Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-2/2023 12.01.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Laçinov Ramil Elnur oğlunun katibliyi ilə Barəsində inzibati xəta haqında iş üzrə qərar qəbul edilmiş şəxs X3 iştirakı ilə X3 Qusar RPŞ-nin DYPB-nin Yol patrul xidməti tərəfindən qəbul edilmiş xx.xx.2022ci il tarixli TP ******* saylı qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qusar RPŞ-nin DYPB-nin Yol patrul xidməti baş inspektoru polis baş leytenantı X9 tərəfindən X3 barəsində Azərbaycan Respublikasının İXM-nin 329.3-cü maddəsi ilə xx.xx.2022-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və xx.xx.2022-ci il tarixli TP ******* saylı qərarla həmin şəxs həmin maddələrlə təqsirli bilinib 30 (otuz) manat məbləğində cərimə edilmişdir. X6 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. X6 şikayəti onunla əsaslandırmışdır ki, 24 noyabr 2022-ci il tarixdə Qusar şəhəri Heydər Əliyev prospektində etibarnamə əsasında idarə etdiyi VAZ 21103 markalı avtomobil ilə hərəkətdə olarkən saat 18:50 radələrində YPX əməkdaşları onu saxlamış və Qusar rayonu YPX-nın inspektoru polis serjantı X9 tərəfindən barəsində İXP ******* saylı protokol tərtib olunmuşdur. Protokolda onun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.3 maddəsi ilə törətmiş olduğu xətaya görə məsuliyyət qeyd edilmişdir. O, bu protokolun tərtib olunmasına etiraz etsə də, inspektor razılaşmamış və protokolu qərarsız tərtib etmişdir. Protokola etirazını bildirmiş olduğu üçün şikayətinə 09 dekabr 2022-ci ildə Qusar RPŞ-nin DYPB-də baxılsa da, əsaslandırmadan heç bir qanuni istinad göstərmədən, öz versiyalarını sübuta yetirmədən barəsində AR İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsinin tələblərini pozmaqla 30 manat məbləğində cərimə edilməsilə bağlı qərar çıxarılmışdır. Onun etirazı haqqıda çıxarılan qərarın heç bir hüquqi əsaslarının olmamasıdır. Belə ki, “X11” AR Qanununun 73-cü maddəsi Nəqliyyat vasitəsinin sürücüsü tərəfindən səs siqnalları və xarici işıq cihazlarından istifadə edilməsi maddəsidir. Bu maddəyə görə sutkanın qaranlıq vaxtı və ya məhdudiyyətli görünmə şəraitində, habelə tunellərdə hərəkətdə olan nəqliyyat vasitələrində və qoşqularda işıq cihazları və işıq siqnalları hansı qaydada yandırılması sadalamır. Qanuna əsasən yaşayış məntəqələrində yol kifayət qədər işıqlandırıldıqda və yaşayış məntəqələrindən kənarda, əgər yolun hərəkət hissəsi yol boyu işıqlanmışdırsa və əgər həmin işıqlandırma sürücüyə kifayət qədər məsafədə görmək imkanı verirsə uzaq işıqlardan istifadə edilməməlidir. Göründüyü kimi bu maddənin tələbləri pozulmuşdır. Çünki YPX inspektoru onun avtomobilini saxlayarkən saxlanma səbəbinin reydin keçirilməsinin olduğunu bildirmiş halbuki nəqliyyat vasitələri yalnız "X11” Azərbaycan Respublikası Qanununun 85-ci maddəsində nəzərdə tutulan hallarda dayandırıla bilər. O, buna etirazını bildirmiş və DİNnin 102 zəng mərkəzinə zəng etmiş, çox keçməmiş Qusar RPŞ-nin növbətçi hissəsindən ona zəng olunaraq şikayəti barəsində məlumat veməyini bildirmişdir. İnspektor sonra uzaq işıqları yandırmağını istəmiş və o, uzaq işıqları yandırmış və o heç bir əsası olmadan uzaq işıqlardan istifadə etdiyini bildirərək protokol tərtib etmişdir. YPX inspektoru avtomobilini saxlayarkən Yol-patrul xidməti haqqında Təlimatın 4.7-ci maddəsinin tələblərini pozmuşdur. Belə ki, Yol-patrul xidməti haqqında Təlimatın 4.7-ci maddəsində göstərilmişdir ki, YPX inspektoru tərəfindən nəqliyyat vasitəsi dayandırılarkən bütün hallarda patrul avtomobilində və ya postda quraşdırılmış videokamera daim işlək vəziyyətdə olmalı, patrul avtomobilində quraşdırılan məsafədən səs ötürən mikrofondan istifadə edilməlidir. Sürücü ilə ünsiyyət və inzibati xətanın sənədləşdirilməsi, habelə YPX inspektorunun digər hərəkətləri avtomobilin içəri hissəsində və ya kənarda kameranın görünüş dairəsində aparılmalıdır. O, öz iradını bildirdikdən sonra inspektor üzərində olan video və audio cihazını yandırmışdır. Qeyd etmişdir, həmin vaxt yaşayış məntəqəsində günün axşam vaxtları hərəkətdə olarkən uzaq işıq cihazlarından istifadə etməmiş və YPX inspektoru əsassız olaraq AR İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsinin tələbini pozduğuma görə protokol tərtib etmişdir. Göstərilənlərə əsasən hesab edir ki, Qusar rayon X13 Patrul Xidmətinin inspektoru tərəfindən tərtib olunmuş protokol və qərar ləğv olunmalıdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X6 şikayəti müdafiə etmiş və izahatında göstərmişdir ki, o, 24 noyabr 2022-ci il tarixdə Qusar şəhəri Heydər Əliyev prospektində etibarnamə əsasında idarə etdiyi VAZ 21103 markalı avtomobil ilə hərəkətdə olarkən saat 18:50 radələrində YPX əməkdaşları onu saxlamış və Qusar rayonu YPX -nın inspektoru polis serjantı X9 tərəfindən barəsində İXP ******* saylı protokol tərtib olunmuşdur. Protokolda onun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.3 maddəsi ilə törətmiş olduğu xətaya görə məsuliyyət qeyd edilmişdir. O, bu protokolun tərtib olunmasına etiraz etsə də, inspektor razılaşmamış və protokolu qərarsız tərtib etmişdir. Protokola etirazını bildirmiş olduğu üçün şikayətinə 09 dekabr 2022-ci ildə Qusar RPŞ-nin DYPB-də baxılsa da, əsaslandırmadan heç bir qanuni istinad göstərmədən, öz versiyalarını sübuta yetirmədən barəsində AR İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsinin tələblərini pozmaqla 30 manat məbləğində cərimə edilməyimlə bağlı qərar çıxarılmışdır. Onun etirazı haqqında çıxarılan qərarın heç bir hüquqi əsaslarının olmamasıdır. O, heç bir qayda pozuntusuna yol verməmişdir. Qusar RPŞ-nin YPX-nın inspektoru polis serjantı X9 özünü təqdim etməmiş, reyd keçirilməsi haqqında qərarını ona təqdim etməmişdir. Axşam radələrində hava tam qaralmamışdır. Avtomaşınla həmin ərazidə hərəkətdə olan zaman və ya saxlanıldığı vaxt uzaq işıqlardan istifadə üçün heç bir zərurət olmamışdır. Polis əməkdaşlarının onu saxladığı ərazidə süni işiqlardan istifadə edildiyi üçün uzaq işıqlardan istifadə etməyə heç bir zərurət yox idi. Polis əməkdaşlarının post qurduğu yer süni işıqlandırmışdır. İlk olaraq polis əməkdaşları ona cərimələrin yoxlamasına görə saxladığını bildirmişdir. O, da bunun yalnız stasionar postlarda yoxlaya biləyəcəyini bildirmişdir. Reyd keçirən zaman sənəd olmalıdır, sənədin də bir surəti reyd keçirən polislərdə olamalıdır. Polis əməkdaşları reyd sənədinin olduğunu və həmin sənədinin ona təqdim etməyəcəyini bildirmişdir. Polis əməkdaşlarına reyd sənədinin göstərmədiyi üçün irad bildirmişdir. Daha sonra Qusar RPŞ-nin YPX-nın inspektoru polis serjantı X9 ona işıq cihazlarının sazlığını yoxlamaq üçün uzaq işıqların yandırılmasını xahiş etmişdir. O, da uzaq işıqları yandırıb söndürmüşdür. Bundan sonra ona uzaq işıqları yandıraraq hərəkət etdiyini bildirmişdir. İlk olaraq ona cərimələrin və cərimə balların olub olmamasını yoxlamaq üçün saxlandığını bildirmişdir. Polis əməkdaşların qanunsuz hərəkətlərindən DİN-nin 102 çağrı mərkəzinə zəng edərək şikayət etmişdir. Avtomaşında qanunla qadağan olunmuş işıq və səs siqnalları olmamışdır. Həmin vaxt yaşayış məntəqəsində günün axşam vaxtları hərəkətdə olarkən uzaq işıq cihazlarından istifadə etməmiş və YPX inspektoru əsassız olaraq AR İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsinin tələbini pozduğuna görə protokol tərtib etmişdir. Odur ki, həmin halların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Qusar rayon Polis Şöbəsi məhkəmə iclasının yeri və müddəti barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, Qusar rayon Polis Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 112.1.4-cü maddəsinə əsasən işə Qusar rayon Polis Şöbəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X3 izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Qusar rayon Polis Şöbəsinin DYPB-nin polis kapitanı X4 xx.xx.2022-ci il tarixli TP ******* saylı qərarının surətindən görünür ki, X3 xx.xx.2022-ci il tarixdə saat 18:53-də Qusar şəhəri Heydər Əliyev prospektində VAZ 21103 minik markalı O862MY05 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən işıq cihazlarından istifadə qaydalarını pozduğuna görə onun barəsində Azərbaycan Respublikasının İXM-nin 329.3cü maddəsi ilə 30 manat məbləğində cərimə edildiyi göstərilmişdir. Qusar Rayon Polis X1 şikayəti ilə əlaqədar Qusar rayon Polis Şöbəsinin DYPB-nin polis kapitanı X4 xx.xx.2022-ci il tarixli TP ******* saylı qərarın qəbul edilməsi üçün əsas olan sənədlərin və digər sübutların təqdim edilməsi üçün dəfələrlə sorğular verilməsinə baxmayaraq, Qusar RPŞ-ə tərəfində heç bir sorğuya cavab verilməmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs məhkəmə iclasına gəlməyib işin halları barəsində izahat verməmişdir. Azərbaycan Respublikası İXM-nin təqsirsizlik prezumpsiyası prinsipi məsələlərini tənzimləyən 8-ci maddəsinə əsasən «8.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir». Göründüyü kimi, şəxsin təqsirli olması halını sübuta yetirmək vəzifəsi müvafiq səlahiyyətə malik orqanın (vəzifəli şəxsin) üzərinə düşür. Azərbaycan Respublikası İXM-nin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə məhkəmə iclasında işin faktiki halları araşdırılarkən müəyyən edildi ki, X3 Azərbaycan Respublikası İXM-nin 329.3-cü maddəsi ilə nəzərdə tutulan əməli törətməsi təsdiq edilməmiş, iş üzrə bütün sübutlar əldə edilib araşdırılmamış, araşdırılıbsa da həmin sübutlar məhkəməyə təqdim edilməmiş, həmin şəxsin İXM-nin 329.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair qəti nəticəyə gəlinməyə tam əsas yaradan işin bütün faktiki halları aydınlaşdırılmamış, İXM-də müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Bununla da, X3 Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsində və İnsan Hüquqlarının və X5 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsində təsbit edilmiş ədalətli məhkəmə araşdırması hüququ pozulmuşdur. Belə ki, Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Engel və başqaları Niderlanda qarşı işdə və bir sıra digər presedentlərində (Meneşeva Rusiyaya qarşı və s.) İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi daxili qanunvericilikdə olan təsnifatdan asılı olmayaraq, bir sıra hallarda (əməlin xarakteri və mümkün cəzanın ağırlığı və s.) inzibati xətalar haqqında işləri cinayət ittihamına bərabər saymışdır. Salduz Türkiyəyə qarşı işdə Avropa Məhkəməsi Avropa Konvensiyasının 6-cı maddəndə təsbit olunmuş təminatları işin məhkəməyəqədərki araşdırma mərhələsinə də aid etmişdir. Qusar rayon Polis Şöbəsi məhkəməyə hadisənin videogörüntüsünü təqdim etməyib. Beləliklə, mövcud vəziyyətdə X3 Azərbaycan Respublikası İXM-nin 329.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi halı sübuta yetirilmir. Azərbaycan Respublikası İXM-nin 135.1.1-ci maddəsinə əsasən «hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması» inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Məhkəmə hesab edir ki, X3 dəlillərinin aidiyyəti sübutlarla əlaqəli şəkildə araşdırılmaması iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması anlamına gəlir. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən «bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında» qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 128-136-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şikayət təmin edilsin. X2 rayon Polis Şöbəsinin DYPB-nin polis kapitanı X4 xx.xx.2022-ci il tarixli TP ******* saylı qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Qusar RPŞ-nə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Əli Cəlilov
Məhkəmə qərarları › İş №3(029)-2/2023
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-2/2023
12.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver