Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-262/2021 16.06.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi Vəliyev Adil Yaqub oğlu, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Dövlət X3 Regional Reklam İdarəsinin nümayəndəsi X1 iştirakları ilə xx xxxx 1981-ci ildə Xaçmaz rayonu Çarxı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, fərdi sahibkarlıqla məşğul olan (VÖEN:**********), ünvan 1 ünvanda yaşayan vəzifəli şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 428.7.1-ci maddəsi ilə X4 İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdim: Təqdim olunmuş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, 26 aprel 2021-ci il tarixdə Şəxs tərəfindən Qusar şəhəri H.Əliyev prospekti 275 ünvanda yerləşən “Xarı Bülbül” ailəvi restoranın fasadında ayrıca dayaqlı reklam qurğusunda müvafiq icazə olmadan açıq məkanda qanunsuz reklam yerləşdirilməsi və yayımı halı müəyyən edilmişdir. Həmin faktla bağlı X4 İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 428.7.1-ci maddəsi ilə 21.05.2021-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X4 İdarəsinin nümayəndəsi X2 izahatında göstərmişdir ki, nümayəndəsi olduğu idarənin əməkdaşları 26 aprel 2021-ci il tarixdə Qusar şəhəri H.Əliyev prospektində yerləşən “Xarı Bülbül” adlı ailəvi restoranın fasadında razılaşdırılmamış reklam yayımı faktını aşkar etmişlər, bu barədə müvafiq akt tərtib olunmuş, həmçinin fotoşəkillər çəkilərək akta əlavə olunmuşdur. Bundan sonra obyektin sahibi Şəxs reklamın dayandırılması barədə göstəriş göndərilmiş, lakin həmin şəxs tərəfindən reklam dayandırılmamış və bu səbəbdən də, həmin şəxsin barəsində inzibati xəta haqqında 21 may 2021-ci il tarixli protokol tərtib edilmişdir. Həmin protokol Şəxs təqdim edilmişdir. Həmin şəxs VÖEN əsasında fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olur və ona görə də, vəzifəli şəxs kimi barəsində məlum protokol tərtib edilmişdir. Odur ki, Şəxs barəsində müvafiq inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasında gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikasının İXM-nin 61.3-cü maddəsinə əsasən işə həmin şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. İş materiallarında olan 26 aprel 2021-ci il tarixli 000394 saylı “açıq məkanda mövcud qanunvericiliyin tələblərinə uyğun olmayan reklam yayımı hallarının müəyyən edilməsi haqqında” aktdan görünür ki, Qusar şəhəri H.Əliyev prospektində yerləşən “Xarı Bülbül” adlı obyektdə Şəxs tərəfindən “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununun 26-cı maddəsinin 26.2-3-cü bəndinin və açıq məkanda reklam yerləşdirilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydasının 2.19-cu bəndinin tələbləri pozulmaqla açıq məkanda müvafiq haqqı ödənilmədən reklam yayımı halı müəyyən edilmişdir. İş materiallarında olan X4 İdarəsi tərəfindən Şəxs ünvanlanmış 26 aprel 2021-ci il tarixli 000394 saylı “Reklam haqqında” Azərbaycan Respublikasının mövcud qanunvericiliyinin tələblərinin pozulmasına dair icrası məcburi olan göstərişdən görünür ki, Qusar şəhəri H.Əliyev prospektində yerləşən “Xarı Bülbül” obyektinin sahibi Şəxs reklam yayımının 5 gün ərzində dayandırılması tələb olunmuş, əks halda, barəsində inzibati xəta haqqında protokol tərtib olunacağı bildirilmişdir. İş materiallarında olan Açıq məkanda reklam yerləşdirilməsinəİcazədən 25.12.2020-ci il tarixli çıxarışdan görünür ki, Şəxs Qusar şəhəri H.Əliyev prospektində yerləşən obyektdə reklam yayımı yerləşdirməsinə 15.04.2020-ci il tarixdən 15.04.2021-ci il tarixədək icazə verilmişdir. İş materiallarında olan fotoşəkillərdən görünür ki, Qusar şəhəri H.Əliyev prospekti 275 ünvanında yerləşən “Xarı Bülbül” ailəvi restoranın fasadında ayrıca dayaqlı reklam qurğusunda reklam yayımlandığı aşkar edilmişdir. İş materiallarında olan 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən X4 İdarəsinin 11.06.2021-ci il tarixli müraciətinə verilmiş cavabın elektron portaldan çıxarışından görünür ki, Qusar şəhəri H.Əliyev prospekti 275 ünvanda yerləşən “Xarı Bülbül” restoranı təsərrüfat subyekti kimi **********-47001 kodla Şəxs adına qeydiyyata alınmışdır. “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununun 26.1-ci maddəsinə əsasənreklam birbaşa və ya reklam daşıyıcısı vasitəsilə torpaq sahələrində, bina, qurğu və digər tikililərin fasadlarında (divarlarında, hasarlarında), dam örtüklərində, bayıra ünvanlanmaqla qapıların, pəncərələrin (pəncərə altlıqlarının), vitrinlərin çöl və iç tərəflərində, habelə açıq məkanda olan avadanlıqlarda, avtomobil yollarının dayanacaqlarında və yeraltı keçidlərində, hava şarlarının, aerostat və dirijablların üzərində yerləşdirildiyi halda açıq məkanda reklam hesab olunur. Həmin Qanunun 26.2-1-ci maddəsinə əsasənaçıq məkanda reklam yerləşdirilməsinə icazənin verilməsi və bu sahədə nəzarətin keçirilməsi qaydasını, həmçinin icazənin formasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Həmin Qanunun 26.2-2, 26.2-2.1, 26.2-2.2-ci maddələrinə əsasən reklam yayıcısı, həmçinin: reklam daşıyıcısınınyerləşdiriləcəyi xüsusi mülkiyyətdə olan daşınmaz əmlakın mülkiyyətçisi ilə həmin əmlakın istifadəsinə dair müqavilə bağlamalıdır; reklam daşıyıcısının bələdiyyə mülkiyyətində olan daşınmaz əmlakda yerləşdiriləcəyi təqdirdə həmin əmlakın icarəsinə dair bələdiyyə ilə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum arasında bağlanılacaq müqavilədən irəli gələn məbləği həmin quruma ödəməlidir. Həmin Qanunun 26.2-3-cü maddəsinə əsasənreklam yayıcısı açıq məkanda reklam yayımına görə bu Qanunun 35.3-cü maddəsinə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma haqq ödəyir. Həmin Qanunun 35.3-cü maddəsinə əsasənaçıq məkanda reklam yayımına görə ödənilən haqqın məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu maddənin birinci cümləsinin tələbi nəzərə alınmaqla, açıq məkanda reklam yayımına görə haqqın ödənilməsi ilə bağlı məsələlər hər bir reklam yayıcısına bu Qanunun 26.2-ci maddəsinə uyğun olaraq verilən icazədə müəyyən edilir. Beləliklə, iş materiallarını tam şəkildə tədqiq edərək hesab edirəm ki, həqiqətən də, 26 aprel 2021-ci il tarixdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Şəxs tərəfindən müvafiq icazə olmadan fərdi sahibkarlıqla məşğul olduğu Qusar şəhəri H.Əliyev prospektində yerləşən “Xarı Bülbül” restoranının fasadında reklam yayımı yerləşdirilməsi faktı aşkar olunmuş, həmin reklamın dayandırılması reklam yerləşdirilməsinə icazə verilməsini və bu sahədə nəzarəti həyata keçirən X4 İdarəsi tərəfindən tələb olunsa da, Şəxs reklam yayımını dayandırmamış və bununla da, həmin hərəkəti ilə Azərbaycan Respublikasının İXM-nin 428.7.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Odur ki, onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Maddənin qeyd hissəsinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Göründüyü kimi, Şəxs VÖEN:********** əsasında fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olur və bu səbəbdən də o, vəzifəli şəxs kimi inzibati məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikasının İXM-nin 428.7.1-ci maddəsinə əsasən müvafiq icazəolmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə-fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan minimum həddə cərimənin tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldım: Vəzifəli şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, 1500 (min beş yüz) manat məbləğində cərimə edilsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət və protest verilmədikdəqərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Qusar rayon məhkəməsinin hakimi: Adil Vəliyev
Məhkəmə qərarları › İş №3(029)-262/2021
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-262/2021
16.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver