Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-26/2022 01.02.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi Vəliyev Adil Yaqub oğlu, xx.xx.1975-ci ildə Qusar rayonu Cağar kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələri ilə Qusar rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, Müəyyən etdim: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs 28.01.2022-ci il tarixdə Qusar rayon Mərkəzi Xəstəxanasında ondan içəri daxil olmağa icazə verən COVİD-19 pasportu olmadığına görə xəstəxanadan çıxmağını tələb edən polis əməkdaşları ilə mübahisə edərək onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. Həmin faktla bağlı Qusar RPŞ-nin İTB-nin polis sahə rəisi polis leytenantı X1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələri ilə 28.01.2022-ci il tarixli MN 1120985-29 saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməmiş və izahatında göstərmişdir ki, o, 28 yanvar 2022-ci il tarixdə barmağını əməliyyat etdirmək üçün Qusar rayon Mərkəzi Xəstəxanasına getmişdir. Xəstəxanaya daxil olarkən xəstəxananın foyesində 2 nəfər polis əməkdaşı ondan şəxsiyyət vəsiqəsini istəmişlər, o, isə vəsiqəni təqdim etmişdir. Vəsiqəsinə baxdıqdan sonra polis əməkdaşları onun COVİD-19 pasportunun olmadığını bildirərək onu içəri buraxmamışlar, o, isə bu barədə onlara qərar təqdim etmələrini bildirmişdir. Bundan sonra o, polis əməkdaşlarının onu içəri buraxmamalarının düzgün olub-olmamasını öyrənmək üçün bayıra çıxıb DİN-in 102 xidmətinə zəng etmişdir. Oradan ona heç bir məlumat verilməmiş və bu zaman bir nəfər polis serjantı ona yaxınlaşaraq bildirmişdir ki, 102 xidmətinə zəng etməsinə baxmayaraq onu içəri buraxmayacaqlar. Həmin polis əməkdaşı onu təhqir etməmiş, lakin onunla hündürdən danışmış, ona görə, o, polis serjantına demişdir ki, orada camaat var, işinizi şərəflə aparın, şüvənlik salmayın, bayıra çıxıb orada danışaq. Bu zaman həmin polis əməkdaşı ona bildirmişdir ki, guya o, həmin şəxsi təhqir etmişdir. Lakin, o, polis əməkdaşını təhqir etməmiş, yalnız özünün konstitusion hüquqlarından istifadə etmişdir. Bundan sonra onu polis şöbəsinə aparmışlar və orada da bildirmişdir ki, o, heç kimi söyüb təhqir etməmişdir. O, COVİD-19 pasportu olmadan qapalı məkanlara daxil olmağın qadağan olunduğunu bilir, lakin onun peyvəndə qarşı allergiyası var, həmçinin həkimlər peyvəndin sertifikatını təqdim etmədiklərinə görə peyvənd olunmamışdır. Əks göstəriş sertifikatı da yoxdur, xəstələnməmişdir. Onun heç bir günahı yoxdur, heç bir inzibati xəta törətməmişdir. Ona görə də, barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid X4 izahatında göstərmişdir ki, o, Qusar RPŞ-nin Post- Patrul Xidməti Bölüyünün polis nəfəri vəzifəsində işləyir. 28 yanvar 2022-ci il tarixdə o, digər polis əməkdaşı Telman Qəribovla birlikdə Qusar rayon Mərkəzi Xəstəxanasının girişində olan postda xəstəxanaya daxil olmaq istəyən vətəndaşların COVİD-19 pasportunu yoxlamaqla xidməti vəzifəsini yerinə yetirmişdir. Həmin gün adını sonradan bildiyi Şəxs xəstəxanaya daxil olmuş və həmin şəxsin COVİD-19 pasportunu yoxlayarkən məlum olmuşdur ki, onun belə bir pasportu yoxdur, peyvənd olunmamışdır. Bu səbəbdən də, o və Telman həmin şəxsi içəriyə buraxmamışlar, xəstəxanadan çıxmasını, gedib peyvənd olunmasını ona tövsiyyə etmişlər. Lakin, Nizami bayıra çıxmamış və onlara demişdir ki, şüvənlik salmayın, şərəfiniz olsun, sizin qanundan xəbəriniz yoxdur, heç bir qanunda yazılmayıb ki, içəriyə daxil olmaq olmaz. Onlar bir daha Nizamiyə izah etmişlər ki, ya peyvənd sertifikatı, ya əks göstəriş sertifikatı olmalıdır ki, içəriyə daxil ola bilsin. Nizami isə bildirmişdir ki, sağlamdır, lakin peyvənd olunmayacaqdır. Bu səbəbdən də, onlar bir daha Nizamidən xəstəxanadan çıxmasını tələb etmişlər və Nizami əsəbləşərək onlarla mübahisə etmiş, həmin vaxt orada başqa şəxslər də olmuşdur. Bundan sonra onlar manqa komandiri Boris Laçınovu çağırmışlar və Şəxs polis şöbəsinə aparılmışdır. Həmin hadisə xəstəxananın əsas girişində olmuşdur. Telman Qəribov hazırda Quba rayon Polis Şöbəsində işləyir. Məhkəmə iclasında şahid X3 izahatında göstərmişdir ki, o, Qusar RPŞ-nin Post- Patrul Xidməti Bölüyünün manqa komandiri vəzifəsində işləyir. 28 yanvar 2022-ci il tarixdə xidmətdə olarkən efir vasitəsilə Qusar rayon Mərkəzi Xəstəxanasında bir nəfər şəxsin polis əməkdaşlarına qarşı tabesizlik etməsi barədə məlumat verilmiş və o, xəstəxanaya getmişdir. Orada adını sonradan bildiyi Şəxs xəstəxananın giriş qapısının ağzında içəri tərəfdə olmuş, o, həmin şəxsə sıxlıq yaratmamasını, çölə çıxmasını bildirmiş, Nizami isə ona xidməti şərəflə aparmasını, şüvənlik salmamasını demişdir. Orada COVİD-19 pasportu olmadığına görə içəriyə buraxılmayan başqa vətəndaşlar da olmuş, o, Nizamiyə hüquqlarını izah etmiş, həmçinin COVİD-19 pasportu olmadan içəriyə daxil omağın qadağan olunduğunu bildirərək çölə çıxmasını, gedib peyvənd olunmasını ona tövsiyyə etmiş, lakin Nizami çölə çıxmaqdan imtina etmişdir. Bundan sonra isə həmin şəxs Qusar RPŞ-yə aparılmış, həmin vaxt ona qarşı heç bir fiziki güc tətbiq edilməmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Şəxs həqiqətən də, 28 yanvar 2022-ci il tarixdə Qusar rayon Mərkəzi Xəstəxanasının əsas girişində vətəndaşların içəriyə daxil olmalarına hüquq verən COVİD-19 pasportunu yoxlamaqla xidməti vəzifələrini həyata keçirən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq COVİD-19 pasportu olmamasına baxmayaraq xəstəxanadan bayıra çıxmaqdan imtina etmişdir. Bununla da, o, həmin hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş, ona görə də o, həmin maddə ilə təqsirli bilinməli və barəsində inzibati tənbeh tətbiq edilməlidir. Bundan başqa, Şəxs həmin vaxt söyüşlər söyməsi, hay-küy salması, bununla da, ictimai qaydanı pozaraq və ya ətrafda olan şəxsləri narahat edərək xırda xuliqanlıq hərəkətləri etməsi və həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi məhkəmə iclasında öz təsdiqini tapmamış, əksinə polis əməkdaşlarının izahatları ilə də təkzib olunmuşdur. Azərbaycan Respublikasının İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İXM-nin 53.1, 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 75.0, 75.0.2, 75.0.3, 75.0.6-cı maddələrinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Göründüyü kimi Şəxs tərəfindən Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi sübuta yetirilməmiş və onun əməlində həmin inzibati xətanın tərkib əlamətləri mövcud deyildir. Azərbaycan Respublikasının İXM-nin 114.2, 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, iş materiallarını tam şəkildə tədqiq edərək hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi olmadığından barəsində həmin maddə ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə onun barəsində inzibati tənbeh növü olaraq cərimə tətbiq edilməsini məqsədə müvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldım: Qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilənlərə əsasən Şəxs əməlində inzibati xəta tərkibi olmadığından barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Hakim: Adil Vəliyev
Məhkəmə qərarları › İş №3(029)-26/2022
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-26/2022
01.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver