Məhkəmə qərarları › İş №3(029)-263/2021

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-263/2021

02.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-263/2021 02.07.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi Vəliyev Adil Yaqub oğlu, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan hüquqi şəxs Avro-Asiya Korporasiyası “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 və inzibati xəta haqqında protokolu tərtib etmiş Qusar rayon X9 X10 yol-patrul xidməti inspektoru, polis baş serjantı X3 iştirakları ilə Hüquqi ünvanı ünvan 1asiyası “xxxx” Açıq Səhmdar Cəmiyyətinin barəsində Azərbaycan Respublikasının İXM-nin 348-ci maddəsi ilə Qusar rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, “AVRO-ASİYA İNŞAAT KOOPERASİYASİ “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Kamaz markalı **-JA-*** dövlət qeydiyyat nişanlı avtomobillə təhlükəli yüklərin daşınması qaydalarının pozulması halına yol verilmişdir. Yəni, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 yanvar 2000-ci il tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhlükəli yüklərin avtomobil nəqliyyatı ilə daşınması Qaydaları”nın 4.9-cu bəndində nəzərdə tutulmuş təhlükəli yükü marşrutu olmadan daşımışdır. Yükün 1-ci sinif dizel yanacağı olması müəyyən edilmişdir. Həmin faktla bağlı Qusar rayon Polis Şöbəsinin DYPB-nin YPX inspektoru polis baş serjantı X6 tərəfindən “AVRO-ASİYA İNŞAAT KOOPERASİYASİ “xxxx” ASC-nin barəsində Azərbaycan Respublikasının İXM-nin 348-ci maddəsi ilə 27 aprel 2021-ci il tarixli AP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmiş, həmin material 04 iyun 2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qusar rayon X9 X10 yol-patrul xidməti inspektoru, polis baş serjantı X6 izahatında göstərmişdir ki, 23 aprel 2021-ci il tarixdə saat 15:45-də Qusar-Xudat yolunda Kamaz markalı 99JA653 dövlət qeydiyyat nişanlı yük avtomobili onun tərəfindən saxlanılmış və məlum olmuşdur ki, həmin avtomobil 1-ci sinif təhlükəli yüklərə aid olan dizel yanacağı daşıyır. Araşdırma zamanı məlum olmuşdur ki, həmin avtomobil “xxxx” ASC-nə məxsusdur və sürücü avtomobili yol vərəqəsinə əsasən idarə edir. Təhlükəli yükün sənədləri araşdırılarkən isə məıum olmuşdur ki, yükün daşınmasına icazə və yükün daşınma marşrutu yoxdur. Yük Şahdağda yerləşən “SOCAR”a məxsus blok tipli bazadan götürülmüşdür. Bununla da, “xxxx” ASC tərəfindən təhlükəli yüklərin daşınması qaydaları pozulmuş və ona görə də, onun barəsində hazırkı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Odur ki, həmin ASCnin barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “xxxx“xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X5 məhkəməyə etiraz ərizəsi təqdim etmiş və izahat verərək göstərmişdir ki, Kamaz markalı 99JA653 dövlət qeydiyyat nişanlı yük avtomobili nümayəndəsi olduğu ASC-nə məxsusdur. Həmin avtomobili X4 yol vərəqəsinə əsasən idarə etmişdir. 23 aprel 2021-ci il tarixdə nümayəndəsi olduğu ASC tərəfindən X12ə təhlükəli yükü Şahdağdan götürməsi üçün tapşırıq verilməmiş, həmin şəxs özbaşına həmin yükü daşımışdır. Təhlükəli yüklərin daşınmasına icazənin olubolmaması barədə onun məlumatı yoxdur. X12 təhlükəli yükün daşınması qaydalarını pozduğuna görə cərimə olunmuşdur. Odur ki, “xxxx“xxxx” Açıq Səhmdar Cəmiyyətinin barəsində olan hazırkı inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını hərtərəfli, tam və obyektiv nəzərdən keçirib hesab edirəm ki, hüquqi şəxs “xxxx“xxxx” Açıq Səhmdar Cəmiyyətinin barəsində Azərbaycan Respublikasının İXM-nin 348-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan “xxxx” ASC tərəfindən verilmiş 01-30 aprel 2021-ci il tarixli ******* saylı yol vərəqəsinin surətindən görünür ki, həmin ASC tərəfindən özünə məxsus Kamaz markalı 99JA 653 dövlət qeydiyyat nişanlı avtomobil dizel yanacağının daşınması üçün Albert Rəfiyevin idarəçiliyinə verilmişdir. İş materiallarında olan Qusar rayon X9 X10 yol-patrul xidməti inspektoru, polis baş serjantı X6 tərəfindən X1 barəsində Azərbaycan Respublikasının İXM-nin 348-ci maddəsi ilə tərtib edilmiş İXP ******* saylı 23 aprel 2021-ci il tarixli inzibati xəta haqqında protokolun surətindən görünür ki, Albert Rəfiyev təhlükəli yükün daşınması qaydalarını pozmuşdur. İş materiallarında olan Qusar RPŞ-nin DYPB-nin TP ******* saylı 27 aprel 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, X4 Azərbaycan Respublikasının İXM-nin 348-ci maddəsi ilə təqsirli bilinib 100 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 7.3-cü maddəsinə əsasən hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən, təşkilati-hüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilirlər. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. Uzanan inzibati xətaya görə şəxs inzibati məsuliyyətə cəlb olunduqdan sonra da bu xətanı törətməkdə davam edirsə, inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 99.1, 99.1.1-99.1.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblər aşağıdakılardır: inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi; dövlət orqanlarından (qurumlarından) və ya bələdiyyələrdən məlumatların daxil olması; fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim edilən, yaxud kütləvi informasiya vasitələrində dərc olunmuş məlumatlar. Həmin Məcəllənin 348-ci maddəsinə əsasən nəqliyyat vasitələri ilə təhlükəli yüklərin daşınması qaydalarının pozulmasına görə- fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər beş yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının Nazilər Kabinetinin 27 yanvar 2000-ci il tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhlükəli yüklərin avtomobil nəqliyyatı ilə daşınması Qaydaları”nın 4.9-cu bəndinə əsasən 1-ci sinif təhlükəli yükləri daşıyan nəqliyyat vasitələrinin və avtoçənlərin texniki vəziyyətinin onları istehsal edən zavodun təlimatının, «Yol hərəkəti haqqında» Qanunun, bu Qaydaların tələblərinə və müəyyən növ təhlükəli yüklərin təhlükəsiz daşınması üzrə lisenziyaların şərtlərinə cavab verib-verməməsinin yoxlanması üçün onlar qanunla müəyyən edilmiş hallarda DYP-də texniki baxışından keçirilməlidir. Nəqliyyat vasitələrinin texniki vəziyyətləri yuxarıda göstərilən tələblərə cavab verdikdə, Fövqəladə Hallar Nazirliyi və DYP təhlükəli yüklərin daşınmağa buraxılması haqqında onlara şəhadətnamə verirlər (5 nömrəli əlavə). 1-ci sinif təhlükəli maddə və məmulatları daşıyan nəqliyyat vasitələrinə və avtoçənlərə DYP-də təkrar qeydiyyat vərəqələri yazılır və ayrıca kartoteka yeşiklərində saxlanılır. Həmin Qaydaların 5.4-cü bəndinin a) yarımbəndinə əsasən təhlükəli yükləri daşıyan nəqliyyat vasitəsinin sürücüsündə yol hərəkəti qaydalarında göstərilənlərdən əlavə daşınmaya məsul şəxs olmadıqda təhlükəli yükün daşınma marşrutu barədə sənəd (4 nömrəli əlavə) olmalıdır. Təhlükəli yüklərin avtomobil nəqliyyatı ilə daşınması Qaydalarına 2 nömrəli əlavəyə əsasən Müvafiq dövlət standartları «Təhlükəli yüklər. Təsnifatı. Təhlükə nişanları» üzrə tələblərə müvafiq olaraq təhlükəli yüklərə — daşınma, yükləmə, boşaltma işləri və saxlama zamanı partlayışa, yanğına, yaxud nəqliyyat vasitələrinin, anbarların, qurğuların, bina və tikililərin zədələnməsinə, həmçinin insan və heyvanların məhvinə, xəsarət almasına, zəhərlənməsinə, yanıqlar almasına və ya xəstələnməsinə səbəb olan maddə və əşyalar aid edilir. Təhlükəli yüklər aşağıdakı siniflərə bölünür: 1-ci sinif — partlayıcı maddələr; 2-ci sinif — təzyiq altında sıxılmış, maye halına salınmış, həll olunmuş qazlar; 3-cü sinif — tez alışan mayelər; 4-cü sinif — tez alışan maddə və materiallar; 5-ci sinif — oksidləşən məmulatlar və üzvü peroksid; 6-cı sinif — zəhərləyici (toksik) maddələr; 7-ci sinif — radioaktiv və yoluxdurucu maddələr; 8-ci sinif — aşındırıcı və yeyici maddələr; 9-cu sinif — digər təhlükəli yüklər. 1-ci sinifə (partlayıcı maddələr) aşağıdakılar daxildir: kimyəvi reaksiyalara girə bilən və bu zaman ətrafdakı əşyaları zədələyən qazların, istiliyin və təzyiqin yaranmasına səbəb olan partlayıcı maddələr, daha doğrusu bərk, yaxud maye halında olan maddələr və ya maddələrin qarışığı; daşınmasına icazə verilməyən (yüksək təhlükəli partlayıcı maddələr, yəni daha hissiyyatlı və yaxud öz-özünə tez parçalanan maddələr), yaxud təhlükəlilik dərəcəsi digər sinifə müvafiq olan maddələr istisna təşkil edir; sayı və xassələri təsadüfi alışma, ətrafa səpələnmə, alovlanma, tüstülənmə, qablardan kənarda səsçıxarma hallarına səbəb olmayan partlayıcı maddələr istisna olmaqla tərkibində bir və ya bir neçə partlayıcı maddə olan məmulatlar; detonasiya verməyən ekzometrik reaksiyalar nəticəsində alov, səs, qaz, yaxud tüstü və ya onların qarışığını yaratmaq üçün istehsal olunan pirotexniki maddələr, tərkibində həmin maddələrin olduğu məmulatlar, daha doğrusu maddələr və ya maddələrin qarışığı. 3-cü sinifə (tez alışan mayelər) DÜİST 12.1.044—84 üzrə alışma istiliyi qapalı qabda 61 0C , açıq qabda isə 66 0C istilik verən mayelər, mayelərin qarışığı, məhlullar və suspenziyalar (məs. rəng və lak materialları) aiddir. Göründüyü kimi hüquqi şəxs “xxxx“xxxx” Açıq Səhmdar Cəmiyyətinin barəsində tərtib edilmiş hazırkı inzibati xəta haqqında protokolda onun Azərbaycan Respublikasının Nazilər Kabinetinin 27 yanvar 2000-ci il tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhlükəli yüklərin avtomobil nəqliyyatı ilə daşınması Qaydaları”nın 4.9-cu bəndinin tələblərini pozaraq yükün daşınma marşrutu olan 1-ci sinif dizel yanacağını daşıdığı qeyd olunmuşdur. Qeyd olunmalıdır ki, həmin Qaydaların 4.9-cu bəndində 1-ci sinif təhlükəli yükləri daşıyan nəqliyyat vasitələrinin və avtoçənlərin qanunla müəyyən edilmiş hallarda DYP-də texniki baxışdan keçirilməli olduğu qeyd olunmuş, yükün daşınma marşrutuna dair tələb isə nəzərdə tutulmamışdır. Həmin bənddə nəzərdə tutulan tələb isə məhz 1-ci sinif təhlükəli yüklərə aiddir. Həmin bənddə nəzərdə tutulan tələbə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs tərəfindən əməl olunması isə inzibati xəta haqqında protokolu tərtib etmiş orqan tərəfindən araşdırılmamış, müvafiq qurumlara sorğular verilməklə müvafiq sübutlar əldə olunmamışdır. Bundan başqa, inzibati xəta haqqında protokolda daşınan dizel yanacağının 1-ci sinif təhlükəli yüklərə aid olması qeyd olunsa da, bu barədə müvafiq sənəd protokola əlavə olunmamışdır. Yuxarıda qeyd olunan Qaydalara əsasən isə 1-ci sinif təhlükəli yüklərə partlayıcı maddələr daxildir, tez alışan mayelər, o cümlədən dizel yanacağı isə 3-cü sinif təhlükəli yüklərə aiddir. Qaydaların 4.9cu bəndindəki tələb isə məhz 1-ci sinif təhlükəli yüklərə aiddir. Bununla da, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin məhz inzibati xəta haqqında protokolda göstərilən hərəkətləri törətməklə təhlükəli yüklərin daşınması qaydalarını pozması tam olaraq öz təsdiqini tapmamış, bu barədə əsaslı şübhələr vardır, həmin şübhələr inzibati xəta haqqında protokolu tərtib etmiş orqan tərəfindən aradan qaldırılmamış və ona görə də, həmin şübhələr barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin xeyrinə həll olunmalıdır. Bundan başqa, təhlükəli yükün daşınma marşrutu olmadığına görə yük avtomobilini idarə etmiş X12 artıq inzibati məsuliyyətə cəlb olunmuş, yuxarıda göstərilən Qaydalarda da, yükün daşınması marşrutu barədə sənədin məhz sürücünün üzərində olması tələbi qoyulmuşdur. Belə olan halda, eyni hala görə həm sürücünün, həm də, nəqliyyat vasitəsi sahibinin inzibati məsuliyyətə cəlb olunması ədalətlilik prinsipinə ziddir. Odur ki, hüquqi şəxs xxxx“xxxx” Açıq Səhmdar Cəmiyyəti hazırkı halda inzibati xəta haqqında protokolda göstərilən, ona istinad olunan əməl barəsində təqsirsiz sayılmalıdır. Azərbaycan Respublikasının İXM-nin 53.1, 53.1.1, 53.1.2-ci maddələrinə əsasən inzibati xəta hadisəsi olmadıqda; inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin məcəllənin 105.1-ci maddəsinə əsasən bu məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.1, 109.1.6-cı maddələrinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Həmin Məcəllənin 114.1, 114.1.1-114.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır: inzibati tənbeh vermə haqqında; inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında; inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında; inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında. Həmin Məcəllənin 114.2, 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, iş materiallarını tam şəkildə tədqiq edərək hesab edirəm ki, inzibati xəta haqqında protokolda əhəmiyyətli ziddiyyətlər və şübhələr olduğundan, hüququ şəxs xxxx“xxxx” Açıq Səhmdar Cəmiyyətinin ona istinad olunan inzibati xətanı törətməkdə təqsirli olması tam sübuta yetirilmədiyindən və əməlində inzibati xəta tərkibi olmadığından onun barəsində Azərbaycan Respublikası İXM-nin 348-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Əməlində inzibati xəta tərkibi olmadığından hüquqi şəxs Avro-Asiya Korporasiyası “xxxx” Açıq Səhmdar Cəmiyyətinin barəsində Azərbaycan Respublikasının İXM-nin 348-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Qusar rayon məhkəməsinin hakimi: Adil Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar