Məhkəmə qərarları › İş №3(029)-249/2021

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-249/2021

02.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-249/2021 02.06.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Barəsində inzibati xəta haqında iş üzrə qərar qəbul edilmiş şəxs X5 və Qusar RPŞnin DYPB-nin Yol patrul xidməti baş inspektoru polis baş leytenantı X4 iştirakları ilə X5 Qusar RPŞ-nin DYPB-nin Yol patrul xidməti tərəfindən qəbul edilmiş 07 aprel 2021-ci il tarixli TP ******* saylı qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Qusar RPŞ-nin DYPB-nin Yol patrul xidməti baş inspektoru polis baş leytenantı X6 tərəfindən X5 barəsində Azərbaycan Respublikasının İXM-nin 329.1 və 342.2.2-ci maddələri ilə 01.04.2021-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və 07 aprel 2021-ci il tarixli TP ******* saylı qərarla həmin şəxs həmin maddələrlə təqsirli bilinib 150 (yüz əlli) manat məbləğində cərimə edilmişdir. X7 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. X7 şikayəti onunla əsaslandırmışdır ki, o, 01.04.2021-ci il tarixdə Qusar rayonu ərazisində anası X3 mülkiyyətində olan “Qazel-3302” markalı **-BC-*** dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsini idarə etdiyi zaman Qusar rayon X10 Yol Patrul xidmətinin əməkdaşları onu saxlamışlar. İdarə etdiyi avtomobilə baxış keçirən zaman ona bildirmişlər ki, həmin avtomobil qanunazidd, yəni normativ tələblər pozulmaqla və təhlükəsizlik kəmərindən istifadə etmədən onun tərəfindən idarə olunur və guya təqsirli olduğu üçün İnzibati Xətalar Məcəlləsinin 329.1 və 342.2.2-ci maddələrinə əsasən İXP ******* saylı protokol tərtib edilmişdir. İdarə etdiyi avtomobil, 2009-cu ildə aldığı zaman QAZ-3302 yük avtomobili kimi qeydiyyata alınmışdır. Kütləsi 1850 kq., qanunauyğun olaraq bortlu və tentli olmuşdur. Şəxsi təsərrüfatı, mal-qarası olduğu üçün o, həmin avtomobillə yük daşıyır. Bu səbəbdən də, 12.06.2019-cu il tarixdə onda olan QAZ-3302-nin üzərinə özüboşaldan avadanlığını quraşdıraraq avtomobili QAZ-3512-ə çevirmişdir. Həmin dəyişiklik barədə Azərbaycan Respublikası Dövlət Yol Polis İdarəsinin X1 Şəhadətnaməsində “xüsusi qeyd” qrafasında qeydiyyat aparılmışdır. İdarə etdiyi avtomobili saxlayan zaman Qusar rayonu Yol Patrul xidməti baş inspektoru polis baş leytenantı X6 idarə etdiyi avtomobilin sənədlərinə baxdığı zaman X1 Şəhadətnaməsində “xüsusi qeyd” qrafasına xüsusi nəzər salmış və başqa bir bəhanə tapmadığı üçün bortun altında dövlət tərəfindən icazə verilən və zavod istehsalı olan bir dəmir parçasını əsas tutaraq avtomobilini qanunsuz olaraq Qusar RPŞ-nin DYP duracağına aparmışdır. Avtomobili həmin duracaqda 7 (yeddi) gün qalmışdır. O, Daxili İşlər Nazirliyinə şikayət edəcəyini bildirdikdən sonra isə avtomobili duracaqdan buraxmışlar. Avtomobili idarə etdiyi zaman təhlükəsizlik kəmərindən istifadə etmiş, inspektor təhlükəsizlik kəmərindən istifadə etməməsini heç bir xüsusi texniki vasitə ilə qeydə almamış və yaxud fotoşəkillə sübut edə bilməmişdir. Göstərilən arqumentlərə əsasən hesab edir ki, Qusar rayon X14 Patrul Xidmətinin inspektoru tərəfindən tərtib olunmuş protokol və qərar ləğv olunmalıdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X7 şikayəti müdafiə etmiş və izahatında göstərmişdir ki, o, istifadəsində olan “Qazel- 3302” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə mal-qara, kənd təsərrüfatı məhsulları daşımaqla ailəsini dolandırır. İki uşağı var, kirayədə yaşayır. Əvvəllər idarə etdiyi avtomobilin kütləsi 1850 kq. olmuş, sonradan mütəxəssislər tərəfindən avtomobilin konstruksiyasında dəyişiklik edilmiş, özüboşaldan avadanlıq quraşdırılmış, avtomobilin çəkisi 2025 kq. olmuşdur. Sənəddə dəyişiklik Baş Dövlət Yol Polisi İdarəsində aparılmış, bu barədə kompüterə qeyd edilmişdir. Avtomobilin qeydiyyat şəhadətnaməsində avtomobilin tipi özüboşaldan qeyd edilmiş, lakin orada dəyişikliyin bütün detalları qeyd olunmamışdır. Avtomobilin 30 sm-lik dəmir bortunda mal-qara və digər yüklər aparmaq mümkün olmadığına görə 1 metr hündürlüyündə trafaret (taxta) bort artırmış, yük tutumunun artması üçün isə 7 ədəd əlavə resorlar quraşdırmışdır. Bortu ona görə hündürlətmişdir ki, yük tökülüb ətrafdakılar üçün təhlükə yaratmasın. Bütün bunları imkansız olduğuna görə və pul qazanıb ailəsini dolandırmaq üçün etmişdir. Əlavə avadanlıqları onsuz da sökməyəcək, sökərsə avtomobildə yük daşımaq mümkün olmayacaq və ailəsini dolandıra bilməyəcəkdir. Bundan başqa, onun avtomobilində təhlükəsizlik kəməri var, o, həmişə təhlükəsizlik kəmərindən istifadə edir, yalnız kənddə istifadə etmir, orada toqquşa biləcəyi heç nə yoxdur. Yol patrul xidmətinin əməkdaşları onun təhlükəsizlik kəmərindən istifadə etmədiyini görməmişlər, çünki onlar onun arxasınca gəlmişlər, onu saxladıqdan sonra o, maşından düşüb onlara yaxınlaşmış və onun təhlükəsizlik kəmərindən istifadə etmədiyini onlar görə bilməzdilər. Odur ki, həmin halların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Qusar RPŞ-nin DYPB-nin Yol patrul xidməti baş inspektoru polis baş leytenantı X6 izahatında göstərmişdir ki, o, 01.04.2021-ci il tarixdə digər yol patrul xidmətinin əməkdaşı olan Cəlalla birlikdə Qusar rayonu Balaqusar kəndinin girişində, “Karvan” restoranının qarşı tərəfində dayanaraq xidmətdə olmuşlar. Onlar xidməti avtomobillə üzü asfalt yola dayanarkən X7 idarə etdiyi “Qazel-3302” markalı **-BC- *** dövlət qeydiyyat nişanlı avtomobillə X12 kəndi istiqamətindən gələrək onların qarşısından keçmişdir. Həmin vaxt onlar həmin şəxsin təhlükəsizlik kəmərindən istifadə etmədiyini vizual olaraq aşkar etmişlər, həmçinin xidməti avtomobildə olan müşahidə kamerasına da düşmüşdür. Onlar xidməti avtomobillə İlham Səmədovun arxasınca getmişlər və onu Ç.Qurbanov küçəsində saxlamışlar. Bundan sonra avtomobilə baxış zamanı məlum olmuşdur ki, avtomobilin konstruksiyasında dəyişiklik edilmiş və bu səbəbdən də avtomobil Qusar RPŞ-nin DYP duracağına aparılmışdır. Orada araşdırma aparılmış, sorğular verilmiş və müəyyən edilmişdir ki, həqiqətən də, avtomobilin dəmir bortuna 1 metr hündürlüyündə trafaret (taxta) bort əlavə olunmuş, həmçinin əlavə resorlar quraşdırılmışdır. İlham Səmədov bunu şəxsi marağına görə pul qazanmaq üçün etmişdir, çünki mal-qaranı dəmir bortda daşımaq olmur, mal-qara oradan yerə hoppanıb düşə bilər. İlham Səmədov DİN-nin “102” xidmətinə müraciət etmiş, bundan sonra əlavə araşdırma aparılmış, İlham Səmədova əlavə avadanlıqları duracaqda sökməsi təklif olunmuş, lakin o, avtomobili aparıb səliqəli şəkildə evində əlavə quraşdırılmış avadanlıqları sökəcəyini bildirmiş, avtomobili ona qaytarmasını xahiş etmişdir. Bu barədə ondan iltizam alınmış və avtomobil həmin şəxsin özünə qaytarılmışdır. Lakin, buna baxmayaraq İlham Səmədov həmin avadanlıqları indiyədək sökməmişdir. İlham Səmədovun təhlükəsizlik kəmərindən istifadə etmədiyini müşahidə kamerası da çəkmiş, həmin görüntülər polis şöbəsində saxlanılır. İlham Səmədovu saxlayarkən dövlət qeydiyyat nişanı da görünməmiş, buna görə yüksək cərimə düşdüyündən şəxsiyyəti nəzərə alınmaqla barəsində bu barədə protokol tərtib olunmamışdır. Həmin şəxsin barəsində İXM-nin 329.1 və 342.2.2-ci maddələri ilə yüngül protokol tərtib olunmuş, daha ağır inzibati məsuliyyət nəzərdə tutulan xəta ilə-yəni İXM-nin 342.2.2-ci maddəsi ilə 150 manat məbləğində cərimə edilmişdir. Hesab edir ki, İlham Səmədovun barəsində qəbul edilmiş qərar qanuni və əsaslıdır, ona görə də, şikayətin rədd edilməsini, həmin qərarın dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. İş materiallarını araşdıraraq hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan AD N 487519 saylı 12.06.2019-cu il tarixli “X1 şəhadətnaməsi”nin surətindən görünür ki, QAZ 3302 yük markalı 90BC139 dövlət qeydiyyat nişanlı avtomobilin tipi “özüboşaldan”, yüksüz kütləsi 2025 kq., icazə verilən maksimum kütlə 3500 kq. qeyd edilmişdir. İş materiallarında olan X7 tərəfindən Qusar RPŞ-nə verilmiş 07.04.2021-ci il tarixli izahatın surətindən görünür ki, o, hüquq və vəzifələrinin ona izah olunduğunu, barəsində tərtib olunmuş protokolla razı olduğunu, heç bir şikayət və tələbinin olmadığını göstərmiş, nəqliyyat vasitəsində olan əlavə avadanlıqların, nəqliyyat vasitəsi duracaqdan götürüldükdən sonra sökülməsinə icazə verilməsini xahiş etmişdir. İş materiallarında olan fotoşəkillərlə müəyyən olunur ki, həqiqətən də, QAZ 3302 yük markalı 90BC139 dövlət qeydiyyat nişanlı avtomobilin dəmir bortuna taxta bort və ressorlar əlavə olunmuşdur. İş materiallarında olan Qusar rayonu “VAZ” kooperativi tərəfindən verilmiş 02.04.2021-ci il tarixli 15 saylı rəydən görünür ki, QAZ 3302 yük markalı 90BC139 dövlət qeydiyyat nişanlı avtomobilin ban hissəsinin yan bortlarına əlavə taxtalar ataraq nəzərdə tutulmuş hündürlüyü aşmış və arxa körpünün ressorlarına əlavə ressorlar ataraq nəqliyyat vasitəsinin konstruksiyasında dəyişiklik aparılmışdır. İş materiallarında olan İXP ******* saylı 01.04.2021-ci il tarixli inzibati xəta haqqında protokolun surətindən görünür ki, həmin tarixdə saat 18:00-da Qusar şəhəri Ç.Qurbanov küçəsində X5 Azərbaycan Respublikasının İXM-nin 329.1 və 342.2.2-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi faktı aşkar olunmuşdur. İş materiallarında olan TP ******* saylı 07.04.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X7 Azərbaycan Respublikasının İXM-nin 329.1 və 342.2.2-ci maddələri ilə təqsirli bilinib 150 manat məbləğində cərimə edilmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinin 18 və 19-cu bəndlərinə əsasən yol hərəkəti sahəsində dövlətin aşağıdakı vəzifələri vardır: nəqliyyat vasitələrinin texniki vəziyyətinə nəzarət etmək, qanunla müəyyən edilmiş hallarda texniki baxışları həyata keçirmək, konstruksiyası və ya texniki vəziyyəti müəyyən olunmuş standartlara, habelə mühərrik, ban və şassi nömrələri qeydiyyat sənədlərində göstərilmiş nömrələrə uyğun gəlməyən nəqliyyat vasitələrinin istismarını qadağan etmək; nəqliyyat vasitələrinin konstruksiyalarının hazırlanmasına və yenidən quraşdırılmasına, aqreqat, ban və ban hissələrinin dəyişdirilməsinə icazə vermək və yol hərəkəti təhlükəsizliyinin tələblərinə uyğun olmasına nəzarət etmək. Həmin Qanunun 27-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının ərazisində bütün mexaniki nəqliyyat vasitələri və onların qoşquları bu Qanunla və ona uyğun olaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilən “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamə ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilərək uçota alınırlar. Dövlət qeydiyyatı nəqliyyat vasitələrinin konstruksiyasının, texniki vəziyyətinin və avadanlığının qəbul olunmuş təhlükəsizlik qaydalarına uyğun olması, nəqliyyat vasitələrinin istifadə olunması və ya çıxdaş edilməsi zamanı uçot göstəricilərində dəyişiklik aparılması, nəqliyyat vasitələrinin hərbi mükəlləfiyyətinin müəyyən olunması, nəqliyyat vasitələrinin sahibləri tərəfindən rüsumların, yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalara görə tətbiq edilmiş inzibati cərimələrin ödənilməsi, eləcə də nəqliyyat vasitələrinin mərkəzləşdirilmiş şəkildə və regionlar üzrə uçota alınması, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortasının təmin edilməsi, həmçinin cinayətkarlığa və digər hüquqpozmalara qarşı mübarizə aparılması məqsədi ilə həyata keçirilir. Nəqliyyat vasitəsinin qoşqu və yarımqoşqunun qeydiyyatı sahibinin (hüquqi və fiziki şəxslərin) adına, kollektiv mülkiyyətdə olan nəqliyyat vasitələri isə yalnız bir şəxsin adına aparılır. Qeydiyyat üzrə daimi uçota alınan nəqliyyat vasitələrinin sahiblərinə nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları verilir. Həmin Qanunun 30-cu maddəsinin 5-ci hissəsinə əsasən istismarda olan nəqliyyat vasitəsinə həmin modelin normativ-texniki sənədlərində nəzərdə tutulmayan hissələr quraşdırmaq yolu ilə onun konstruksiyasının parametrlərinin dəyişdirilməsi beynəlxalq normativlərə və standartlara uyğun gəlməlidir. Nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulmasına, habelə tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər edilməsi qadağandır. Həmin Qanunun 37-ci maddəsinin 1-ci hissəsinin 6-cı bəndinə əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü konstruksiyasında nəzərdə tutulmuş təhlükəsizlik kəmərləri ilə təchiz edilmiş avtomobildə hərəkət edərkən kəməri bağlamalı və sərnişinlərin də kəməri bağlamasını təmin etməli (12 yaşınadək uşaqların, geriyə hərəkət manevri edən sürücülərin, hamilə qadınların, sürücülüyü öyrənən şəxs nəqliyyat vasitəsini idarə edərkən onu öyrədənin, yaşayış məntəqələrində isə bunlardan başqa, operativ nəqliyyat vasitəsi sürücülərinin və sərnişinlərinin kəməri bağlamamasına yol verilir), motosikletdə isə motoşlemi düymələməli və sərnişinlərin də motoşlemi düymələməsini təmin etməlidir. Beləliklə, iş materialları ilə, həmçinin yuxarıda göstərilən şəxslərin izahatları ilə müəyyən edilmişdir ki, həqiqətən də, 01.04.2021-ci il tarixdə saat 18:00 radələrində X2 şəhəri Ç.Qurbanov küçəsində idarə etdiyi QAZ 3302 yük markalı 90BC139 dövlət qeydiyyat nişanlı avtomobili təhlükəsizlik kəmərindən istifadə etmədiyinə görə Qusar rayon X14 Patrul Xidmətinin baş inspektoru polis baş leytenantı Pərviz Nadirli tərəfindən saxlanılmış və həmin vaxt onun idarə etdiyi avtomobilin konstruksiyasında dəyişiklik olunduğu müəyyən edilmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, İlham Səmədov avtomobilin tipini “özüboşaldan” tipinə dəyişdirsə də və bu barədə həmin X1 şəhadətnaməsində müvafiq qeyd aparılsa da, heç bir xüsusi icazə alınmadan avtomobilin yan bortlarına əlavə taxta bort, arxa körpünün ressorlarına isə əlavə 7 ədəd ressorlar quraşdıraraq avtomobilin konstruksiyasına özbaşına dəyişiklik etmişdir. Yol hərəkəti haqqında Qanunun tələblərinə əsasən nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulmasına, habelə tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər edilməsi qadağandır. Bununla da, İlham Səmədov qanunvericiliyin yuxarıda göstərilən tələbləri pozmuş və həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İXM-nin 329.1 və 342.2.2-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Həmin şəxs həmin xətaları törətdiyini barəsində inzibati xəta haqqında işə baxılarkən etiraf etmiş, Qusar RPŞ-nə verdiyi izahatında barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla razı olduğunu bildirmişdir. Həmçinin, İlham Səmədov özü məhkəmə iclasında təhlükəsizlik kəmərindən kənd yollarında istifadə etmədiyini, avtomobilin bortunu 1 metr qaldırdığını, avtomobilin arxa hissəsinə əlavə 7 ədəd resor quraşdırdığını etiraf etmişdir. Azərbaycan Respublikasının İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 79.1-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin və şahidlərin izahatları iş üzrə ona məlum olan hallar və işdə olan sübutlar üzrə şifahi və ya yazılı formada verilən məlumatlardan ibarətdir. Həmin Məcəllənin 80.1-ci maddəsinə əsasən sənədlərdə müəssisələrin, idarələrin, təşkilatların, vəzifəli şəxslərin və fiziki şəxslərin təsdiq etdikləri və ya şərh etdikləri məlumatların inzibati xəta haqqında iş üzrə icraat üçün əhəmiyyəti vardırsa, bu sənədlər iş üzrə sübutlar hesab edilir. Həmin Məcəllənin 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1, 135.1.1-135.1.4-cü maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Həmin Məcəllənin 329.1-ci maddəsinə əsasən təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə - qırx manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 342.2.2-ci maddəsinə əsasən normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə- yüz əlli manat məbləğində cərimə edilir. Beləliklə, iş materiallarını tam şəkildə araşdıraraq hesab edirəm ki, hazırkı inzibati xəta haqqında işə baxmış və inzibati qərar qəbul etmiş Qusar rayon Polis Şöbəsinin DYPB-nin Yol Patrul Xidməti tərəfindən X5 barəsində Azərbaycan Respublikasının İXMnin 329.1 və 342.2.2-ci maddələri ilə 01 aprel 2021-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərkən İXM-nin tələblərinə tam əməl olunmuş, İlham Səmədovun həmin xətaları törətməkdə təqsirli olması müvafiq rəylə, eləcə də, işdə olan digər mötəbər sübutlarla sübuta yetirilmiş və bununla da, həmin protokol əsasında qəbul edilmiş 07.04.2021-ci il tarixli TP ******* saylı qərar tam qanuni və əsaslı olmuşdur. İşə baxılarkən və qərar qəbul edilərkən İXM-nin 135.1-ci maddəsində sadalanan, inzibati xəta haqqında qərarın dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas olan halların heç birinə yol verilməmişdir. Odur ki, hesab edirəm ki, şikayət təmin edilməməli, Qusar rayon Polis Şöbəsinin DYPB tərəfindən qəbul edilmiş yuxarıda göstərilən məlum qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 128-136-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şikayət təmin edilməsin. Qusar RPŞ-nin DYPB-nin Yol patrul xidməti tərəfindən X5 barəsində qəbul edilmiş 07 aprel 2021-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Qusar rayon məhkəməsinin hakimi: Adil Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar