Məhkəmə qərarları › İş №3(029)-219/2021

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-219/2021

03.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-219/2021 03.05.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi Vəliyev Adil Yaqub oğlu, 04 avqust 1997-ci ildə Qusar rayonu Avaran kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikasının vətəndaşı Şəxs barəsində Qusar Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdim: Təqdim olunmuş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, 02 avqust 2020-ci il tarixdə saat 22:15-də Qusar RPŞ-də Şəxs üstünə baxış keçirilən zaman ondan kağız bükümdə təmiz çəkisi 0,487 qram olan bitki mənşəli, tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə aşkar olunmuşdur. Həmin faktla bağlı Qusar RPŞ-nin İB tərəfindən araşdırma aparılmış, 08 sentyabr 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarla Şəxs barəsində cinayət təqibi rədd edilmiş, onun Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsi ilə məsuliyyətə cəlb edilməsi üçün qəbul edilmiş qərarın surəti Qusar RPŞ-nin İTB-nə göndərilmişdir. Qusar RPŞ-nin İTB-nin polis sahə rəisi polis mayoru X1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsi ilə MN 1004355-468 saylı 03.05.2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. İş materiallarını nəzərdən keçirib hesab edirəm ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata aşağıdakı əsaslara görə xitam verilməlidir. Belə ki, iş materiallarından görünür ki, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanın tərkib əlamətləri olsa da, hazırkı fakt üzrə onun barəsində qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın qəbul edildiyi vaxtdan 3 aydan artıq-yəni təxminən 8 ay müddət keçmiş, hazırkı iş üzrə icraatın dayandırılması barədə müvafiq səlahiyyətli orqan tərəfindən heç bir qərar qəbul edilməmiş və bununla da, inzibati məsuliyyətə cəlb etmə müddətinin axımı dayanmamışdır. Odur ki, hazırkı iş üzrə inzibati məsuliyyətə cəlb etmə müddəti keçmiş, ona görə də, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati məsuliyyətə cəlb oluna, barəsində inzibati tənbeh tətbiq edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Həmin Məcəllənin 38.5-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs qaçıb gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxsin aşkarlandığı vaxtdan bərpa olunur. Lakin inzibati xətanın törədildiyi vaxtdan bir il keçərsə, qaçıb gizlənən şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Həmin Məcəllənin 53.0.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 104.1, 104.1.1-104.1.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə icraat aşağıdakı hallarda dayandırılır: barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs qaçıb gizləndikdə və ya digər səbəblərdən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin olduğu yer müəyyən edilmədikdə; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin ağır xəstəliyi ilə əlaqədar inzibati xəta haqqında iş üzrə icraatda iştirakı mümkün olmadıqda; inzibati xətanı törədən şəxs müəyyən olunmadıqda. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, iş materiallarını tam şəkildə araşdırıb hesab edirəm ki, hazırkı iş üzrə inzibati məsuliyyətə cəlb etmə müddətləri keçdiyi üçün işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38, 53, 109, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldım: Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata, inzibati məsuliyyətə cəlb etmə müddətləri keçdiyi üçün xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Qusar rayon Məhkəməsinin hakimi: Adil Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar