Məhkəmə qərarları › İş №3(029)-2/2024

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-2/2024

07.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-2/2024 07.01.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi X2, məhkəmə iclas katibi Əliyev Rahib Malik oğlunun katibliyi ilə xx xxxxxx 2000-ci ildə Qusar şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, Qusar rayonu Xuray kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə Qusar rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdim: Şəxs xx.xx.2024-cü il tarixdə saat 00:00 radələrində Qusar rayonu Xuray kəndinin girişində sərxoş halda polis əməkdaşları ilə mübahisə edərək ictimai qaydanı pozmuş, həmçinin polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Həmin faktla bağlı Qusar RPŞ-nin İTB-nin polis sahə rəisi X1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələri ilə MN 1686769/04 saylı xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 00:00 radələrində Qusar rayonu Xuray kəndinin girişində onun idarə etdiyi avtomobili polis əməkdaşları saxlayaraq onun sərxoş olduğunu güman edib avtomobilin açarını ondan tələb etmişlər, o, isə evdə problemlər yaranacağından qorxaraq açarı polis əməkdaşlarına verməkdən imtina etmiş, həmçinin onlarla mübahisə edib səs-küy salmışdır. Hazırda o, törətdiyi əməlindən peşmandır, səhv etmişdir. Odur ki, barəsində cərimə tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Beləliklə, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs ona istinad olunan inzibati xətaları törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə tövsif olunmuşdur. O, həmin maddələrlə təqsirli bilinməli və Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələbinə uyğun olaraq barəsində həmin xətalardan daha ciddi xətaya görə, yəni İXM-nin 535.1-ci maddəsi ilə müəyyən edilmiş sanksiya çərçivəsində inzibati tənbeh tətbiq edilməlidir. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, onun əməlindən səmimi peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi qəbul edilir, məsuliyyəti ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, işdə məsuliyyəti yüngülləşdirən halı və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh tədbiri olaraq cərimə tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. İşin materiallarına görə Şəxs xx.xx.2023-cü il tarixdə saat 01:30-da inzibati qaydada tutulmuş, xx.xx.2024-cü il tarixdə saat 14:00-da azad olunmuşdur. Belə olan halda məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.4-cü maddəsinin tələblərinə uyğun inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, həmin normaya görə inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldım: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib, İXM-nin 34.3-cü maddəsinə əsasən həmin Məcəllənin 535.1-ci maddəsi ilə 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Hakim: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar