Məhkəmə qərarları › İş №3(029)-217/2023

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-217/2023

10.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-217/2023 10.07.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, Laçınov Ramil Elnur oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1968-ci ildə Qusar rayonu Urva kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206 və 208-ci maddələri ilə Qusar rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq məhkəmə, Müəyyən etdi: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs 2022-ci ilin sentyabr ayında Qusar rayonu Urva kəndində yaşadığı evin həyətində bir ədəd narkotik tərkibli bitki əkmişdir və təxminən 15 gün əvvəl həmin narkotik tərkibli çətənə bitkisindən istifadə etmişdir. Həmin faktla bağlı Qusar RPŞ-nin İTB-nin polis sahə rəisi VMİE, X1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 206 və 208-ci maddələri ilə xx.xx.2023-cü il tarixli MN 1789808-537 saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ərizə verərək özünü təqsirli bilərək izahatında göstərmişdir ki, 2022-ci ilin sentyabr ayında Qusar rayonu Urva kəndində yaşadığı evin həyətində bir ədəd narkotik tərkibli bitki əkmişdir və təxminən 15 gün əvvəl həmin narkotik tərkibli çətənə bitkisindən istifadə etmişdir. Narkotik vasitəni uzun müddətdir ki, əkib-becərir. Yalnız özü istifadə etmişdir. Heç kimə satmamış və ya pay verməmişdir. Hazırda əməlindən peşmandır. Bir daha belə hərəkətlərə yol verməyəcəkdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Məhkəməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 7/977 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Şəxs fərdi yaşayış evindən... çətənəyə bənzər 01 ədəd” yazısı və imzalar olan polietilen bağlamadakı sayı 01 (bir) ədəd yaş vəziyyətdə təmiz çəkisi- 65 qram olan bitki nümunəsi əkib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisidir. -Aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim edilmiş bitkisinə aqrotexniki qaydada qulluq edilmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və həmin törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 208-ci maddələri ilə tövsif olunmuşdur. Həmin şəxsin təqsirləndirildiyi maddələrlə nəzərdə tutulan əməlləri törətməsi özünün etiraf edici izahatı və məhkəməyə təqdim etmiş olduğu ərizə və şahid ifadəsi ilə sübuta yetirilir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli inzibati qaydada tutulma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 18:40-da inzibati qaydada tutulmuş, xx.xx.2023-cü il tarixdə saat 10:50-də azad edilmişdir. Məhkəmə, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206 və 208-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir, o, həmin maddələrlə təqsirli bilinərək hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilməli, lakin yekun olaraq aşağıdakı əsaslara görə onun barəsində həmin xətalardan daha ciddi xətaya görə-yəni İXM-nin 206-cı maddəsi ilə müəyyən edilmiş sanksiya çərçivəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə- üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikasının İXM-nin 208-ci maddəsinə əsasən Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin az miqdarda kultivasiyasına (əkilməsinə, yetişdirilməsinə və ya onların (onların hissələrinin) toplanılmasına) görə - iki yüz manatdan üç yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbehin tətbiq olunmasını isə ona görə məqsədə müvafiq hesab etmir ki, həmin şəxsin barəsində inzibati cərimə növündə inzibati tənbehin tətbiq ediləcəyi təqdirdə islah olunmasını, onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsini, onun özünün və digər şəxslərin gələcəkdə bu qəbildən və ya digər yeni inzibati xətaların törədilməsinin qarşısının alınmasını və bununla da inzibati tənbehin məqsədlərinin təmin olunmasını mümkün hesab etmir. Məhkəmə hesab edir ki, tətbiq olunacaq inzibati həbs növündə inzibati tənbeh Şəxs islah olunması üçün daha effektli olar. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Şəxs inzibati qaydada tutularaq xx.xx.2023-cü il tarixdən saat 18:40-dan xx.xx.2023-cü il tarixə saat 10:50-a dək iki gün müddət inzibati həbs müddətinə daxil edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30, 34, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206 və 208-ci maddələri ilə təqsirli bilinsin, İXM-nin 206-cı maddəsi ilə 25 (iyirmi beş) gün müddətə inzibati həbs, İXMnin 208-ci maddəsi ilə 20 (iyirmi) gün müddətə inzibati həbs edilsin. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə 25 (iyirmi beş) gün müddətə inzibati həbs edilsin. Şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 02 (iki) gün inzibati qaydada tutma müddəti tətbiq olunmuş inzibati həbs müddətindən çıxılaraq barəsində qəti olaraq 23 (iyirmi üç) gün müddətə inzibati həbs tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən saat 16:35-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Qusar rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar