Məhkəmə qərarları › İş №3(029)-216/2021

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-216/2021

21.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-216/2021 21.05.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə Barəsində inzibati xəta haqında iş üzrə qərar qəbul edilmiş şəxs X2 və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X3 iştirakları ilə X2 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 30 sentyabr 2020-ci il tarixli MN ******* saylı qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 30 sentyabr 2020-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə X5 Azərbaycan Respublikasının İXM-nin 228-ci maddəsi ilə təqsirli bilinərək 600 (altı yüz) manat məbləğində cərimə edilmişdir. X5 həmin qərardan məhkəməyə şikayət verərək qərarın ləğv edilməsini və barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmiş və Qusar rayon məhkəməsinin 23 noyabr 2020-ci il tarixli 3(029)-493/2020 saylı qərarı ilə 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən X2 barəsində qəbul edilmiş 30 sentyabr 2020-ci il tarixli MN № ******* saylı qərar ləğv edilmiş, X2 barəsində Azərbaycan Respublikasının İXM-nin 228-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Qusar rayon məhkəməsinin 23 noyabr 2020-ci il tarixli 3(029)-493/2020 saylı qərarından apelyasiya şikayəti verilmiş və Sumqayıt Apelyasiya Məhkəməsinin 12 fevral 2021-ci il tarixli 3(105)-83/2021 saylı qərarı ilə Qusar rayon məhkəməsinin həmin qərarı ləğv edilmiş, material yenidən baxılması üçün həmin məhkəməyə, yeni məhkəmə baxışına qaytarılmışdır. Həmin material 28 aprel 2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. X5 şikayəti onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 30 sentyabr 2020-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası İXM-nin 228-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 600 (altı yüz) manat məbləğində cərimə edilmişdir. Qeyd olunan qərarın surətini poçt vasitəsi ilə 08 oktyabr 2020-ci il tarixdə almış və həmin qərardan həmin idarəyə şikayət etmişdir. Həmin idarə 26 oktyabr 2020-ci il tarixli, 1652 saylı məktubla onun şikayəti ilə əlaqədar aidiyyəti orqanlara müraciət etməsi tövsiyə olunmuşdur. O, 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 30 sentyabr 2020-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə razı deyil, belə ki, nə Qusar Rayon Polis Şöbəsində, nə də 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində onun barəsində toplanmış materiallar tam araşdırılmamış və onun 600 (altı yüz) manat cərimə olunması barədə qanunsuz qərar qəbul edilmişdir. Onun Qusar rayonu Xuray kəndində olan fərdi yaşayış evinin həyətyanı sahəsində yerin içində olan iki ədəd böyük həcmdə daşların həmin yerdən çıxarılaraq başqa yerə aparılması üçün bir neçə ay əvvəl Ruslan adlı ekskavator sürücüsü ilə 300 (üç yüz) manat məbləğində şifahi razılığa gəlmişdir. Ruslan adlı şəxs həmin daşları çıxardanda sonra ondan 500 manat tələb etmiş, o, da razılaşmamış və aralarında narazılıq yaranmışdır. O, Bakı şəhərində olan vaxt isə Ruslan adlı traktorçu başqa Kamaz markalı maşın sürücüsü ilə əlaqəyə girərək 4 maşın daşlı torpağı naməlum yerdən qazmaqla gətirib onun qapısına tökdürmüş və bu barədə aidiyyəti orqanlara xəbər vermişdir. Həmin məlumat əsasında da sənədləşmə aparılmaqla onun izahatı alınmadan Qusar RPŞ-nin əməkdaşları tərəfindən barəsində toplanmış material 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilmişdir. Həmin idarə də onun barəsində yuxarıda qeyd olunan qərarı qəbul etmişdir. Hesab edir ki, onun Azərbaycan Respublikasının İXM-nin 228-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 600 (altı yüz) manat məbləğində cərimə edilməsi barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 30 sentyabr 2020-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanunsuz olduğundan ləğv edilməli və həmin inzibati material üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X5 şikayəti müdafiə etmiş, şikayət ərizəsində göstərilən halları təsdiq etmiş və izahatında göstərmişdir ki, Qusar rayonu Xuray kəndində ona məxsus həyət evi vardır. 2020-ci ilin iyun ayının 3-də o, Xuray kəndinə gəlmiş, buna qədər təxminən iki ay oraya gəlməmişdir. Gələrkən o, görmüşdür ki, evinin həyətinin darvazasının qarşısına 4 maşın torpaq tökmüşlər. O, isə torpaq sifariş verməmiş, özünə lazım olan torpağı Qusar rayonu Urva kəndində olan Mehdi adlı şəxsdən almağı planlaşdırmışdır. İyun ayının 3-də Xuray bələdiyyəsində ekologiya idarəsinin əməkdaşı İlqar Ağabalayev adlı şəxslə görüşmüş, həmin şəxs demişdir ki, torpağı gətirdiyinə görə onun barəsində şikayət vardır. Sonradan məlum olmuşdur ki, Ruslan adlı traktor sürücüsü 4 maşın torpağı gətirib onun evinin qarşısına tökmüş, həmin torpağın 1 maşınını isə həyət darvazasının qarşısına tökmüşdür. Sonradan o, həmin 1 maşın torpağı evinin qarşısı açılmaq üçün dağıtmışdır. Həmin şəxs bunu ondan qisas almaq üçün etmişdir. Belə ki, o, əvvəllər Ruslanla orada olan daşın çıxarılması barədə 300 manata razılığa gəlmiş, Ruslan traktorla gəlmiş, lakin traktor xarab olmuş, Ceyhun adlı şəxs gəlib traktoru düzəltmiş və daşı 100 metr kənara çəkmişlər. O, Ruslana 300 manat pul verdikdə isə həmin şəxs ondan 500 manat pul istəmişdir. O, isə onunla 500 manata deyil, 300 manata razılaşdığını bildirmiş və Ruslan ondan narazılıq edərək getmişdir. Gedərkən demişdir ki, baxarsan nə olacaq. O, torpaqla bağlı Ruslandan soruşanda demişdir ki, pulu vermədiyinə görə belə olmuşdur. Sonra o, ekologiya idarəsinə getmiş və orada onu 600 manat cərimə etmişlər. Polisdə protokolda yazılmışdır ki, əsaslı səbəb göstərmədən imzadan imtina edib. O, isə faktiki olaraq orada olmamışdır. O, ayın 3-də izahat vermişdir. Həyətinə gətirilən torpaqdan onun xəbəri yoxdur. Hazırda o, həmin torpağı evdən çölə gedən yolda çalaya tökdürmüşdür. Ruslanın dedikləri yalandır, Elmanı isə birinci dəfədir ki, görür. O, Ceyhuna həmin torpaqla bağlı onun barəsində polisə xəbər verməməsi barədə heç nə deməmiş, onun bu barədə dedikləri yalandır. Təqdim edilmiş sənədlər saxta və quramadır. Odur ki, şikayətin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X6 izahatında göstərmişdir ki, fakt üzrə araşdırma zamanı vətəndaşlar izahat vermişlər ki, torpaq Dünyamalı Qurbanovun sifarişi ilə gətirilmiş, sonradan qiymətlə bağlı aralarında narazılıq olmuşdur. Bundan sonra, yerində baxış olmuş, polisdə bu barədə araşdırma aparılmış, sonra material 5 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilmişdir. Orada müəyyən olunmuşdur ki, Dünyamalının sifarişi ilə Qusar rayonu Xuray kəndində yerləşən həyətinə 4 maşın torpaq gətirilmişdir. İdarənin əməkdaşları şifahi məlumata əsasən yerində baxış keçirmişlər, məlum olmuşdur ki, torpaq Xuray kəndinin meşəyə yaxın ərazisindən gətirilmişdir. İzahatlar Polisdə alınmışdır. Bunun əsasında belə qənaətə gəlmişlər ki, torpağı Dünyamalı gətirmişdir. Torpağın Dünyamalının göstərişi ilə aparılması faktı tam olaraq öz təsdiqini tapmışdır. Məhkəmə iclasında izahatları alınmış şəxslər də, həmin faktı bir daha təsdiq etmişlər. Hesab edir ki, Dünyamalı Qurbanovun barəsində qəbul edilmiş inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni və əsaslıdır. Odur ki, şikayətin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Şahid1 Bəybala oğlu izahatında göstərmişdir ki, o, Qusar rayonu Gedəzeyxur kəndində yaşayır, ekskavator sürücüsü olmaqla Şahid3 məxsus ekskavatoru idarə edir, həmin ekskavatorla günü 250 manata iş görür. Qusar rayonu Xuray kəndində Dünyamalı Qurbanov üçün də iş görmüş, həmin şəxsin Xurayda evi var, onu yaxşı tanıyır. Həmin şəxslə aralarında heç bir ədavət və ya düşmənçilik, həmçinin pul barədə mübahisələri yoxdur. Hazırkı hadisədən təxminən 2 ay əvvəl Dünyamalı ona bildirmişdir ki, evinin qarşısında böyük daş vardır və həmin daşı çıxarıb başqa yerə qoymaq lazımdır. Bununla bağlı Dünyamalı ilə onun arasında razılaşma olmuş, həmin daşın çıxarılmasını 250 manata danışmışlar. O, traktorla daşı çıxarmağa getmiş, lakin traktorun gücü çatmadığından daşı çıxara bilməmiş, buna görə Şahid3 başqa traktor göndərmiş və onlar birlikdə daşı sındırıb çıxarmışlar, Dünyamalının evindən təxminən 100 metr kənara qoymuşlar. Dünyamalı özü ikinci traktor gəldiyinə görə ona 250 manat deyil, 300 manat pul vermişdir. Bununla bağlı o, Dünyamalıdan 500 manat pul istəməmiş, çünki əvvəlcədən daşın çıxarılmasını 250 manata danışmışlar, Dünyamalı özü ona əlavə 50 manat vermişdir. Odur ki, daşın çıxarılması ilə bağlı onunla Dünyamalı arasında heç bir narazılıq olmamışdır, bu barədə dedikləri yalandır. 2020-ci ilin yayında Dünyamalı evinin üst tərəfində meşənin ətəyindən həyətə 10-15 maşın torpaq gətirməsini Şahid3 bildirmiş, sonuncunun göstərişi ilə o, kamaz sürücüsü Elmanla birlikdə Dünyamalının Xuray kəndində yerləşən evinə getmiş, həmin şəxsdən torpağın daşınması ilə bağlı icazəsinin olub-olmamasını soruşmuş, Dünyamalı icazə aldığını, bələdiyyə ilə danışdığını, bələdiyyənin də oraya gələcəyini bildirmişdir. O, kamaz sürücüsü Elmanla birlikdə saat 09:00-dan axşam saat 18:00-dək işləyirlər, Dünyamalı ilə torpağın daşınmasına görə ekskavator üçün gündəlik 250 manat, Kamaz üçün isə 150 manat pula danışmışlar. Dünyamalının evinin qabağında hasarın içində yer olmuş, torpağı oraya tökməli olmuşlar. Bundan başqa, Dünyamalının evinin qarşısında torpağın ələnməsi üçün dəmir tor olmuş, Dünyamalı torpağı əvvəlcə ələkdən keçirib sonra təmiz torpağı həyətdə xüsusi ayrılmış yerə tökəcəkdi. O, Elmanla birlikdə işə başlamış, ekskavatorla torpağı kamaza yükləyib 4 kamaz torpağı Dünyamalının evinin qarşısına daşıyıb tökmüşlər. Bir qədər işlədikdən sonra Dünyamalı bələdiyyədə problem yarandığını, işi dayandırmalarını və çıxıb getmələrini bildirmiş, onlar isə narazılıq edərək əziyyət çəkib gəldiklərini, bütün günü işləmək barədə əvvəlcədən danışdıqlarını demişlər. Dünyamalı ona 100 manat, kamaz sürücüsü Elmana isə 50 manat pul vermiş və onlar oradan getmişlər. Sonradan onu Qusar Rayon Polis Şöbəsindən çağırmışlar və o, orada hadisəni olduğu kimi bildirərək bu barədə izahat vermişdir. O, torpağı özbaşına gətirməmiş, bunu Dünyamalının sifarişinə əsasən etmişdir. Onun Dünyamalıdan qisas almaq niyyəti olmamış, onun ekskavatorla əziyyət çəkə-çəkə Xuraya gedib özbaşına Dünyamalının evinə torpaq daşıması yalandır və məntiqsizdir. Həmin vaxt torpaq daşıyarkən Dünyamalı orada olmuş, hətta kamaz markalı maşına oturub onlarla birlikdə torpağın meşənin ətəyindən götürüləsi yeri göstərmiş, həmin yer qazılmış vəziyyətdə olmuşdur. Məhkəmə iclasında Şahid2 izahatında göstərmişdir ki, o, kamaz sürücüsüdür və Ceyhuna məxsus olan Kamaz markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. Dünyamalı Qurbanovu ilk dəfə torpaq məsələsinə görə görmüş, həmin şəxslə aralarında heç bir ədavət və ya düşmənçilik yoxdur. 2020-ci ilin yayında Ceyhun ona bildirmişdir ki, kamaz markalı avtomobillə Qusar rayonu Xuray kəndində Dünyamalı adlı şəxsin evindən 100 metr aralıdan evə torpaq daşımaq lazımdır. Torpağın daşınması Kamaz üçün günü 150 manata, ekskavator üçün isə 250 manata danışılmışdır. Onlar reys hesabı deyil, gün hesabı olmaqla saat 09:00-dan 18:00-dək işləməli olmuşlar. O, həmin kamaz avtomobili ilə Xuray kəndinə getmiş, ekskavator sürücüsü Ruslan da ekskavatorla oraya getmişdir. O, Ruslanla birlikdə işə başlamış, Dünyamalı adlı şəxs onun yanında oturmuş, onunla birlikdə gedərək torpağın meşənin ətəyindən götürüləsi yeri onlara göstərmiş, həmin yer qazılmış vəziyyətdə olmuşdur. Onlar kamazla Dünyamalının evinin qarşısına 4 maşın torpaq daşımışlar. Həmin torpağı Dünyamalıya məxsus evin qarşısına tökmüşlər, həmin torpaq çınqıllı olmuşdur. Sonradan Dünyamalı nəsə problem yarandığınından işlərin dayanmalı olduğunu bildirmiş və saat təxminən 12 radələrində iş dayanmışdır. Torpağı daşımamışdan əvvəl o, Dünyamalıdan bununla bağlı icazəsinin olub-olmamasını soruşmuş, sonuncu isə bələdiyyədən icazə aldığını, bələdiyyənin də oraya gələcəyini bildirmişdir. Lakin, bələdiyyə işçisi oraya gəlməmiş, Dünyamalı bələdiyyədə nəsə problem yarandığını bildirmişdir. İş dayandıqdan sonra Dünyamalı ona 50 manat, ekskavator sücürüsü Ruslana isə 100 manat pul vermişdir. Onlar isə narazılıq edərək əziyyət çəkib gəldiklərini, bütün günü işləmək barədə əvvəlcədən danışdıqlarını demişlər. Sonradan onu Qusar Rayon Polis Şöbəsindən çağırmışlar və o, orada hadisəni olduğu kimi bildirərək bu barədə izahat vermişdir. O, torpağı özbaşına gətirməmiş, bunu Dünyamalının sifarişinə əsasən etmiş, onun iştirakı ilə torpaq onun həyətinin qarşısına daşınmışdır. Onun kamazla öz hesabına yanacaq sərf edib əziyyət çəkməklə Xuray kəndinə gedib özbaşına Dünyamalının evinə torpaq daşıması məntiqsizdir, Dünyamalının bu barədə dedikləri yalandır. Məhkəmə iclasında Şahid3 izahatında göstərmişdir ki, o, bir müddət əvvəl Dünyamalı Qurbanov üçün iş görmüş, həmin şəxsin göstərişi ilə Qusar rayonu Xuray kəndində həmin şəxsə məxsus evin qarşısında olan böyük daşı çıxarıb başqa yerə qoymuşlar. Həmin vaxt onun göndərdiyi traktor əvvəlcə daşı çıxara bilməmiş, bu səbəbdən də oraya ikinci traktor göndərmiş və bundan sonra daşı çıxarıb kənara qoymuşlar. Həmin daşın çıxarılmasını Dünyamalı ilə 250 manata razılaşmışlar və bununla bağlı aralarında narazılıq olmamışdır. Dünyamalı özü işini və hər bir işin qiymətini yaxşı bilir, onlar daşı çıxarmağa görə Dünyamalıdan 500 manat istəməmişlər. 2020-ci ilin yayında isə Dünyamalı ona evinin üst tərəfindəki meşənin ətəyindən həyətinə torpaq daşınmalı olduğunu bildirmiş və o, həmin şəxs üçün Elmanın idarə etdiyi kamaz markalı avtomobil, həmçinin Ruslanın idarə etdiyi ekskavator göndərmiş, qiymət isə gündəlik razılaşdırılmışdır. Dünyamalının həyətinə 4 maşın torpaq daşınmış, sonradan isə Dünyamalı özü problem yarandığını bildirərək işi dayandırmış, kamaz sürücüsü Elmana 50 manat, ekskavator sürücüsü Ruslana isə 100 manat pul vermişdir. Polisdə izahat verərkən polis əməkdaşları tərəfindən ona heç bir təsir və ya təzyiq olmamış, əksinə Dünyamalı ona bildirmişdir ki, torpağın daşınması ilə bağlı heç bir xəbərinin olmamasını və torpaqla bağlı heç nə bilmədiyini polisə bildirsin. O, isə Dünyamalıya yalan danışa bilməyəcəyini bildirmiş və hadisəni olduğu kimi göstərmiş, torpağın məhz Dünyamalının sifarişi ilə daşındığını bildirmişdir. Torpaq daşınan zaman Dünyamalı Xuray kəndində öz evində olmuş, onunla telefon vasitəsi ilə danışmışdır. İcraatda iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 5 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 03 iyul 2020-ci il tarixli 61873 saylı aktın surətindən görünür ki, həmin idarənin 01.07.2020-ci il tarixli 00035 saylı sərəncamına və daxil olmuş şifahi məlumata əsasən Qusar rayonu Xuray kəndi ərazisində yerin təkindən münbit qatının və qarışıq süxurların qanunsuz götürüldüyü əraziyə baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, həmin kəndin şərq hissəsində yeni yaşayış massivində yerləşən Qusar meşəbəyliyinin 24 saylı dolayı ilə Xuray kənd bələdiyyəsinin mülkiyyətində olan həmsərhəd ərazidən uzunluğu 9 metr, eni 2 metr, dərinliyi 1.3 metr, cəmi 23.4 kub metr olmaqla bundan 2 kub metr həcmində torpağın üst münbit qatı və 21,4 kub metr həcmində qarışıq süxurların götürülərək daşınması aşkar olunmuşdur. Araşdırma zamanı həmin süxurların həmin ərazidən 100-150 metr şimalda yerləşən X4 məxsus həyətyanı əraziyə daşınması məlum olmuşdur. İş materiallarında olan Qusar RPŞ-nin İTB-nin polis sahə rəisi X10 tərəfindən tərtib edilmiş 11.08.2020-ci il tarixli MN 0651415/536 saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, X2 03.07.2020-ci il tarixdə Qusar rayonu Xuray kəndində meşə fonduna aid 23.4 kv.metr torpağı qanunsuz çıxarmaqla yerin təkindən istifadə qaydalarını pozub təbiətə 965.2 manat ziyan vurması göstərilmişdir. İş materiallarında olan 5 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 30 sentyabr 2020-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X5 tərəfindən Qusar rayonu Xuray kəndində meşə fonduna aid ərazidən texnika ilə qarışıq süxurlar qanunsuz olaraq çıxarılmış, bununla da yerin təkindən istifadə qaydaları pozulmuş və X5 Azərbaycan Respublikasının İXM-nin 228-ci maddəsi ilə təqsirli bilinərək 600 (altı yüz) manat məbləğində inzibati cərimə olunmuşdur. Beləliklə, iş materialları ilə, həmçinin yuxarıda göstərilən şəxslərin izahatları ilə müəyyən edilmişdir ki, həqiqətən də, X1 rayonu Xuray kəndində yerləşən özünə məxsus evin üst tərəfindəki meşənin ətəyindən-yəni Qusar meşəbəyliyinin 24 saylı dolayı ilə Xuray kənd bələdiyyəsinin mülkiyyətində olan həmsərhəd ərazidən torpağın üst münbit qatının və qarışıq süxurların götürülərək evinin həyətinə daşınması barədə Şahid3la əvvəlcədən razılığa gəlmiş, bundan sonra 03.07.2020-ci il tarixdə Şahid3 göndərdiyi ekskavator sürücüsü Şahid1 və kamaz sürücüsü Şahid2 məhz Dünyamalı Qurbanovun göstərişi və şəxsi iştirakı ilə həmin ərazidən 23.4 kub metr həcmində torpağı kamaz maşını ilə 4 dəfəyə olmaqla daşıyıb Dünyamalı Qurbanovun evinin qarşısına tökmüşlər. Torpağın üst münbit qatının və qarışıq süxurların götürülməsi barədə isə Dünyamalı Qurbanov tərəfindən müvafiq icra hakimiyyəti orqanından və ya bələdiyyədən müvafiq icazə alınmamışdır. Bununla da, Dünyamalı Qurbanov müvafiq icazə olmadan yerin təkindən istifadə etmiş və həmin hərəkəti ilə Azərbaycan Respublikasının İXM-nin 228-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 79.1-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin və şahidlərin izahatları iş üzrə ona məlum olan hallar və işdə olan sübutlar üzrə şifahi və ya yazılı formada verilən məlumatlardan ibarətdir. Həmin Məcəllənin 80.1-ci maddəsinə əsasən sənədlərdə müəssisələrin, idarələrin, təşkilatların, vəzifəli şəxslərin və fiziki şəxslərin təsdiq etdikləri və ya şərh etdikləri məlumatların inzibati xəta haqqında iş üzrə icraat üçün əhəmiyyəti vardırsa, bu sənədlər iş üzrə sübutlar hesab edilir. Həmin Məcəllənin 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1, 135.1.1-135.1.4-cü maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Həmin Məcəllənin 208-ci maddəsinə əsasən lisenziya və ya icazə olmadan və ya həmin sənəddə nəzərdə tutulmuş şərtləri pozmaqla yerin təkindən istifadə etməyə görə-fiziki şəxslər altı yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Beləliklə, iş materiallarını tam şəkildə araşdıraraq hesab edirəm ki, X2 Azərbaycan Respublikasının İXM-nin 228-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olması hadisəni görmüş və torpağın daşınmasını həyata keçirmiş şəxslərin şahid qismində verdikləri izahatları ilə, eləcə də, işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmiş və bununla da, hazırkı inzibati xəta haqqında işə baxmış və inzibati qərar qəbul etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin iş üzrə gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmış; həmin idarənin gəldiyi nəticələr işin faktiki hallarına tam uyğundur. Bu səbəbdən də, həmin idarə tərəfindən qəbul edilmiş 30 sentyabr 2020-ci il tarixli MN ******* saylı qərar tam qanuni və əsaslı olmuş, işə baxılarkən və qərar qəbul edilərkən İXM-nin 135.1-ci maddəsində sadalanan, inzibati xəta haqqında qərarın dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas olan halların heç birinə yol verilməmişdir. Odur ki, hesab edirəm ki, şikayət təmin edilməməli, 5 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş yuxarıda göstərilən məlum qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 128-136-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şikayət təmin edilməsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən X2 barəsində qəbul edilmiş 30 sentyabr 2020-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Qusar rayon məhkəməsinin hakimi: Adil Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar