Məhkəmə qərarları › İş №3(029)-251/2024

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-251/2024

16.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-251/2024 16.12.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Qusar rayon məhkəməsinin hakimi Cəlilov Əli İsa oğlu, X10 oğlunun katibliyi, Azərbaycan Avtomobil Yolları X5 Yollarının Mühafizə Xidmətinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə Şəxs MMC-nin nümayəndəsi X1 iştirakları ilə, Şəxs MMC barəsində Azərbaycan Avtomobil Yolları X5 Yollarının Mühafizə Xidmətindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 354.0.3-сi maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala Qusar rayon Məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, xx.xx.2024-cü il tarixdə X-38-14, Qusar-Əniq-Ləzə yerli əhəmiyyətli avtomobil yolunun 3,5-ci kilometrliyində, sol tərəfdə Şəxs MMC tərəfindən müvafiq icazə alınmadan daimi giriş-çıxış yolu yaratmaqla yol hərəkəti təhlükəsizlik qaydalarını pozmuşdur. Həmin faktla bağlı Azərbaycan Avtomobil Yolları X5 Yollarının Mühafizə Xidmətinin bölmə rəisi X6 tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 354.0.3-ci maddəsi ilə, xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X2 məhkəmə iclasında izahatında özünü təqsirli bilməyərək bildirmişdir ki, həmin yolun çəkilməsi Şəxs MMC-ilə sifarişçi X8 arasında bağlanmış podrat müqavilə əsasında həyata keçirilmişdir. Həmin müqavilənin 6.1.2-ci bəndinə əsasən qanunvericiliklə tələb olunan icazənin sifarişçi tərəfindən alınmasını əsas gətirərək, bildirmişdir ki, həmin inzibati xətanın mövcudluğunu qəbul edir. Lakin həmin inzibati xətanın onun tərəfindən deyil, sifarişçi tərəfindən törədildiyini və həmin protokolun onun barəsində tərtib edilməli olduğunu bildirmişdir. Həmin yolun çəkilməsi zamanı köhnə asfaltın olduğunu görmüş, işlərinin sadəcə köhnə asfaltın üzərinə yeni asfalt örtüyünün çəkilməsi olmuşdur. Həmçinin sifarişçi tərəfindən həmin yolun çəkilməsi üçün tələb olunan icazənin alınıb-alınmaması barədə sifarişçidən soruşmuş, sifarişçi isə şifahi şəkildə həmin icazənin alındığı barədə məlumat vermişdir. Lakin heç bir icazə sənədi tələb etməmiş və görməmişdir. Görmədiyi təqdirdə həmin yolun çəkilməsini sifarişçinin sözünə inanaraq həyata keçirmişdir. Bunların nəzərə alınaraq məhkəmədən barəsində qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Avtomobil Yolları X5 Yollarının Mühafizə Xidmətinin nümayəndəsi Nümayəndə protokolda göstərilən xüsusatları təsdiq edərək bildirmişdir ki, həmin yol Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında avtomobil yollarının təsnifat göstəriciləri”nin və “Ümumi istifadədə olan avtomobil yollarının adlandırılması, indeksasiyası və qeydiyyata alınması Qaydaları”nın təsdiq edilməsi haqqında 1 iyul 2004cü il tarixli, 91№-li qərarı ilə həmin yol Azərbaycan Avtomobil Yolları X5 Yollarının Mühafizə Xidmətinin balansındadır. Avtomobil yolları haqqında Azərbaycan Respublikası Qanunun 17-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərə mövcud avtomobil yolları ilə birləşmə və kəsişmə qovşaqlarının tikintisinə, yenidən qurulmasına və təmirinə yalnız müəyyən edilmiş qaydada təsdiq olunmuş layihə sənədi əsasında icazə verilə bilər. Protokolu müdafiə edərək məhkəmədən Şəxs MMC barəsində inzibati cərimə tənbeh növünün tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 və X4 protokolda göstərilən xüsusatları təsdiq etmişlər. Məhkəmə, məhkəmə iclasında dindirilmiş şəxslərin izahatlarını və iş materiallarını nəzərdən keçirib, hesab edir ki, Şəxs MMC həmin hərəkəti ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 354.0.3-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Şəxs MMC-nin həmin inzibati xətanı törətməsi, xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol, protokola əlavə olunmuş sənədlərlə və məhkəmə iclasında dindirilmiş şəxslərin izahatları ilə sübuta yetirilir. Məhkəməyə təqdim olunmuş sənədlərlə müəyyən olunur ki, Qusar-Əniq-Ləzə yerli əhəmiyyətli avtomobil yolu Azərbaycan Avtomobil Yolları X5 Yollarının Mühafizə Xidmətinin balansındadır. Şəxs MMC qanunla müəyyən olunmuş qaydada icazə almadan həmin ərazidə daimi giriş-çıxış yolu çəkmişlər. Məhkəmə Şəxs MMC-nin direktoru X1 izahatına münasibətdə isə qeyd edir ki, şəxs inzibati xətanın mövcudluğunu qəbul etsədə inzibati xətanın subyektinin hüquqi şəxsin deyil sifarişçi X8 olduğunu bildirmişdir. Lakin bu hal həmin inzibati xətanın Şəxs MMC tərəfindən törədilmə faktını istisna etmir. Tərəflər arasında bağlanmış podrat müqaviləsinin 6.1.2-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilmiş icazələrin alınması sifarişçinin öhdəlikləri olsada, həmin icazələrin alınıb-alınmaması barədə məlumatı olmayan və özünə yalnız şifahi şəkildə icazələrin alındığını bildirən podratçının vəzifəsi isə həmin icazə sənədi olmadan, yaxud onun bir nüsxəsini əldə etmədən həmin inzibati xətanı törətmişdir. Məhkəmə Şəxs MMC-nin direktorunun həmin alınmalı olan icazə sənədini görmədən, yalnız şifahi olaraq özünə bildirilərək müqavilə üzrə yaranmış öhdəliklərinin icrası nəticəsində yaranmış inzibati xətanın bilavasitə Şəxs MMC tərəfindən törədilməsi halını nəzərə alaraq hesab edir ki, hüquqi şəxs Şəxs MMC barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Azərbaycan Respublikası İXM-nin 21 və 31.1-ci maddələrinə əsasən inzibati tənbeh inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır və bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 48-ci maddəsinə əsasən inzibati xəta haqqında hər bir işin hallarının vaxtında, hərtərəfli, tam və obyektiv surətdə araşdırılması inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələrinə aid edilmişdir. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 354.0.3-ci maddəsinə əsasən müvafiq icazə almadan və ya alınmış icazənin şərtlərinə əməl etmədən avtomobil yollarında, prospektlərdə, küçələrdə, təhkim və mühafizə zolağında yol hərəkəti təhlükəsizliyi qaydalarının pozulmasına, yəni 354.0.3. daimi və müvəqqəti giriş-çıxış yerlərinin, başqa yollarla birləşmələrin və kəsişmələrin yaradılmasına görə fiziki şəxslər səksən manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin törətdiyi inzibati xətanın xarakterini və işin digər hallarını nəzərə alaraq Şəxs MMC barəsində inzibati tənbeh növü olaraq inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 110, 114-117, 128-131-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şəxs MMC (VÖEN №**********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 354.0.3-сi maddəsi ilə təqsirli bilinib 3000 manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qusar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Hakim: Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar