Məhkəmə qərarları › İş №3(029)-226/2024

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-226/2024

04.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-226/2024 04.10.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi X1, xx.xx.1992-ci ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ucar rayonu Şahlıq kəndində yaşayan Şəxs haqqında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, Müəyyən etdim: xx.xx.2024-cü il tarixdə saat 04:00 radələrində “Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttində Azərbaycan Respublikası vətəndaşı Şəxs idarə etdiyi "DAF” markalı, 77HG682/99ZF682 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə keçirilmiş gömrük yoxlaması zamanı, nəqliyyat vasitəsinin kabinasının sağ, sol və arxa hissəsindəki örtüklərin arxasından gömrük nəzarətindən gizlədilmiş 1160 qutu, hər qutuda 20 kapsul “Samvun Wan” adlı dərman vasitələri aşkar olunaraq protokol əsasında götürülmüşdür. İş üzrə təyin edilmiş materialların məhkəmə ekspertizası, məhkəmə iqtisad ekspertizasının xx.xx.2024- cü il tarixli, 3-16-16/2-6/4048, 9/6542 saylı ekspert rəyinə əsasən, tədqiqata təqdim olunmuş “Samvun Wan” adlı qid tərkibində narkotik, psixotrop, güclü təsir edən və zəhərli maddə komponentləri aşkar edilmədi. Təqdim edilmiş kapsulların istifadəyə yararlı olub-olmaması barədə qoyulmuş sual materialların məhkəmə ekspertizasının həll etdiyi məsələlərə aid deyildir. Həmin malların xx.xx.2024-cü il tarixə olan orta bazar qiyməti 24360 manat təşkil edir. Faktla bağlı Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsi Əməliyyat və Təhqiqat Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 480-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli 01400-06170/24 saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasının yeri və müddəti barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasının yeri və müddəti barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikasının İXM-nin 61.3 və 112.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edirəm. Beləliklə, iş materiallarını tam şəkildə araşdıraraq məhkəmə belə qənaətə gəlir ki, Şəxs yuxarıda sadalanan malları Azərbaycan Respublikasının gömrük sərhədində gömrük nəzarətindən gizli şəkildə keçirməsi təqdim edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Odur ki, həmin şəxsin əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə düzgün tövsif edilmişdir, o, həmin maddə ilə təqsirli bilinməli və barəsində inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh tədbiri olaraq inzibati xətanın bilavasitə obyekti olan predmetlərin müsadirəsinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə təqsirli bilinərək, inzibati xətanın bilavasitə obyekti olan, dəyəri 24360 manat təşkil edən, 1160 qutu, hər qutuda 20 kapsul “Samvun Wan” adlı dərman vasitələri müsadirə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Qusar rayon Məhkəməsinin hakimi: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar