Məhkəmə qərarları › İş №3(029)-22/2021

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-22/2021

01.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-22/2021 01.02.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi Vəliyev Adil Yaqub oğlu, xx.xx.1975-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, ünvan 1 ünvanda yaşayan Şəxs haqqında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ M: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinə daxil olmuş əməliyyat məlumatına əsasən xx.xx.2020-ci il tarixdə, saat 02:30 radələrində Rusiya Federasiyası istiqamətindən “Samur” gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikasının vətəndaşı Şəxs idarə etdiyi “X1 yük” markalı, 99RD566 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinə gömrük yoxlaması keçirilmişdir. Gömrük yoxlaması zamanı, nəqliyyat vasitəsindən qanunla qadağan olunmuş heç bir predmet aşkar olunmamışdır. Lakin, nəqliyyat vasitəsinin yoxlanılması zamanı Şəxs hərəkətləri şübhə doğurduğu üçün onun üzərində şəxsi yoxlama keçirilməsi zərurəti yaranmışdır. Şəxs üzərində keçirilən şəxsi yoxlama zamanı, onun əynindəki gödəkçənin sol iç cibindən gömrük nəzarətinə bəyan olunmayan 48 ədəd şüşə flakonda üzərində heç bir yazısı olmayan ağ rəngli toza bənzər maddə aşkar olunaraq protokol əsasında götürülmüş və faktla bağlı araşdırma aparılması məqsədilə Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat Şöbəsinin Təhqiqat bölməsinə təhvil verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 6/2622 saylı rəyinə əsasən ekspertiza tədqiqatına təqdim olunmuş 48 ədəd şüşə flakonda üzərində heç bir yazısı olmayan ağ rəngli toza bənzər maddənin tərkibində narkotik, psixotrop, güclü təsir edən və zəhərli maddə komponentləri aşkar olunmamışdır. 1 ədəd şüşə flakonda ağ rəngli toza bənzər maddə ekspertiza tədqiqatına sərf olunmuşdur. Azərbaycan Respublikası Ticarət və Sənayə Palatasının “Azərekspertiza” Birliyinin xx.xx.2021-ci il tarixli 02-X saylı ekspertiza aktına əsasən, ekspertiza tədqiqatına təqdim olunmuş şüşə flakonların üzərində heç bir yazı və əmtəə nişanı qeyd olunmadığından qiymətləndirmə aparılması mümkün olmadığı üçün bazar qiyməti müəyyən edilməmişdir. Faktla bağlı Şimal Ərazi Baş Gömrük İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 482.1-ci maddəsi ilə xx xxxxxx 2021-ci il tarixli 01400-1587/20 saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş Şimal Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasının yeri və müddəti barədə lazımi qaydada xəbərdar edilmişlər, lakin onlar məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikasının İXM-nin 61.3 və 112.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş Şimal Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edirəm. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 6/2622 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “...Şəxs barəsində...” sözləri olan polietilen paketdəki 48 ədəd flakondakı ağ rəngli maddənin tərkibində narkotik, psixotrop, güclü təsir edən və zəhərli maddə komponenti aşkar edilməmişdir. Həmin rəyin təsviri hissəsindən görünür ki, 1 ədəd flakon tədqiqata sərf olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 6/2622 saylı məktubundan görünür ki, həmin tarixli və saylı ekspertiza aktı üzrə aparılmış tədqiqatın dəyəri 81.82 (səksən bir manat səksən iki qəpik) manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ticarət və Sənayə Palatasının “Azərekspertiza” Birliyinin xx.xx.2021-ci il tarixli 02-X saylı ekspertiza aktından görünür ki, ekspertiza tədqiqatına təqdim olunmuş şüşə flakonların üzərində heç bir yazı və əmtəə nişanı qeyd olunmadığından qiymətləndirmə aparılması mümkün olmadığı üçün bazar qiyməti müəyyən edilməmişdir. 1 ədəd şüşə flakonda üzərində heç bir yazısı olmayan ağ rəngli toza bənzər maddə ekspertiza tədqiqatına sərf edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ticarət və Sənayə Palatasının xx.xx.2021-ci il tarixli, 02-X saylı məktubundan görünür ki, həmin tarixli və saylı ekspertiza aktı üzrə aparılmış tədqiqatın dəyəri 25 (iyirmi beş) manat təşkil edir. İş materiallarını nəzərdən keçirib, hesab edirəm ki, Şəxs həmin hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh tədbiri olaraq inzibati xətanın bilavasitə obyekti olan predmetlərin müsadirəsinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Azərbaycan Respublikasının İXM-nin 55.1, 55.1.1, 55.1.2-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlər üzrə məsrəflər: zərər çəkmişlərə, şahidlərə, onların qanuni nümayəndələrinə, hal şahidlərinə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə verilmiş məbləğlərdən; maddi sübutların saxlanılmasına, göndərilməsinə (daşınmasına) və tədqiq edilməsinə xərclənən məbləğlərdən ibarətdir. Həmin Məcəllənin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. İş üzrə məhkəmə məsrəfləri 106,82 (yüz altı manat səksən iki qəpik) manat təşkil edir və dövlət hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 55, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ M: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə təqsirli bilinərək, inzibati xətanın bilavasitə obyekti olan, dəyəri müəyyən olunmayan, aparılmış ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 47 ədəd şüşə flakonda üzərində heç bir yazısı olmayan ağ rəngli toza bənzər maddə müsadirə edilsin. İş üzrə 106,82 (yüz altı manat səksən iki qəpik) manat məbləğində məhkəmə məsrəfləri dövlət hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar