Məhkəmə qərarları › İş №3(029)-218/2025

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-218/2025

24.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-218/2025 24.07.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Qusar rayon məhkəməsinin hakimi Cəlilov Əli İsa oğlu, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, xx.xx.1989-cu ildə Masallı rayonu, Ərkivan qəsəbəsində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, Masallı rayonu, Ərkivan qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 10:00-da Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postundan keçməklə Rusiya Federasiyasından Azərbaycan Respublikasına gələn Azərbaycan Respbulikası vətəndaşı Şəxs idarə etdiyi “DAF XF 105 460” markalı, 77HL441/99ZD254 dövlət qeydiyyat nişanlı yük avtomobilinin kabinasının aşağı hissəsindəli yataq yerinin üzərindəki örtüyün altında gömrük orqanına bəyan olunmayan 2 ədəd “BELUGA 0.5L” markalı araq, kabinasının aşağı hissəsindəki yataq yerinin altında əşyalar qoymaq üçün nəzərdə tutulmuş yerdən 2 ədəd “BELUGA 0.5L” markalı araq, 3 ədəd “ÇARSKAYA 1L” markalı araq, kabinanın yuxarı hissəsindəki yataq yerinin üzərinə qoyulmuş çantaların arxasında 1 ədəd “BELUGA 0.5L” markalı araq, 1 ədəd “ÇARSKAYA 1L” markalı araq Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirilmişdir. Faktla bağlı Şəxsnun barəsində Azərbaycan Respublikasının İXM-nin 480-ci maddəsi ilə 02 iyul 2025-ci il tarixli 01400-05043/25 saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin nümayəndəsi məhkəmə iclasının yeri və müddəti barədə lazımi qaydada xəbərdar edilmişlər, lakin onlar, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikasının İXM-nin 61.3 və 64.3-cü maddələrinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXMnin 480-ci maddəsinin tərkibləri mövcud olduğundan inzibati qaydada tədbir görülməsi üçün qərar və zəruri sənədlər aidiyyəti üzrə Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsinə göndərilmişdir göndərilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 014/25-X nömrəli ekspert rəyindən görünür ki, ekpertizaya təqdim edilmiş 5 ədəd “BELUGA Celebration Vodka 0.5L” və 4 ədəd “Çarskaya vodka 1L” markalı spirtli içkilərin xx.xx.2025-cü il tarixə orta bazar qiyməti təxminən 525 (beş yüz iyirmi beş) manat təşkil edir. Məhkəmə iş materiallarını nəzərdən keçirib, hesab edir ki, Şəxs həmin hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh tədbiri olaraq inzibati xətanın bilavasitə obyekti 5 ədəd “BELUGA Celebration Vodka 0.5L” və 4 ədəd “Çarskaya vodka 1L” markalı spirtli içkilərin müsadirəsinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. İş materiallarının tədqiqinə əsaslanaraq, həmçinin Şəxs barəsində cərimə tənbehinin tədbiq edilməsini məqsədə müvafiq hesab etmir. Azərbaycan Respublikasının İXM-nin 55.1, 55.1.1, 55.1.2-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlər üzrə məsrəflər: zərər çəkmişlərə, şahidlərə, onların qanuni nümayəndələrinə, hal şahidlərinə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə verilmiş məbləğlərdən; maddi sübutların saxlanılmasına, göndərilməsinə (daşınmasına) və tədqiq edilməsinə xərclənən məbləğlərdən ibarətdir. Həmin Məcəllənin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. İş materiallarından görünür ki, iş üzrə xx.xx.2025-ci il tarixli 6/1067 nömrəli ekspertiza xərci 110 manat, xx.xx.2025-ci il tarixli 014/25-X nömrəli ekspertiza xərci 45 manatdır. Həmin məbləğlər dövlət hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 55, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə təqsirli bilinərək, inzibati xətanın bilavasitə obyekti olan, ümumi dəyəri 525 (beş yüz iyirmi beş) manat dəyərində 5 ədəd “BELUGA Celebration Vodka 0.5L” və 4 ədəd “Çarskaya vodka 1L” markalı spirtli içkilər müsadirə edilsin. İş üzrə xx.xx.2025-ci il tarixli 6/1067 nömrəli ekspertiza xərci 110 manat, xx.xx.2025-ci il tarixli 014/25-X nömrəli ekspertiza xərci 45 manat dövlət hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Hakim: Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar