Məhkəmə qərarları › İş №3(029)-239/2022

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-239/2022

17.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-239/2022 17.06.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi Vəliyev Adil Yaqub oğlu, xx.xx.1990-cı ildə Qusar rayonu Köhnə Xudat kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə Qusar rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, Müəyyən etdim: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə Qusar RPŞ-nin inzibati binasında RPŞ-nin ƏİÜ müavinin xidməti otağında polis əməkdaşları ilə mübahisə edərək onların ünvanına nalayiq ifadələr işlətmiş, bundan sonra həmin hərəkətlərini davam etdirərək növbətçi hissənin iş rejimini 25 dəqiqə ərzində pozmuş, bununla bağlı onu intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Həmin faktla bağlı Qusar RPŞ-nin İTB-nin XÜ baş inspektoru X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələri ilə xx.xx.2022-ci il tarixli MN 1352722-282 saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta haqqında protokolda göstərilən xüsusatları təsdiq etmiş və məhkəməyə ərizə təqdim edərək izahatında göstərmişdir ki, 16 iyun 2022-ci il tarixdə onun anası Validəni Qusar RPŞ-nə çağırmışlar, o, anasını tək buraxmayaraq onunla birlikdə polis şöbəsinə getmişdir. Polis Şöbəsində ona video görüntülərdə olan qadını göstərərək onu tanıyıb-tanımadığını soruşmuşlar, o, isə həmin qadını tanımadığını bildirmişdir. Həmin vaxt Qusar RPŞ-nin rəis müavini Hidayət onu söymüş, o, da cavab olaraq eyni söyüşlə həmin şəxsi söymüşdür. Həmin vaxt hava çox isti olduğundan o, hirsli olmuş, buna görə də, ünvansız söyüşlər söymüşdür. Həmin hərəkətləri etməklə o, səhv etmiş, Hidayəti onun otağında söymüşdür. Əməlindən peşmandır, əlilliyi yoxdur, bir daha belə hərəkətlətə yol verməyəcəkdir. Odur ki, barəsində cərimə və ya 5-8 gün müddətə inzibati həbs tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 izahatında göstərmişdir ki, o, Qusar şəhəri bazar ərazisində ayaqqabı satışı ilə məşğul olur. Onun işlədiyi mağazadan ona məxsus içərisində pul və sənədlər olan portman oğurlanmış, 4 gün sonra-yəni 16 iyun 2022-ci il tarixdə Qusar-Digah yolunda portman tapılmış, lakin içərisində pul olmamış, yalnız sənədlər olmuşdur. Buna görə də, həmin gün onu Qusar RPŞ-yə dəvət etmişlər. Orada o, Qusar RPŞ-nin rəis müavini Hidayət Babayevin xidməti otağında olarkən, Validə adlı qadın da oraya gəlmiş, həmin şəxs izahat yaza bilmədiyini demiş, buna görə də oğlu Hamleti oraya çağırmışlar. Hamlet, Hidayət Babayevin xidməti otağına daxil olandan dərhal sonra nalayiq soyuşlərlə Hidayəti söymüş, polis əməkdaşları onu otaqdan dəhlizə çıxararkən dəhlizdə də, polis əməkdaşlarının ünvanına söyüşlər söymüş, onu intizama dəvət edən polis əməkdaşlarının tələblərinə tabe olmamışdır. Hidayət Babayev və digər polis əməkdaşları Hamleti söyməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahatında göstərmişdir ki, o, Qusar RPŞ-nin Post-patrul xidməti bölüyünün manqa komandiri vəzifəsində işləyir. Bir müddət əvvəl Qusar şəhəri Avtovağzal-bazar ərazisində olan mağazada oğurluq olmuş, kamera görüntülərindən Şəxs anası Validə Rüstəmovaya bənzər qadın görmüşlər, bu səbəbdən də həmin şəxsi polis şöbəsinə dəvət etmişlər. Validə Rüstəmova əməliyyatçılara qeyri-səmimi izahat vermiş, həmin vaxt Şəxs rəis müavini Hidayət Babayevin xidməti otağına gələrək onu ucadan nalayiq soyuşlərlə söymüşdür. Buna görə onu otaqdan dəhlizə çıxararkən dəhlizdə də polis əməkdaşlarının ünvanına ucadan nalayiq söyüşlər söymüş, “buradan çıxandan sonra baxın görün Sizə neynəyəcəyəm” demiş, onu sakitləşdirmək istəsələr də, onlara məhəl qoymayaraq, qanuni tələblərinə tabe olmayaraq öz hərəkətlərini davam etdirmiş, növbətçi hissənin iş rejimini təxminən 25-30 dəqiqə ərzində pozmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli inzibati qaydada tutulma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 17:45-də inzibati qaydada tutulmuş, xx.xx.2022-ci il tarixində saat 10:40-da azad edilmişdir. İş materiallarında olan Qusar RPŞ-nin PPXB-nün manqa komandiri polis baş serjantı Boris Laçınov tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli raportdan görünür ki, həmin tarixdə PPXB-nün polis nəfəri polis serjantı Seymur Xankişiyevlə birlikdə xidmətdə olduğu zaman saat 17:20 radələrində Qusar rayonu Avtovağzal ərazisində baş vermiş oğurluq hadisəsi ilə əlaqədar olaraq təhlükəsizlik kamerasında görüntülənən şəxsin əlamətlərinin Qusar rayonu Köhnə Xudat kəndində yaşayan X2 oxşar olduğu üçün həmin vətəndaşı dəvət edərək gətirmişlər. Bu zaman qadının yanında olan oğlu Şəxs anası ilə birlikdə təkidlə polis avtomaşınına minərək polis şöbəsinə gəlmişdir. Baş vermiş hadisəni araşdıran Qusar RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Nicat Qurbanov tərəfindən Validə Rüstəmovanın izahatı alınarkən qeyri-səmimilik etdiyinə görə Şəxs Qusar RPŞ-nin ƏİÜ rəis müavini Hidayət Babayev tərəfindən qəbula dəvət edilərək dinlənilən zaman xidməti iş otağında rəis müavinini nalayiq ifadələrlə təhqir edərək üzərinə hücum çəkmiş və Polis şöbəsinin normal iş rejimini 30 dəqiqə ərzində pozmuşdur. Həmin vaxt polis əməkdaşları Şəxs nizam-intizama dəvət etsələr də o, öz hərəkətlərini davam etdirərək rəis müavininin üzərinə hücum çəkməyə çalışaraq polisin ünvanına nalayiq ifadələrlə söyməyə davam etmişdir. İş materiallarında olan Qusar RPŞ-nin məsul növbətçisi, polis leytenantı Zöhrab Adayev tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli raportdan görünür ki, həmin tarixdə Şəxs Qusar RPŞ-nin inzibati binasında polisin qanuni tələblərinə tabe olmayaraq polis əməkdaşlarını təhqir etdiyinə görə növbətçi hissəyə gətirilərkən orada ucadan qışqıraraq nalayiq söyüşlər söyərək ümumi polis əməkdaşlarını təhqir etmişdir. Onu nizam-intizama dəvət etsələr də Hamlet Fizuliyeviç aqressiv şəkildə öz hərəkətlərini davam etdirərək növbətçi hissənin normal iş rejimini 25 dəqiqə ərzində pozmuşdur. Beləliklə, iş materiallarını nəzərdən keçirib, hesab edirəm ki, Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir, o, həmin maddələrlə təqsirli bilinməli, lakin aşağıdakı əsaslara görə onun barəsində həmin xətalardan daha ciddi xətaya görə-yəni İXM-nin 535.1-ci maddəsi ilə müəyyən edilmiş sanksiya çərçivəsində inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, onun əməlindən səmimi peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi qəbul edir, məsuliyyəti ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, işdə məsuliyyəti yüngülləşdirən halı və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh növü olaraq inzibati həbs tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Şəxs inzibati qaydada tutularaq xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək bir gün müddət inzibati həbs müddətinə daxil edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.3, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldım: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib, İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə 06 (altı) gün müddətə inzibati həbs, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 08 (səkkiz) gün müddətə inzibati həbs edilsin. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən Şəxs 08 (səkkiz) gün müddətə inzibati həbs edilsin. Şəxs inzibati qaydada tutularaq xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək bir gün həbsdə saxlanılması müddəti tətbiq olunmuş inzibati həbs müddətindən çıxılaraq barəsində qəti olaraq 07 (yeddi) gün müddətə inzibati həbs tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli 17 iyun 2022-ci il tarixdən saat 12:45-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Qusar rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qusar Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Adil Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar