Məhkəmə qərarları › İş №3(029)-223/2022

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-223/2022

24.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-223/2022 24.06.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi Vəliyev Adil Yaqub oğlu, xx.xx.1974-cü ildə Qusar rayonu Əcəxur kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikasının vətəndaşı Şəxs barəsində Qusar Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, Müəyyən etdim: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə Qusar rayonu Əcəxur kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus torpaq sahəsinin çəpərini yandıraraq ona cəmi 100 manat məbləğində ziyan vurmaqla əmlakını qəsdən zədələmişdir. Həmin faktla bağlı Qusar RPŞ-nin TB tərəfindən araşdırma aparılmış və həmin bölmənin xx.xx.2022-ci il tarixli qərarı ilə cinayət işinin başlanılması rədd edilmiş və özgənin əmlakını qəsdən məhv etdiyinə görə Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qəbul edilmiş qərarın surətinin Qusar RPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. Qusar RPŞ-nin X1 sahə rəisi polis mayoru Elman Rəhmanov tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsi ilə xx.xx.2022-ci il tarixli MN 1352980-25saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmiş, həmin material 14 iyun 2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə iclasının yeri və müddəti barədə lazımi qaydada xəbərdar edilmişlər, lakin həmin şəxslər məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikasının İXM-nin 61.3 və 62.4-cü maddələrinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edirəm. İş materiallında olan Qusar rayon Polis Şöbəsinin TB-nin xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Zərərçəkmiş şəxs ərizəsi əsasında toplanmış material üzrə Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmiş, Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb edilməsi məqsədi ilə qərarın surəti Qusar RPŞ-nin İTBnə göndərilmişdir. İş materiallarında olan Qusar rayon İstehsal-istehlak Kooperativinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, sorğuda qeyd olunmuş ölçüdə şaxlardan ibarət çəpərin yandırılması nəticəsində Zərərçəkmiş şəxs 100 manat maddi ziyan dəymişdir. Beləliklə, iş materiallarını nəzərdən keçirib, hesab edirəm ki, Şəxs həmin hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bu səbəbdən də o, həmin maddə ilə təqsirli bilinməli və barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda-inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh növü olaraq cərimənin tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Həmçinin, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs dəymiş maddi zərərlə bağlı mülki qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldım: Şəxs Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli məbləğdə-yəni 100 (yüz) manat məbləğdə cərimə edilsin. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs dəymiş maddi zərərlə bağlı mülki qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Qusar rayon Məhkəməsinin hakimi: Adil Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar