Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-221/2025 17.07.2025 QUSAR RAYON MƏHKƏMƏSİ X4 Adil oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə Hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-сü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala Qusar rayon Məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Hüquqi şəxs Şəxs MMC 13 oktyabr 2024-cü il tarixli **********8127 və 20 oktyabr 2024cü il tarixli **********134 nömrəli və 28 oktyabr 2024-cü il tarixli **********1715 nömrəli gömrük bəyannamələri üzrə 5229,36 manat məbləğində vəsaiti bəyan olunduğu gündən indiyədək Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesabına köçürülməsini təmin etməmişdir. Həmin faktla bağlı Xaçmaz Gömrük İdarəsi, Əməliyyat və Təhqiqat Şöbəsinin təhqiqatçısı X2 tərəfindən inzibati araşdırma aparılmış və hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə №01400-04688/25 saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-yə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq həmin idarənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və həmin idarə tərəfindən məhkəməyə ərizə göndərilərək işə nümayəndənin iştirakı olmadan baxılması xahiş olunmuşdur. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 64.3 və 112.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə hüquqi şəxs Şəxs MMC-nin və Xaçmaz Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Səlahiyyətli orqan tərəfindən məhkəməyə təqdim edilmiş Dövlət Gömrük Komitəsinin “X1 Sistemi”-dən çıxarışdan müəyyən olunur ki, Şəxs MMC-nin Xaçmaz Gömrük İdarəsində rəsmiləşdirərək ixrac etdiyi malların müqabilində köçürülməli olan 5229.36 manat məbləğində vəsait Şəxs MMC-nin müvəkkil olunmuş bank hesabına köçürülməmişdir. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nın 12.1-ci bəndinə əsasən hüquqi və fiziki şəxslər tərəfindən malların (işlərin, xidmətlərin) konsiqnasiya yolu ilə ixracı gömrük orqanlarında bəyan edilməklə aparılır. Konsiqnasiya yolu ilə ixrac əməliyyatları xarici şəxslərlə bağlanmış müqaviləyə əsasən ixrac olunmuş malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin müəyyən edilmiş müddət ərzində ixracatçıya ödənilməsini nəzərdə tutur. Həmin Qaydaların 12.2-ci bəndinə əsasən hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Həmin Qaydaların 12.3-cü bəndinə əsasən ixrac olunan malların (işlərin, xidmətlərin) müqabilində əldə olunmuş vəsaitin Azərbaycan Respublikasına köçürülməsinə və gətirilməsinə, müvafiq olaraq, Azərbaycan Respublikasının Mərkəzi Bankı (bundan sonra – Mərkəzi Bank) və Dövlət Gömrük Komitəsi nəzarət edir. Bu məqsədlə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi bütün ixracatçılar tərəfindən gömrük bəyannamələri və ixrac müqavilələri də daxil olmaqla, ixrac olunan mallar barədə aidiyyəti məlumatların elektron gömrük xidməti vasitəsilə Mərkəzi Banka ötürülməsini təmin edir. Həmin Qaydaların 12.4-cü bəndinə əsasən müvəkkil banklar şəxslərin aidiyyəti hesablarına ixrac müqavilələri üzrə xarici valyutanın daxil olması barədə məlumatı Mərkəzi Bank tərəfindən müəyyən edilmiş formada və qaydada vəsait daxil olduğu gündən 3 (üç) iş günü ərzində Mərkəzi Banka ötürürlər. Həmin Qaydaların 12.5-ci bəndinə əsasən Mərkəzi Bank müvəkkil banklardan daxil olmuş məlumatlar və elektron gömrük xidmətindən əldə olunmuş məlumatlar əsasında ixrac olunan malların müqabilində vəsaitlərin müəyyən olunmuş müddətdə ixracatçının müvəkkil bankdakı hesabına köçürülmədiyini müəyyən etdiyi halda ixracatçı barədə qanunvericiliklə müəyyən edilmiş nəzarət və digər tədbirlərin görülməsi məqsədilə 2 (iki) iş günü müddətində Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə məlumat verir. Həmin Qaydaların 12.6-cı bəndinə əsasən Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Mərkəzi Bank idxal-ixrac əməliyyatları üzrə bu Qaydalarda nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsində əməkdaşlıq edirlər. “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanunu Azərbaycan Respublikasında valyuta əməliyyatlarının həyata keçirilməsi prinsiplərini, valyuta tənzimi və valyuta nəzarəti orqanlarının səlahiyyət və funksiyalarını, hüquqi və fiziki şəxslərin valyuta sərvətlərinə sahib olmaq, bu sərvətlərdən istifadə etmək və onlar barəsində sərəncam vermək sahəsində hüquq və vəzifələrini, valyuta qanunvericiliyinin pozulmasına görə məsuliyyəti müəyyən edir. Həmin Qanunun 1-ci maddəsinin 9-cu hissəsinin “a” bəndində cari valyuta əməliyyatlarından biri kimi malların, işlərin və xidmətlərin ixracı və idxalı üzrə hesablaşmaların, eləcə də ixrac-idxal əməliyyatlarının 180 gündən artıq olmayan müddətə kreditləşdirilməsi ilə əlaqədar hesablaşmaların həyata keçirilməsi üçün xarici valyutanın Azərbaycan Respublikasına və Azərbaycan Respublikasından köçürülməsi göstərilmişdir. Göründüyü kimi, “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununa və “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”na əsasən xarici iqtisadi fəaliyyətlə məşğul olan fiziki və hüquqi şəxslər tərəfindən ölkədən ixrac olunan mallar gömrük orqanına bəyan edildiyi vaxtdan həmin malların dəyərinin 180 gün müddətində ixracatçı şəxsin müvəkkil bankdakı hesabına köçürülməsi məcburi şərt kimi nəzərdə tutulmuş, həmin şərtin ixracatçı şəxslər tərəfindən pozulmasına görə isə müvafiq məsuliyyət müəyyən olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC 2024-cü ilin oktyabr ayında 3 gömrük bəyannaməsi üzrə ölkə hüdudlarından kənara meyvə məhsulları göndərməklə müvafiq gəlirlər etmiş, həmin gəlirlərin bir hissəsi Şəxs MMC-nin Azərbaycan Respublikasındakı müvəkkil bankına köçürülsə də, 3 gömrük bəyannaməsi üzrə cəmi 5229,36 ABŞ dolları məbləğində pul vəsaiti mallar gömrük orqanına bəyan olunduğu vaxtdan 180 gün müddətində müvəkkil banka köçürülməmişdir. Bununla da, Şəxs MMC tərəfindən yuxarıda göstərilən Qanunun və Qaydaların tələbləri pozulmaqla o, Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsində (Xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması) nəzərdə tutulan inzibati xətanı törətmişdir. Beləliklə, iş materiallarını tam şəkildə araşdıraraq məhkəmə belə qənaətə gəlir ki, hüquqi şəxs Şəxs MMC-nin əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483cü maddəsi ilə düzgün tövsif edilmişdir, o, həmin maddə ilə təqsirli bilinməli və barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin törətdiyi inzibati xətanın xarakterini və işin digər hallarını nəzərə alaraq həmin MMC barəsində inzibati tənbeh növü olaraq inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-сü maddəsi ilə təqsirli bilinib, inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin 30 faizi, yəni 1568.80 (min beş yüz altmış səkkiz manat səksən qəpik) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qusar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Qusar rayon məhkəməsinin hakimi: Anar Qasımov
Məhkəmə qərarları › İş №3(029)-221/2025
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-221/2025
17.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver