Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-212/2021 21.04.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi Vəliyev Adil Yaqub oğlu, xx.xx.1993-cü ildə Qusar şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Qusar Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdim: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 13:15-də Qusar rayon Polis Şöbəsinə gətirilən zaman onun üzərindən 2 ədəd kağız bükümlərdə 0,398 qram və 0,500 qram, ümumilikdə 0,898 qram çəkidə narkotik vasitə olan marixuana aşkar edilmiş və həmin vaxt Şəxs polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Həmin faktla bağlı Qusar RPŞ-nin İB tərəfindən araşdırma aparılmış, ********* saylı cinayət işi üzrə xx xxxxxx 2021-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarla Şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 221, 234.4.1 və 315-ci maddələri ilə cinayət təqibinə başlanılmaması və onun Azərbaycan Respublikasının İXM-nin 206, 211.2, 510 və 535.1-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi üçün qəbul edilmiş qərarın surətinin Qusar RPŞ-nin İTB-nə verilməsi qərara alınmışdır. Bundan başqa, Şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın və barəsində seçilmiş “həbs” qətimkan tədbirinin dəyişdirilməsinə zərurət olmadığından qüvvəsində saxlanılması qərara alınmışdır. Bundan başqa, Ədliyyə Nazirliyinin MEM-də aparılmış ekspertizalardan sonra qalıq qalmış 9,176 və 0,798 qram marixuana iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən, maddi sübut kimi tanınmış və Qusar RPŞ-nin Maddi Sübutlar otağında saxlanılması nəzərə alınmışdır. Qusar RPŞ-nin rəisi polis polkovniki X1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 206 və 535.1-ci maddələri ilə MN 1004213-400 saylı xx.xx.2021ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta haqqında protokolda göstərilən xüsusatları təsdiq etmiş, hazırda törətdiyi əməlindən səmimi peşmançılıq hissi keçirdiyini göstərmiş və barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 7/803 saylı ekspert rəyinin surətindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Şəxs Samir oğlunun üzərinə şəxsi axtarış keçirilən zaman aşkar olunan” sözləri yazılmış zərfdə 02 (iki) ədəd kağız bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri: 0,398 qram və 0,500 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixanadır. Ümumi çəkisi-0,898 qramdır. Həmin rəyin təsviri-əsaslandırıcı hissəsindən görünür ki, ekspertiza tədqiqatından sonra narkotik vasitə olan qurudulmuş marixananın qalıq çəkisi 0,798 qram olmuşdur. Beləliklə, iş materiallarını nəzərdən keçirib, hesab edirəm ki, Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir, o, həmin maddələrlə təqsirli bilinərək hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilməli, lakin yekun olaraq aşağıdakı əsaslara görə onun barəsində həmin xətalardan daha ciddi xətaya görəyəni İXM-nin 206-cı maddəsi ilə müəyyən edilmiş sanksiya çərçivəsində inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, onun əməllərindən səmimi peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi qəbul edilir, məsuliyyəti ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, işdə məsuliyyəti yüngülləşdirən halı və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh növü olaraq cərimə tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Şəxs üzərindən aşkar olunmuş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.798 qram narkotik vasitə qurudulmuş marixuana həmin şəxsin Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işi üzrə Qusar RPŞ-nin İB-nin xx xxxxxx 2021-ci il tarixli qərarına əsasən maddi sübut kimi tanınmış və saxlanması üçün Qusar RPŞ-nin Maddi Sübutlar otağına təhvil verilmişdir. Həmin maddi sübutun taleyi həmin cinayət işi üzrə yekun qərar qəbul olunan zaman həll olunacaqdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddələri ilə təqsirli bilinib, İXM-nin 206-cı maddəsi ilə 300 (üç yüz) manat məbləğində cərimə, İXM-nin 535.1-ci maddəsi ilə 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №3(029)-212/2021
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-212/2021
21.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver