Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-212/2022 23.06.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi Vəliyev Adil Yaqub oğlu, xx.xx.1968-ci ildə Qusar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Qusar Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, Müəyyən etdim: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 23:30 radələrində Qusar şəhəri İlizarov küçəsində “PEUGEOT 807 MİNİK” markalı ** DX *** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə idarə etmişdir. Həmin faktla bağlı Qusar rayon Polis Şöbəsinin YPX tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 333.1-ci maddəsi ilə İXP ******* saylı xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmiş, həmin material xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməmiş və izahatında göstərmişdir ki, o, elektrikdir, keçmiş SSRİ vaxtlarında da mühəndis işləmişdir. 2011-ci ildən 2018-ci ilə kimi Dubayda yaşamış, orda bizneslə məşğul olmuşdur. Dubayda olanda nəinki spirtli içki qəbul edib avtomobili idarə etmək olmaz, hətta spirtli içki qəbul edib küçəyə belə çıxmaq olmaz. O, Azərbaycana qayıtdıqdan sonra sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa başlamış, gilas bağı salmış, 640 ədəd qələmləri Türkiyədən gətirtmişdir. Onun evinin uzunluğu 14 metrdir, o, avtomobili evin hər iki tərəfində saxlayır. Hadisə baş verən gün o, sahədə olmuş, qələmlərə dərman vurmuşdur. Həmin gün gecə saatlarında təxminən saat 23-23:30 radələrində o, avtomobili evin qabağında olan dayanacaqdan digər dayanacağa tərəf, təxminən 5 metr idarə etmişdir. Həmin vaxt onun təzyiqi qalxmış, bir kola içmiş və evdə soyuducudan bir stəkan soyuq qatıq götürüb içmişdir. Polis əməkdaşları onu saxlamış və ondan spirtli içki qəbul edib-etmədiyini soruşmuş, o, polis əməkdaşlarına spirtli içki qəbul etmədiyini bildirmiş, kola içdiyini demişdir. Polis əməkdaşları alkotesteri üfürməsini demiş, o da alkotesteri üfürmüş və alkotesterdə 0,372 rəqəm göstərmişdir. O, həmin göstərici ilə razı deyildir. Buna görə polis əməkdaşları onu şöbəyə dəvət etmiş, şöbədə də hazırda məhkəmədə dediyi formada izahat vermişdir. Şöbədə inzibati protokol tərtib etmiş polis əməkdaşı onun əlindən yazdığı izahatı dartıb almış, ona “mən nə deyirəmsə onu yazacaqsan” demişdir. Buna görə həmin polis əməkdaşı ilə onun arasında mübahisə yaranmış və həmin vaxt həmin polis əməkdaş otaqdan çölə çıxmış, sonra da otağa qayıdaraq ona “yüngül yazmışam qol çək” demiş, o da polis əməkdaşının yazdığı izahata qol çəkmiş və evə qayıtmışdır. O, növbəti gün səhər şöbəyə getmiş və polis əməkdaşlarına ona böhtan atdıqlarını, onu xəstəxanaya aparıb qan analizi götürməsini demiş, polis əməkdaşları onu saat 1-ə kimi şöbədə saxlamış və qandan analiz götürmək üçün həkimə aparmamışlar. O, həmin vaxt bilmişdir ki, guya o, polis əməkdaşlarına GO adlı tərkibində spirt olan energetik içki içdiyini demiş, lakin o, heç bir energetik içki içməmiş, polis əməkdaşlarına kola içdiyini demişdir. Həmin gün günortadan sonra o, avtomobili dayanacaqdan götürməyə getmiş, onunla başqa bir polis əməkdaşı da gəlmişdir. O, həmin polis əməkdaşına onunla qandan analiz götürməyə gəlməsini xahiş etmiş, lakin həmin polis əməkdaşı razılaşmayaraq çıxıb getmişdir. Bundan sonra o, Quba şəhərinə getmiş, xəstəxanada qeydiyyatdan keçərək qan analizi vermiş, həkim tərəfindən sərxoş olmaması barədə müvafiq rəy verilmişdir. Həkim rəyin tarixini 7 əvəzinə səhvən 6 yazmış, sonradan isə həmin səhv aradan qaldırılmışdır. Şahid Talehin dedikləri düzdür, lakin həmin vaxt o, polis əməkdaşlarına GO deyil, kola içdiyini demişdir. Odur ki, barəsində cərimə cəzasının təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qusar rayon Polis Şöbəsinin YPX-nin inspektoru polis baş serjantı X5 izahatında göstərmişdir ki, 06 iyun 2022-ci il tarixdə təxminən saat 23:30 radələrində o, polis baş serjantı X4 ilə birlikdə YPXnin xidməti avtomobili ilə xidmətdə olarkən Qusar şəhəri Heydər Əliyev prospektindən İlizarov küçəsinə dönəndə uzaq işıqlarından istifadə etdiyinə görə Şəxs idarə etdiyi avtomobili saxlamışlar. YPX-nin xidməti avtomobilində müşahidə kamerası var və daimi çəkiliş aparır. Həmin vaxt ondan spirtli içki qəbul edib-etmədiyini soruşmuş, Azad energetik içki olan iki banka GO içdiyini demiş və onlara tabe olmayaraq evə getmək istəmişdir. Onlar Azadı təsadüfən saxlamış, saxlanılanda ona heç bir təsir və təzyiq olunmamışdır. Saxlanılan vaxt Azad avtomobilini 10-15 metr idarə etdiyini demişdir. Onlar Azada alkotesteri üfürməyi təklif etmiş, Azad alkotesteri üfürmüş, alkotester 0.372 promilli göstərmişdir. Onlar Azada şöbəyə gəlməsini təklif etmiş, lakin sonuncu onlara tabe olmamış, evə getməyə çalışmış, həmin vaxt oraya Azadın qardaşı da gəlmiş, qardaşı onlara mümkündürsə bağışlanmasını demişdir. Daha sonra Azad barəsində yerində protokol tərtib olunmuş, akt tərtib olunaraq avtomobili duracağa yerləşdirmişlər. Şöbədə Azad özü izahatı latın qrafiki ilə yaza bilmədiyini demiş, onun sözləri ilə yazılmış izahatı ona ucadan oxumuş və Azad imza çəkmişdir. Azad həmçinin alkotesterdən çıxarışa da imza edərək orada “razıyam” qeydini yazmışdır. İzahat alınarkən də, videoçəkiliş aparılmış və CD diskə köçürülmüşdür. Şöbədə o, Azadın əlindən dartıb izahatı almamış, görüntülərdən də Azadın qabağında özünün yazdığı izahat görünür. Narkotik vasitələr 21 gün qanda qalır, Azadın qəbul etdiyi içki energetik içkidir, tərkibində spirt var. GO bütün dükanlarda aksizlə satılır. 2 ədəd banka GO içkisi yarım litr arağa bərabərdir. Şəxs qanında alkoqolun konsentrasiyası 0.372 promilli olmuş, bu isə yüngül sərxoşluq sayılır. Ona görə də, ola bilər ki, Azad növbəti gün günorta saatlarında tibbi müayinədən keçərkən onun sərxoşluğu keçmişdir. Alkotesterin sertifikatı var, qalaqramı da üstündə olur. Odur ki, Şəxs barəsində qanuni inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Qusar rayon Polis Şöbəsinin YPX-nin inspektoru polis baş serjantı X1 Tural Nuqu oğlu ilə analoji izahat verərək həmin şəxsin göstərdiyi xüsusatları tam təsdiq etmişdir. Məhkəmə iclasında şahid X2 izahatında göstərmişdir ki, o, taksi fəaliyyəti ilə məşğul olur. O, Azadı əvvəllər tanımamışdır. Hadisə vaxtı o, idarə etdiyi avtomobillə həmin yerdən keçərkən orada səs-küy çox olduğundan nə isə baş verdiyini zənn edib oraya yaxınlaşmışdır. Həmin vaxt Şəxs ucadan danışaraq “məni hara aparırsız, nə içmişəm ki, GO içmişəm” demişdir. Polis əməkdaşları Azada alkotesteri üfürməyi təklif etmiş, sonuncu isə üfürmüş, lakin nə qədər promilli olmasını xatırlamır. Azaddan konfet iyi gəlmiş, sərxoş vəziyyətdə olmuşdur. Azad “həkimə getmək lazımdır, analiz vermək lazımdır, öz evimdəyəm, buradan buraya maşın sürə bilmərəm ki?” deyirdi. O, hadisə yerinə gələndə Azadın avtomobili dayanmış vəziyyətdə olmuşdur. Azad GO içdiyini demişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, protokollaşdırma nömrəsi 06963 olan alkotesterdən çıxarışdan görünür ki, həmin tarixdə saat 23:25-də Şəxs qanında alkoqolun konsentrasiyası 0,372 promilli olmaqla o, sərxoş vəziyyətdə olmuşdur. Şəxs həmin çıxarışın üzərinə “razıyam” qeydini yazaraq imzalamışdır. Məhkəmə tərəfindən Qusar RPŞ-nin DYPB tərəfindən təqdim edilmiş CD diskə baxış keçirilərkən məlum olmuşdur ki, YPX əməkdaşları gecə saatlarında Şəxs idarə etdiyi avtomobil saxlayarkən həmin avtomobil hərəkətə olmuşdur. Həmçinin, müəyyən olunmuşdur ki, həmin şəxsin sərxoşluğu yoxlanılarkən və hadisə ilə bağlı ondan izahat alınarkən ona hər hansı təsir və ya təzyiq olunmamış, həmin şəxs sərxoş olduğunu etiraf etmiş və alkotesterdən çıxarışla razı olaraq onu və izahatı imzalamışdır. İş materiallarında olan Quba rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 40 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, həmin tarixdə saat 14:35-də Şəxs ayıq olmuşdur. Həmin protokolun tarixi xx.xx.2022-ci il olmuş, sonradan üzərində düzəliş edilərək xx.xx.2022-ci il yazılmışdır. İş materiallarında olan Şəxs Qusar RPŞ-nə verdiyi izahatından görünür ki, xx.xx.2022-ci il tarixdə saat 23 radələrində özünə məxsus “PEUGEOT” markalı ** DX *** dövlət qeydiyyat nişanlı avtomobili yaşadığı ünvan 3 ünvanına bitişik “OKİ” klinikasının dayanacağından 15 metr məsafədə olan evinin qabağına, avtomobili saxlamaq məsqədi ilə sürmüşdür. Alkotesterin nəticəsi ilə razıdır, həkimə getməyə ehtiyac yoxdur. Bu halın birinci dəfə olduğunu nəzərə alaraq ona xəbərdarlıq edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İXM-nin 333-cü maddəsinin qeyd hissəsindən görünür ki, xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Göründüyü kimi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməsə də, onun həmin inzibati xətanı törətməsi-yəni nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etməsi, məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, hadisə zamanı YPX-nin xidməti avtomobilində olmuş digər polis əməkdaşının, hal şahidinin məhkəmə iclasında verdikləri izahatları ilə, təqdim edilmiş CD diskdə olan videogörüntü və alkotesterdən Çıxarışla, özünün Qusar RPŞ-nə verdiyi izahatı ilə tam təsdiq olunmuşdur. Bundan başqa, Şəxs məhkəmə iclasında əvvəlcə avtomobili ümumiyyətlə idarə etmədiyini bildirsə də, CD diskə baxdıqdan sonra sözünü dəyişərək avtomobili 5 metrlik məsafədə idarə etdiyini bildirmişdir. Bu isə onun məhkəmə iclasında əslində səmimi izahat verməməsini təsdiq edir. Bundan başqa, Quba rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 40 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolunu müzakirə edərək hesab edirəm ki, həmin protokol hadisə baş verdiyi vaxtdan təxminən 15 saat keçdikdən sonra verilmiş və bu səbəbdən həmin protokol Şəxs hadisə baş verən anda alkoqol sərxoşluğu vəziyyətində olub-olmamasını müəyyən edən sübut kimi qəbul edilə bilməz. Odur ki, Şəxs məhkəmə iclasında verdiyi həmin izahatı qəbul edilməyərək rədd edilir. Beləliklə, iş materiallarını tam şəkildə tədqiq edərək hesab edirəm ki, Şəxs nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etməklə həmin hərəkəti ilə Azərbaycan Respublikasının İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bu səbəbdən də o, həmin maddə ilə təqsirli bilinməli və barəsində inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldım: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Hakim: Adil Vəliyev
Məhkəmə qərarları › İş №3(029)-212/2022
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-212/2022
23.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver