Məhkəmə qərarları › İş №3(029)-196/2022

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-196/2022

16.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-196/2022 16.05.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi Vəliyev Adil Yaqub oğlu, xx.xx.1986-cı ildə Özbəkistan Respublikası Kaşkayarin Vilayəti Kaşan şəhərində anadan olmuş, Qusar rayonu Bədirqala kəndində qeydiyyatda olmaqla, faktiki olaraq ünvan 1 ünvanda yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşqul olan Şəxs Rafikovçin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə Qusar rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Müəyyən etdim: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs Rafikovç 01.05.2022-ci il tarixdə saat 23:10 radələrində Qusar şəhəri Ç.Qurbanov küçəsində keçmiş arvadı Malina Cabbarovanı nalayiq ifadələrlə ucadan təhqir edərək ictimai qaydanı pozmuş, 02.05.2022-ci il tarixdə Şəxs barəsində olan şikayət ərizəsi ilə bağlı ona Qusar RPŞ-nə gəlməli olması ona bildirilmiş, lakin, o, gəlməmişdir. Bundan başqa 14.05.2022-ci il tarixdə Şəxs Qusar RPŞ-nə dəvət olunmuş, o, gəlməkdən imtina etmiş və həmin zaman onu intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Həmin faktla bağlı Qusar RPŞ-nin İTB-nin polis sahə rəisi Şəhriyar Əlizadə tərəfindən Şəxs Rafikovçin barəsində Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1ci maddələri ilə 14.05.2022-ci il tarixli MN 1352703-242 saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Rafikovç izahatında göstərmişdir ki, Malina Cabbarova onun həyat yoldaşı olmuş, hazırda boşanmışlar. 01 may 2022-ci il tarixdə bayramla əlaqədar olaraq uşaqları ilə görüşmək üçün Malina Cabbarovanın yaşadığı evə gəlmiş, qapını döymüş, qapı bağlı olmuşdur. Daha sonra o, evin küçəyə açılan pəncərəsini döymüş, pəncərəni oğlu Rafik açmışdır. Həmin zaman Malina pəncərəyə gəlmiş və səs-küy salaraq ondan niyə gəldiyini soruşmuş, o, isə uşaqlardan birini ona verməsini və özü ilə bir günlük evinə aparmaq istədiyini bildirmişdir. Həmin zaman Malina pəncərəni onun üzünə bağlamış və buna görə də o, Malinanı söymüşdür. Bundan sonra isə Malina onun barəsində polisə şikayət etmiş, Polis şöbəsindən onu şöbəyə dəvət edərkən isə o, Bakı şəhərində olduğunu və bir həftədən sonra gələ biləcəyini polis əməkdaşına bildirmişdir. 14.05.2022-ci il tarixdə Qusar şəhərindən avtobusla Bakı şəhərinə getmək istəyərkən polis əməkdaşları ona yaxınlaşaraq onu şöbəyə gətirmişlər. Hazırda əməlindən peşmandır, bir daha belə hərəkətlərə yol verməyəcəkddir, odur ki, barəsində yüngül cəza tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş Malina Cabbarovanın 16.05.2022-ci il tarixli ərizəsindən görünür ki, Şəxs onun uşaqlarının atasıdır, onun həbs olunmasını istəmir, cərimə edilməsini istəyir. Beləliklə, iş materiallarını nəzərdən keçirib, hesab edirəm ki, Şəxs Rafikovç həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir, o, həmin maddələrlə təqsirli bilinməli, lakin aşağıdakı əsaslara görə onun barəsində həmin xətalardan daha ciddi xətaya görə-yəni İXM-nin 535.1-ci maddəsi ilə müəyyən edilmiş sanksiya çərçivəsində inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Rafikovç barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, onun əməlindən peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi qəbul edilir, məsuliyyəti ağırlaşdıran hal isə müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Rafikovçin şəxsiyyətini, işdə məsuliyyəti yüngülləşdirən halı, işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh növü olaraq cərimə tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Rafikovçin barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə inzibati tənbehin tətbiq olunmasını isə ona görə məqsədəmüvafiq hesab etmirəm ki, həmin şəxsin barəsində cərimə növündə inzibati tənbehin tətbiq ediləcəyi təqdirdə islah olunmasını, onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsini, onun özünün və digər şəxslərin gələcəkdə bu qəbildən və ya digər yeni inzibati xətaların törədilməsinin qarşısının alınmasını və bununla da inzibati tənbehin məqsədlərinin təmin olunmasını mümkün hesab edirəm. Hesab edirəm ki, tətbiq olunacaq cərimə növündə inzibati tənbeh Şəxs Rafikovçin islah olunması üçün daha effektli olar. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldım: Şəxs Rafikovç Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib, İXM-nin 510-cu maddəsi ilə 50 (əlli) manat məbləğində cərimə, İXM-nin 535.1-ci maddəsi ilə 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən Şəxs Rafikovç Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Hakim: Adil Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar