Məhkəmə qərarları › İş №3(029)-236/2024

Qusar Rayon Məhkəməsi Qərardad — İş №3(029)-236/2024

24.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № 3(029)-236/2024 24.10.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi X1 xx xxxxxx 1966-cı ildə Qusar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Qusar rayonu Çubuqlu qəsəbəsində yaşayan Şəxs haqqında Qusar rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə materialları Qusar rayon məhkəməsinin binasında nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: Şəxs Qusar rayon məhkəməsinin 3(029)-86/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı ilə təyin edilmiş inzibati tənbehi çəkməkdən imtina etməsinə görə Qusar rayon İcra və Probasiya Şöbəsi tərəfindən həmin şəxsin barəsində Azərbaycan Respublikasının İXMnin 529.4-cü maddəsi ilə 18 oktyabr 2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. İş materiallarını araşdıraraq hesab edirəm ki, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər protokolu tərtib etmiş orqana geri qaytarılmalıdır. Belə ki, inzibati xəta haqqında protokolda Şəxs ona təyin edilmiş ictimai işlər növündə inzibati tənbehi çəkməkdən imtina etməsi göstərilsə də, Qusar rayon İcra və Probasiya Şöbəsi tərəfindən həmin şəxsin ictimai işlərə cəlb olunması üçün hansı tədbirlərin görülməsi, bununla bağlı hansı orqandan işlərin siyahısının alınması və məhz hansı qrafikdə və rejimdə ictimai işlərin görülməsinin Şəxs təklif olunması barədə hər hansı sənəd protokola əlavə olunmamışdır. Eyni zamanda protokola əlavə olunmuş Şəxs izahatından görünür ki, həmin şəxs ona təyin olunmuş cəriməni ödəməyə imkanı olmadığını bildirmiş, lakin konkret olaraq ictimai işlərin görülməsi ilə bağlı fikrini bildirməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.1, 100.1.3, 100.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti göstərilir. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Göründüyü kimi, təqdim edilmiş xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol Azərbaycan Respublikasının İXM-nin 100-cü maddəsinin tələbləri pozulmaqla tərtib edilmiş, natamamdır, işə baxılarkən tamamlanması mümkün deyildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə qaytarılması barədə qərardad qəbul edilir. Odur ki, iş materiallarını tam şəkildə araşdırıb belə qənaətə gəlirəm ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 529.4-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli MN ******* saylı protokol natamam olduğundan, bu səbəbdən də işə baxılarkən tamamlamaq mümkün olmadığından həmin protokol və ona əlavə olunmuş digər sənədlər onu tərtib etmiş Qusar rayon İcra və Probasiya Şöbəsinə geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100, 109-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 529.4-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli MN ******* saylı protokol və ona əlavə edilmiş sənədlər Qusar rayon İcra və Probasiya Şöbəsinə geri qaytarılsın. Qusar rayon Məhkəməsinin hakimi: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar