə edilmiş sənədlər həmin bölməyə geri qaytarılsın. Qusar rayon Məhkəməsinin hakimi Adil Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar