Məhkəmə qərarları › İş №3(029)-204/2025

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-204/2025

08.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-204/2025 08.07.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi X1, xx.xx.1989-cu ildə İran İslam Respublikası Astara şəhərində anadan olmuş, həmin şəhərdə yaşayan, İran İslam Respublikasının vətəndaşı Şəxs haqqında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsi Əməliyyat və Təhqiqat Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, Müəyyən etdim: xx.xx.2025-ci il tarixində saat 15:30 radələrində “Samur” gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan İran İslam Respublikası vətəndaşı Şəxs idarə etdiyi "Mercedes Benz” markalı, 36AB703/36AB704 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə keçirilmiş gömrük yoxlaması zamanı, nəqliyyat vasitəsinin kabinəsinin sağ hissəsindəki yeşikdən gömrük nəzarətinə bəyan olunmayan 5 ədəd “Nemiroff de luxe 250 ml" markalı araq, kabinanın yataq hissəsindəki üzlüyün arxasından gömrük nəzarətindən gizlədilmiş 7 ədəd “Урожай 0.25л” markalı araq, sürücünün oturacağının altından gömrük nəzarətindən gizlədilmiş 14 ədəd “Пять Озер 250мл” markalı araqlar aşkar olunaraq protokol əsasında gğtürülmüşdür. Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının xx.xx.2025-ci il tarixli, 028/25-X saylı mütəxəssis rəyinə əsasən, tədqiqata qeyd olunan malların xx.xx.2025-ci il tarixə orta bazar qiyməti 168 manat təşkil edir. Faktla bağlı Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsi Əməliyyat və Təhqiqat Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 480 və 482.1-ci maddələri ilə xx.xx.2025-ci il tarixli 01400-04730/25 saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasının yeri və müddəti barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsinə məhkəmə iclasının yeri və müddəti barədə lazımi qaydada məlumat verilmiş, lakin həmin idarənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İXM-nin 61.3 və 112.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edirəm. Beləliklə, iş materiallarını tam şəkildə araşdıraraq məhkəmə belə qənaətə gəlir ki, Şəxs yuxarıda sadalanan malların bir qismini Azərbaycan Respublikasının gömrük sərhədində gömrük nəzarətindən bəyan etmədən, digər qismini isə gömrük nəzarətindən gizli keçirməsi təqdim edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Odur ki, həmin şəxsin əməlləri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480 və 482.1-ci maddələri ilə düzgün tövsif edilmişdir, o, həmin maddələrlə təqsirli bilinməli və barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 480-ci maddəsinə əsasən malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirilməsinə, yəni gizli saxlanc yerlərindən və ya malların aşkar edilməsini çətinləşdirən digər üsullardan istifadə edilməklə, yaxud bir qəbildən olan malların digər şəklə salınmaqla keçirilməsinə görə, bu az miqdarda olduqda - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin altmış faizindən yüz faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 482.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin altmış faizindən yüz faizinədək məbləğdə cərimə edilir. Göründüyü kimi, Şəxs tərəfindən törədilmiş hər iki inzibati xətanın sanksiyası eynidir və bu səbəbdən də hesab edirəm ki, onun barəsində hər iki maddənin sanksiyası çərçivəsində inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh tədbiri olaraq inzibati xətanın bilavasitə obyekti olan predmetlərin müsadirəsinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 480 və 482.1-ci maddələri ilə təqsirli bilinərək, inzibati xətanın bilavasitə obyekti olan, dəyəri 168 manat təşkil edən, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi “Azərterminalkompleks” Birliyində saxlanılan 5 ədəd “Nemiroff de luxe 250 ml" markalı araq, 7 ədəd “Урожай 0.25л” markalı araq, 14 ədəd “Пять Озер 250мл” markalı araqlar müsadirə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Qusar rayon Məhkəməsinin hakimi: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar