Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № 3(029)-23/2021 14.01.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi Adil Yaqub oğlu Vəliyev xx.xx.1966-cı ildə Qusar rayonu Köhnə Xudat kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikasının vətəndaşı Şəxs haqqında Qusar rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialları Qusar rayon məhkəməsinin binasında nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş materiallardan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə Qusar rayonu Köhnə Xudat kəndində Zərərçəkmiş şəxs döymüş və traktorunun şüşəsini daşla vurub sındıraraq əmlakını qəsdən məhv etmişdir. Həmin faktla bağlı Qusar RPŞ-nin Təhqiqat Bölməsində araşdırma aparılmış və xx.xx.2020-ci il tarixli qərarla Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş, həmin şəxsin barəsində Azərbaycan Respublikasının İXM-nin 157 və 232-1-ci maddələri ilə inzibati tədbir görülməsindən ötrü qəbul edilmiş qərarın surəti Qusar RPŞ-nin İTB-nə verilmişdir. Qusar RPŞ-nin İTB-nin polis sahə rəisi polis mayoru X1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 157 və 232-1-ci maddələri ilə xx.xx.2020-ci il tarixli 0651570/980 saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün poçt vasitəsi ilə Qusar rayon məhkəməsinə göndərilmişdir. Həmin material xx xxxxxx 2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İş materiallarını araşdıraraq hesab edirəm ki, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər protokolu tərtib etmiş orqana geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsinin sanksiyasında inzibati həbs növündə inzibati tənbeh nəzərdə tutulduğundan hazırkı işə dərhal baxılmalıdır. Lakin, hazırkı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər onu tərtib etmiş Qusar RPŞ-nin İTB-nin polis sahə rəisi Rəşad Yunisov tərəfindən poçt vasitəsi ilə göndərilərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərər çəkmiş şəxsin şəxsiyyətləri təqdim olunmaqla onların məhkəmədə iştirakları təmin olunmamışdır. Hazırkı işə dərhal baxıldığına görə isə həmin şəxslərin məhkəmə tərəfindən iştiraklarının təmin olunması və bununla da, işə baxılaraq tamamlanması mümkün deyildir. Bundan başqa, hazırkı inzibati xəta haqqında protokolun məhkəməyə göndərilməsi barədə qərardadda Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətaya nə üçün məhz məhkəmə tərəfindən baxılmasının zəruriliyi əsaslandırılmamış, səlahiyyətli orqan tərəfindən baxılmasının qeyri-mümkünlüyü barədə hallar qeyd olunmamış, yalnız İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətalara məhkəmə tərəfindən baxılmalı olmasının göstərilməsi ilə kifayətlənilmişdir. Bununla da, məhkəmənin qənaətinə görə təqdim edilmiş inzibati xəta haqqında materiallar natamamdır və işə baxılarkən tamamlamaq mümkün deyildir. Azərbaycan Respublikasının İXM-nin 43.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələri bu Məcəllənin 157, 232-1 və s. maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 5, 5.1-ci maddələrində göstərilmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40.0.3-cü maddəsinə müvafiq olaraq müəyyən edilsin ki: həmin Məcəllənin 157, 209, 212.1, 212.4, 266.3, 266.4, 290.1.1 – 290.1.6, 290.2 (baxılması səlahiyyətlərinə aid edilmiş maddələr üzrə), 306, 322.0.2, 322.0.8, 323, 326-1, 327.1 – 327.7, 328 – 331, 332.1 – 332.3, 333.1, 334.1, 335.1 – 335.4, 336, 337.1 – 337.4, 338.1 – 338.6, 339.1, 339.1-1, 342.1.1– 342.1.8, 342.1.11, 342.2 – 342.7, 343.1, 343.4, 344, 345, 347, 352.0.1, 352.0.3, 352.0.6, 352.0.11, 352.0.12, 353.1 – 353.4, 353.6, 354.0.7, 355 – 358, 428.5, 443.2, 457- 1.1.1, 457-1.1.2, 457-1.2, 510, 513, 514, 517.0.1 – 517.0.6, 517.0.9 – 517.0.13, 520, 521, 523, 524, 563.1, 564, 565, 583 – 586, 588, 589, 590.1, 591 və 593-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi baxır. Azərbaycan Respublikasının İXM-nin 43.3-cü maddəsinə əsasən bu Məcəllənin 43.1-ci maddəsində göstərilən inzibati xətalar haqqında işlərə baxmaq hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən həmçinin səlahiyyətli orqanlara (vəzifəli şəxslərə) aid edildikdə, icraatında inzibati xətalar haqqında iş olan səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətanın xarakterini, inzibati xəta törədənin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti ağırlaşdıran halların və müsadirə olunmalı malların mövcudluğunu nəzərə alaraq, şəxs barəsində müvafiq maddənin sanksiyasında nəzərdə tutulan xəbərdarlıq və ya cərimə inzibati tənbeh tədbirlərindən daha ağır tənbeh tədbirinin tətbiqi üçün əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərir. Həmin Məcəllənin 111.3-cü maddəsinə əsasən inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. Həmin Məcəllənin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 109.1, 109.1.6-cı maddələrinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Beləliklə, iş materiallarını tam şəkildə araşdırıb belə qənaətə gəlirəm ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 157 və 232-1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında xx.xx.2020-ci il tarixli 0651570/980 saylı protokol natamam olduğundan, bu səbəbdən də işə baxılarkən tamamlamaq mümkün olmadığından inzibati xəta haqqında protokol və ona əlavə olunmuş digər sənədlər onu tərtib etmiş Qusar rayon Polis Şöbəsinə geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 109, 111-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 157 və 232-1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında xx.xx.2020-ci il tarixli 0651570/980 saylı protokol və ona əlavə edilmiş sənədlər Qusar rayon Polis Şöbəsinə geri qaytarılsın.
Məhkəmə qərarları › İş №3(029)-23/2021
Qusar Rayon Məhkəməsi Qərardad — İş №3(029)-23/2021
14.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver