Məhkəmə qərarları › İş №3(029)-268/2022

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-268/2022

07.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-268/2022 07.07.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi Vəliyev Adil Yaqub oğlu, xx.xx.1986-cı ildə Qusar rayonu Avaran kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər Qusar rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 3(029)-444/2021 saylı qərarı ilə Azərbaycan Respublikasinin İXM-nin 206-cı maddəsi ilə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilmiş Şəxs barəsində Qusar Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, Müəyyən etdim: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə səhər saat 10 radələrində Qusar rayonu Avaran kəndində meşədə tapdığı narkotik vasitə olan marixuanadan çəkərək istifadə etmişdir. Həmin faktla bağlı Qusar RPŞ-nin İTB-nin sahə rəisi VMİE polis baş leytenantı X1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsi ilə MN 1352705-308 saylı xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunaraq 07 iyul 2022-ci il tarixdə baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilmiş və inzibati xəta haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək izahatında göstərmişdir ki, o, xx.xx.2022-ci il tarixdə səhər saat 10 radələrində Qusar rayonu Avaran kəndində meşədə narkotik vasitə olan marixuana tapmış və həmin marixuanadan çəkərək istifadə etmişdir. O, 4 il əvvəl Dağıstanda marixuanadan istifadə etməyə başlamış, həmin vaxtdan indiyədək aradabir marixuanadan istifadə edir. Əvvəllər 2021-ci ilin payız ayında narkotik vasitə qəbul etdiyinə görə Qusar rayon məhkəməsi tərəfindən cərimə olunmuş, həmin cəriməni ödəmişdir. Hazırda əməlindən peşmandır, bir daha belə hərəkətlərə yol verməyəcəyinə söz verir. Odur ki, barəsində cərimə tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Quba rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 49 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, həmin tarixdə saat 10:15-də Şəxs sidiyində THC aşkar edilmişdir. İş materiallarında olan 04 iyul 2022-ci il tarixli “inzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 15:12-də inzibati qaydada tutulmuş, xx.xx.2022-ci il tarixdə saat 15:10-da azad edilmişdir. İş materiallarında olan Qusar rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 3(029)- 444/2021 saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respublikasinin İXM-nin 206-cı maddəsi ilə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən haldır. Həmin Məcəllənin 33.1.2-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi məsuliyyəti ağırlaşdıran haldır. Həmin Məcəllənin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə-üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Beləliklə, iş materiallarını nəzərdən keçirib, hesab edirəm ki, Şəxs həmin hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, onun eyni inzibati xətanı il ərzində təkrar törətməsi məsuliyyəti ağırlaşdıran hal kimi, əməlindən peşman olması isə məsuliyyəti yüngülləşdirən hal kimi qəbul edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, işdə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh tədbiri olaraq inzibati həbs tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbehin tətbiq olunmasını isə ona görə məqsədəmüvafiq hesab etmirəm ki, həmin şəxs artıq il ərzində bir dəfə eyni inzibati xətanı törətməklə narkotik vasitə olan marixuanadan istifadə etdiyinə görə barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilmiş, buna baxmayaraq həmin şəxs islah olunmayaraq yenidən eyni inzibati xətanı törətmişdir. Bu səbəbdən də, həmin şəxsin barəsində cərimə tətbiq ediləcəyi təqdirdə islah olunmasını, onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsini, onun özünün və digər şəxslərin gələcəkdə bu qəbildən və ya digər yeni inzibati xətaların törədilməsinin qarşısının alınmasını və bununla da inzibati tənbehin məqsədlərinin təmin olunmasını mümkün hesab etmirəm. Hesab edirəm ki, tətbiq olunacaq inzibati həbs növündə inzibati tənbeh Şəxs islah olunması üçün daha effektli olar. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30, 31, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldım: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinərək, 01 (bir) ay müddətə inzibati həbs edilsin. Şəxs inzibati qaydada tutularaq xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 01 (bir) gün müddət, tətbiq olunmuş inzibati həbs müddətindən çıxılaraq barəsində qəti olaraq 29 (iyirmi doqquz) gün müddətə inzibati həbs tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli 07 iyul 2022-ci il tarixdən saat 11:30-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Qusar rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Adil Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar