Məhkəmə qərarları › İş №3(029)-225/2022

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-225/2022

14.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-225/2022 14.06.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon Məhkəməsinin hakimi Vəliyev Adil Yaqub oğlu xx.xx.1992-ci ildə Qusar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən Qusar rayonu X6 kəndində yaşayan Şəxs haqqında Qusar rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə materiallara Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, Müəyyən etdim: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Qusar rayon məhkəməsinin 2(029)-660/2017 saylı 15.08.2017-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs tələbkar X1 2470 manat aliment borcu yaranmışdır. Borclu aliment borcunu ödəməkdən qərəzli yayınır. Həmin faktla bağlı Qusar rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə 13.06.2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilmiş və izahatında göstərmişdir ki, hazırda onun tələbkara 2470 manat aliment borcu yaranmışdır. Yaxın müddət ərzində aliment borcunu ödəyəcəkdir. Hazırda əməlindən peşmandır, özü xəstədir. Odur ki, barəsində cərimə tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Qusar rayon məhkəməsinin 2(029)-660/2017 saylı 15.08.2017-ci il tarixli icra sənədinə əsasən Şəxs 10.03.2017-ci il tarixdən başlayaraq 20.11.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi baxılıb saxlanması üçün hər ay 80 (səksən) manat sabit pul məbləğində aliment alınaraq X1 verilməsi qət edilmişdir. İş materiallarında olan Qusar rayon İcra və Probasiya Şöbəsi tərəfindən borclu Şəxs ünvanlanmış 22.09.2017-ci il tarixli 4797/17 saylı bildirişin və eyni tarixli qərarın surətlərindən görünür ki, Qusar rayon məhkəməsinin 2(029)-660/2017 saylı 15.08.2017-ci il tarixli icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün həmin şəxsə 10 gün müddət verilmişdir. İş materiallarında olan Şəxs barəsində olan elektron çıxarışın surətindən görünür ki, onun mülkiyyətində tələbin yönəldilə biləcəyi əmlakı və gəlirləri yoxdur. İş materiallarında olan Qusar rayon İcra və Probasiya Şöbəsinin 25.04.2019-cu il tarixli borclunun məcburi gətirilməsi haqqında qərardan görünür ki, borclu Şəxs məcburi surətdə Qusar rayon İcra və Probasiya şöbəsinə gətirilməsi barədə qərar qəbul edilmişdir. İş materiallarında olan Qusar rayon məhkəməsinin 3(029)-276/2019 saylı 12.09.2019-cu il tarixli qərarından görünür ki, Şəxs barəsində başlanmış Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati işə xitam verilmişdir. İş materiallarında olan Qusar rayon İcra və Probasi şöbəsinin 17.05.2022-ci il tarixli borclunun məcburi gətirilməsi haqqında qərarından görünür ki, Şəxs məcburi qaydada həmin şöbəyə gətirilməsi barədə qərar qəbul edilmişdir. İş materiallarında olan 31.05.2022-ci il tarixli axtarışın elan edilməsi haqqında qərardan görünür ki, Şəxs barəsində axtarış elan edilmiş və icra edilməsi üçün Qusar RPŞ-yə göndərlimişdir. İş materiallarında olan borclu Şəxs Qusar rayon İcra və Probasiya Şöbəsinə verdiyi izahatından görünür ki, o, Qusar rayon məhkəməsinin 2(029)-660/2017 saylı 15.08.2017ci il tarixli icra sənədinə əsasən tələbkar X1 olan aliment borcunu tam ödəyə bilmədiyini, onun hal-hazırda 2470 manat aliment borcunu maddi imkanı düzələndə ödəyəcəyini bildirmişdir. İş materialarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Quba rayon X3 Rayonlararası Psixonevroloji Reabilitasiya Mərkəzi tərəfindən verilmiş 593 saylı 21.08.2019-cu il tarixli məktubun surətindən görünür ki, Şəxs 30.05.2017-ci il tarixdən 12.07.2017-ci il tarixə qədər və 29.03.2018-ci il tarixdən 29.05.2018-ci il tarixə qədər Quba r/arası PNRM-da stasionar müalicədə olımuşdur. Diaqnoz: “şizofreniya paranoid forma. Fasiləsiz gedişi”. İş materiallarında olan Qusar rayon İcra və Probasiya Şöbəsinin 13 iyun 2022-ci il tarixli 1883 saylı arayışından görünü ki, hal-hazırda borclunun tələbkara 2470 manat aliment borcu yaranmışdır. Beləliklə, iş materiallarını nəzərdən keçirib, hesab edirəm ki, Şəxs heç bir üzürlü səbəb olmadan yuxarıda göstərilən icra sənədi üzrə ödəməli olduğu alimenti ödəməyərək icra vərəqəsini icra etməmiş, bundan boyun qaçırmış, bununla da o, həmin hərəkəti ilə Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və barəsində inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, onun əməlindən səmimi peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi qəbul edilir, məsuliyyəti ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, işdə məsuliyyəti yüngülləşdirən halı, xəstə olmasını və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh tədbiri olaraq inzibati cərimə tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə inzibati tənbehin tətbiq olunmasını isə ona görə məqsədəmüvafiq hesab etmirəm ki, həmin şəxsin barəsində cərimə növündə inzibati tənbehin tətbiq ediləcəyi təqdirdə islah olunmasını, onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsini, onun özünün və digər şəxslərin gələcəkdə bu qəbildən və ya digər yeni inzibati xətaların törədilməsinin qarşısının alınmasını və bununla da inzibati tənbehin məqsədlərinin təmin olunmasını mümkün hesab edirəm. Hesab edirəm ki, tətbiq olunacaq cərimə növündə inzibati tənbeh Şəxs islah olunması üçün daha effektli olar. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldım: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Qusar rayon Məhkəməsinin hakimi: Adil Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar