Məhkəmə qərarları › İş №3(029)-25/2022

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-25/2022

01.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-25/2022 01.02.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi Vəliyev Adil Yaqub oğlu, 29.01.1971-cı ildə Bakı şəhərində anadan olmuş, Rusiya Federasiyasının vətəndaşı, Rusiya Federasiyası Tula şəhəri Lelin prospekti ev 147 ünvanda yaşayan Şəxs haqqında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, Müəyyən etdim: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat Şöbəsinə daxil olmuş əməliyyat məlumatına əsasən 25.01.2022-ci il tarixdə saat 12:15 radələrində Rusiya Federasiyası istiqamətindən “Samur” gömrük postunun idxal gömrük nəzarəti zonasına daxil olan Rusiya Federasiyası vətəndaşı Şəxs idarə etdiyi “HYUNDAİ GRAND STAREX” markalı T480BY71 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə keçirilmiş gömrük yoxlaması zamanı, nəqliyyat vasitəsinin ön sağ oturacağının altında yerləşən əşyaları qoymaq üçün nəzərdə tutulmuş yerin arxa hissəsində 1 bağlama polietilen torbanın içərisində 80 bağlama, hər bağlamada 20 ədəd olmaqla cəmi 1600 ədəd, nəqliyyat vasitəsinin sol oturacaqlarının altında yerləşən əşyaları qoymaq üçün nəzərdə tutulmuş yerin arxa hissəsindən 1 bağlama polietilen torbanın içərisində 80 bağlama, hər bağlamada 20 ədəd olmaqla cəmi 1600 ədəd, nəqliyyat vasitəsinin ön panelinin içərisindəki corabın içindən 41 bağlama, hər bağlamada 20 ədəd olmaqla, cəmi 820 ədəd və ümumilikdə 4020 ədəd gömrük nəzarətindən gizlədilmiş diş üçün “anker sancağı” aşkar olunaraq götürülmüşdür. Faktla bağlı Şimal Ərazi Baş Gömrük İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 480-ci maddəsi ilə 28.01.2022-ci il tarixli 01400-0219/22 saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasının yeri və müddəti barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Şimal Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasının yeri və müddəti barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikasının İXM-nin 61.3 və 112.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş Şimal Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edirəm. İş materiallarında olan Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” birliyinin 28.01.2022-ci il tarixli 01-X saylı ekspertiza aktından görünür ki, təqdim edilmiş diş üçün “anker stift”lərinin 25.01.2022-ci il tarixə mövcud olan təqribi bazar qiyməti 1 (bir) ədədi- 1.20 (bir manat iyirmi qəpik) manat təşkil edir, ümumilikdə 4020 (dörd min iyirmi) ədədinin cəmi qiyməti 4824 (dörd min səkkiz yüz iyirmi dörd) manatdır. İş materiallarında olan 28.01.2022-ci il tarixli 01-X saylı ekspertiza xərclərinə dair bildirişdən görünür ki, həmin tarixli və saylı ekspert aktı üzrə aparılmış tədqiqatın dəyəri 72,0 (yetmiş iki) manat təşkil edir. İş materiallarını nəzərdən keçirib, hesab edirəm ki, Şəxs həmin hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh tədbiri olaraq inzibati xətanın bilavasitə obyekti olan predmetlərin müsadirəsinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Azərbaycan Respublikasının İXM-nin 55.1, 55.1.1, 55.1.2-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlər üzrə məsrəflər: zərər çəkmişlərə, şahidlərə, onların qanuni nümayəndələrinə, hal şahidlərinə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə verilmiş məbləğlərdən; maddi sübutların saxlanılmasına, göndərilməsinə (daşınmasına) və tədqiq edilməsinə xərclənən məbləğlərdən ibarətdir. Həmin Məcəllənin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. İş üzrə məhkəmə məsrəfləri cəmi 72 (yetmiş iki) manat təşkil edir və dövlət hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 55, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ M: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə təqsirli bilinərək, inzibati xətanın bilavasitə obyekti olan, dəyəri 4824 (dörd min səkkiz yüz iyirmi dörd) manat təşkil edən 4020 (dörd min iyirmi) ədəd “anker stift”lər müsadirə edilsin. İş üzrə cəmi 72 (yetmiş iki) manat məbləğində məhkəmə məsrəfləri dövlət hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Qusar rayon Məhkəməsinin hakimi: Adil Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar