Məhkəmə qərarları › İş №3(029)-27/2022

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-27/2022

03.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-27/2022 03.02.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon Məhkəməsinin hakimi Vəliyev Adil Yaqub oğlu xx.xx.1989-cu ildə Qusar rayonu Minaxur kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən Şəxs haqqında Qusar rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə materiallara Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, Müəyyən etdim: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Hacıqabul rayon məhkəməsinin 2(071)-233/2021 saylı 08.06.2021ci il tarixli icra sənədinə əsasən borclu Şəxs tələbkar X2 4680 manat pul borcu vardır və borclu Şəxs borcunu ödəməkdən qərəzli yayınır. Həmin faktla bağlı Qusar rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə 03.02.2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilmiş və izahatında göstərmişdir ki, Hacıqabul rayon məhkəməsi tərəfindən verilmiş icra sənədinə əsasən ondan tələbkar X1 xeyrinə 4680 manat pul tutulmuşdur. Lakin, onun tələbkara 550 manat borcu qalmışdır, qalan pulun hamısını isə ödəmişdir. Pulun tələbkara verilməsi barədə hər hansı sübutu isə yoxdur. Hazırda fərdi qaydada artezian quyusu qazmaqla ailəsini dolandırır, hər dəfə quyu qazanda 200-300 manat məbləğində pul alır. Maddi imkanı çox aşağıdır, himayəsində üç azyaşlı uşaqları vardır. Çalışacaq ki, gələcəkdə borcunu tam ödəyib qurtarsın. Odur ki, barəsində həbslə əlaqədar olmayan aşağı həddə cərimə tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Hacıqabul rayon məhkəməsinin 2(071)-233/2021 saylı 08.06.2021-ci il tarixli icra sənədinə əsasən Şəxs 3150 manat, 1400 manat və 100 manat məbləğində pul olmaqla, cəmi 4650 manat pulun və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq tələbkar X2 verilməsi qət edilmişdir. İş materiallarında olan Hacıqabul rayon İcra və Probasiya Şöbəsi tərəfindən borclu Şəxs ünvanlanmış 27.07.2021-ci il tarixli 181301/2021-8-5 saylı bildirişin və eyni tarixli qərarın surətlərindən görünür ki, Hacıqabul rayon məhkəməsinin 2(071)-233/2021 saylı 08.06.2021-ci il tarixli icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün həmin şəxsə 10 gün müddət verilmişdir. İş materiallarında olan qərardan görünür ki, Hacıqabul rayon İcra və Probasiya Şöbəsi tərəfindən 17.08.2021-ci il tarixdə icra sənədinin ərazi aidiyyəti üzrə göndərilməsi haqqında qərar qəbul olunaraq Qusar rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. İş materiallarında olan Qusar rayon İcra və Probasiya Şöbəsi tərəfindən borclu Şəxs ünvanlanmış 26.08.2021-ci il tarixli 1238/2021 saylı bildirişin surətindən görünür ki, Hacıqabul rayon məhkəməsinin 2(071)-233/2021 saylı 08.06.2021-ci il tarixli icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün həmin şəxsə 10 gün müddət verilmişdir. İş materiallarında olan Qusar rayon məhkəməsinin 20.12.2021-ci il tarixli 8(029)- 45/2021 saylı qərardadının surətindən görünür ki, Şəxs məcburi qaydada Qusar rayon İcra və Probasiya şöbəsinə gətirilməsi qərara alınmışdır. İş materiallarında olan Şəxs barəsində olan elektron çıxarışın surətindən görünür ki, onun mülkiyyətində tələbin yönəldilə biləcəyi əmlakı və gəlirləri yoxdur. Beləliklə, iş materiallarını nəzərdən keçirib, hesab edirəm ki, Şəxs heç bir üzürlü səbəb olmadan yuxarıda göstərilən icra sənədi üzrə ödəməli olduğu pul borcunu ödəməyərək icra vərəqəsini icra etməmiş, bundan boyun qaçırmış, bununla da o, həmin hərəkəti ilə Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh növü olaraq cərimə tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldım: Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Qusar rayon Məhkəməsinin hakimi: Adil Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar