Məhkəmə qərarları › İş №3(029)-197/2024

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-197/2024

05.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-197/2024 05.09.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi X1 oğlunun katibliyi ilə, xx.xx.1974-cü ildə Qusar rayonunda anadan olan, Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan, fərdi işlə məşğul olan Şəxs barəsində Qusar rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 17:00-da idarə etdiyi “ TOYOTA PRİUS (HİBRİD) MİNİK” markalı, **-RG-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi ilə Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsi halına yol vermişdir. Həmin faktla bağlı Qusar RPŞ-nin TB tərəfindən araşdırma aparılmış və xx.xx.2024-cü il tarixli qərarla Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş, qəbul edilmiş qərarın surəti barəsində Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə tədbir görülməsi üçün Qusar RPŞ-nin DYPB-nə göndərilmişdir. Qusar RPŞ-nin DYPB tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə İXP ******* saylı xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmiş, həmin material xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə ərizə ilə müraciət edərək protokol üzrə özünü təqsirli bildiyini, bir daha belə qanunsuz hərəkətlərə yol verməyəcəyini və barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Həmçinin məhkəmə iclasında verdiyi izahatda bildirmişdir ki, əməlindən peşmandır və zərərçəkmiş şəxslə barışmışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs Tofik oğlu izahatında bildirmişdir ki, Şəxs ilə barışmışdır. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. xx.xx.2024-ci il tarixli cinayət işinin başlanması rədd edilmiş haqqında olan qərarda olan “MTE VƏ PA” EET Birliyinin Qusar rayon şöbəsinin xx.xx.2024-cü il tarixli 370 №-li ekspert rəyinə əsasən vətəndaş Zərərçəkmiş şəxs Tofik oğlunun məhkəmə-tibbi müayinəsi zamanı onun bədən səthində alnın tüklü hissəsinin sol tərəfinin əzilmiş yarası bərk, küt əşyanın təsirindən, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü tarixdə YNH-sı nəticəsində əmələ gələ bilərdi. Qeyd olunan xəsarət dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Beləliklə, məhkəmə, iş materiallarını və məhkəmə iclasında verilən izahatları tam şəkildə tədqiq edərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həmin hərəkəti ilə Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs qeyd olunan əməli törətməsi ekspert rəyi və özünün etirafedici izahatı ilə sübut olunur. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və bu səbəbdən də o, həmin maddə ilə təqsirli bilinməli və barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə -üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, məhkəmə zalındakı davranışını, törətdiyi əməli etiraf etməsini, səmimi peşmançılığını və işin digər hallarını nəzərə alaraq onun barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Belə ki, nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılırması növündə inzibati tənbehi tətbiq edilərsə onun gəlirinə təsir edərək, həyat şəraitinə mənfi təsir etdiyindən nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılırması növündə inzibati tənbehin tətbiq edilməsini məqsədə müvafiq hesab etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, 300 (üç yüz) manat məbləğində cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Hakim: Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar