Məhkəmə qərarları › İş №3(029)-272/2022

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-272/2022

20.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-272/2022 20.07.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi Vəliyev Adil Yaqub oğlu, xx.xx.1979-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, ünvan 1 ünvanda yaşayan Şəxs haqqında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat Şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında xx.xx.2022-ci il tarixdə saat 17:45 radələrində Rusiya Federasiyası istiqamətindən “Samur” gömrük postunun idxal gömrük nəzarəti zonasına daxil olan Azərbaycan Respublikası vətəndaşı Şəxs idarə etdiyi “DAF XF95.430” markalı ** LF ***//** ZF *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə keçirilmiş gömrük yoxlaması zamanı nəqliyyat vasitəsinin qoşqusunun sol tərəfində yerləşən əşyaları qoymaq üçün nəzərdə tutulmuş yeşiyin içərisində gömrük orqanlarına bəyan edilməmiş boş plastik qabın içində (Antmıner L3++) markalı (580) model yazısı olan 1 ədəd cihaz, plastik yeşiyin içərisində (Antmıner) markalı (BHB07601) model yazısı olan 3 ədəd plata, taxta yeşiyin içərisində (Antmıner) markalı (BHB07601) model yazısı olan 3 ədəd plata aşkar olunmuş və faktla bağlı araşdırma aparılması məqsədi ilə Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və X1 bölməsinə təhvil verilməsi üçün protokol əsasında götürülmüşdür. Faktla bağlı Şimal Ərazi Baş Gömrük İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 482.1-ci maddəsi ilə xx.xx.2022-ci il tarixli 01400- 0843/22 saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasının yeri və müddəti barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə göndərərək göstərmişdir ki, həmin iş üzrə inzibati xətanı törətməyini etiraf edir və əməlimdən səmimi peşmandır. Bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Ona görə də, barəsində yüngül inzibati tənbehin, aşağı həddə cərimə tətbiq edilməsini məhkəmədən xahiş edir. Həmçinin, bildirir ki, onun ailə vəziyyəti və həyat şəraiti çox ağırdır, ailədə yeganə qazanc gətirən şəxs tək o özüdür. Ona görə də, bəyan etmədən keçirdiyi malların müsadirə olunacağı təqdirdə onsuz da ağır olan maddi vəziyyəti daha da ağırlaşacaqdır. Odur ki, həmin malların müvafiq gömrük rəsmiləşdirilməsi həyata keçirildikdən sonra ona qaytarılmasını məhkəmədən xahiş edir. Həmçinin, ailə vəziyyəti və şəxsi işləri ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcək, məhkəmə iclasında iştirak etməməyini üzürlü hesab edərək işə onun iştirakı olmadan baxılmasını, yuxarıda qeyd etdiklərini nəzərə alaraq iş üzrə müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Şimal Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasının yeri və müddəti barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikasının İXM-nin 61.3 və 112.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş Şimal Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edirəm. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/3485 saylı ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim olunmuş 2 adda əşyaların ümumilikdə xx.xx.2022-ci il tarixə orta bazar qiyməti 1160,00 manat müəyyən edilmişdir. Həmin rəyin təsviri-əsalandırıcı hissəsindən görünür ki, üzərində Antmıner L3++ markalı, 580 modelli yazısı olan 1 ədəd cihazın qiyməti 650 manat, üzərində Antmıner markalı, BHB07601 modelli yazısı olan 1 ədəd platanın qiyməti 85 manat, 6 ədədinin qiyməti 510 manat, həmin əşyaların cəmi qiyməti 1160 manat təşkil edir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 9/3485 saylı və 10 iyun 2022-ci il tarixli 5/556 saylı ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, həmin tarixli və saylı ekspert rəyləri üzrə aparılmış tədqiqatların cəmi dəyəri 153,65 (yüz əlli üç manat altmış beş qəpik) manat təşkil edir. İş materiallarını nəzərdən keçirib, hesab edirəm ki, Şəxs həmin hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda -inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, onun əməlindən peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi qəbul edilir, məsuliyyəti ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, işdə məsuliyyəti yüngülləşdirən halı və işin digər hallarını nəzərə alaraq barəsində Azərbaycan Respublikasının İXM-nin 482.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan minimum həddə cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Şəxs barəsində inzibati xatanın bilavasitə obyekti olan malların müsadirə edilməsi növündə inzibati tənbeh tətbiq edilməsini isə ona görə məqsədəmüvafiq hesab etmirəm ki, həmin şəxsin barəsində cərimə növündə inzibati tənbehin tətbiq ediləcəyi təqdirdə islah olunmasını, onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsini, onun özünün və digər şəxslərin gələcəkdə bu qəbildən və ya digər yeni inzibati xətaların törədilməsinin qarşısının alınmasını və bununla da inzibati tənbehin məqsədlərinin təmin olunmasını mümkün hesab edirəm. Hesab edirəm ki, tətbiq olunacaq cərimə növündə inzibati tənbeh Şəxs islah olunması üçün daha effektli olar. Əksinə, həmin şəxsin barəsində inzibati xətanın bilavasitə obyekti olan malların müsadirəsi növündə inzibati tənbeh tətbiq edilərsə, həmin şəxsin özü və ailəsi əlavə məhrumiyyətlərə düçar ola bilər, həyat şəraitinin daha da ağırlaşmasına səbəb ola bilər və bununla da, inzibati tənbehin məqsədlərinə nail oluna bilməz. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 104.2-ci maddəsinə əsasən malların müvafiq gömrük proseduru altında yerləşdirilməsinə dair tələblərə uyğun olaraq zəruri gömrük əməliyyatları yerinə yetirildikdən və bu Məcəllədə nəzərdə tutulmuş gömrük ödənişləri ödənildikdən sonra gömrük rəsmiləşdirilməsi başa çatır. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllədə və gömrük işi üzrə digər qanunvericilik aktlarında nəzərdə tutulmuş hallar istisna olmaqla, gömrük rəsmiləşdirilməsi başa çatmamış mallardan və nəqliyyat vasitələrindən istifadə edilə, habelə onlar barəsində sərəncam verilə bilməz. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən gömrük sərhədindən keçirilən bütün mallar və nəqliyyat vasitələri onların gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanlarına bəyan edilməlidir. Həmin Məcəllənin 162.1-ci maddəsinə əsasən bəyannaməçi, mallar barəsində səlahiyyəti olan digər şəxslər və ya onların nümayəndələri tərəfindən bu Məcəllənin 163cü maddəsi ilə müəyyən edilmiş şərtlər yerinə yetirildikdən, bəyan olunan mallarla əlaqədar qanunvericiliklə qadağaların və məhdudiyyətlərin olmadığı müəyyən edildikdən, gömrük bəyannaməsindəki məlumatlar yoxlandıqdan dərhal sonra gömrük orqanları malların buraxılışını həyata keçirirlər. Həmin Məcəllənin 163.1-ci maddəsinə əsasən gömrük bəyannaməsinin təsdiqi gömrük borcu yaratdıqda malların buraxılışı həmin gömrük borcunu təşkil edən gömrük ödənişlərinin ödənilməsi və ya bu borca görə təminat verilməsi şərti ilə həyata keçirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2012-ci il tarixli 316 saylı qərarı ilə təsdiq edilmiş «Gömrük rəsmiləşdirilməsi başa çatmamış mallardan və nəqliyyat vasitələrindən istifadə edilməsi və onlar barəsində sərəncam verilməsinə dair Şərtlər və məhdudiyyətlər»in 2.1, 2.1.1, 2.1.2, 2.1.3 -ci bəndlərinə görə gömrük orqanına təqdim edilmiş malların və nəqliyyat vasitələrinin həmin mallar və nəqliyyat vasitələri üzərində gömrük rəsmiləşdirilməsi (gömrük ödənişlərinin tutulması daxil olmaqla) başa çatmadan istifadə edilməsi və onlar barəsində sərəncam verilməsi mallar üzərində gömrük nəzarətinin həyata keçirilməsi mümkün olduqda; mallara və nəqliyyat vasitələrinə dair gömrük ödənişləri ödənildikdə və ya onlara görə gömrük borcunun yarandığı və yarana biləcəyi hallarda həmin borcun ödənilməsinə təminat verildikdə; mallara və nəqliyyat vasitələrinə dair Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tələb olunan hallarda müvafiq icazə sənədi və ya xüsusi razılıq (lisenziya) mövcud olduqda gömrük orqanının icazəsi ilə həyata keçirilir. Həmin «Şərtlər və məhdudiyyətlər»in 2.2-ci bəndinə görə gömrük rəsmiləşdirilməsi başa çatmamış mallardan istifadə edilməsi üçün mallara dair səlahiyyətli şəxs rəsmiləşdirilmənin başa çatdırılmaması səbəblərini və istifadənin təyinatını göstərməklə, gömrük orqanına ərizə ilə müraciət etməlidir. Bundan başqa, hesab edirəm ki, inzibati xətanın bilavasitə obyekti olan, ümumi dəyəri 1160,00 (min yüz altmış manat) manat təşkil edən üzərində Antmıner L3++ markalı, 580 modelli yazısı olan 1 ədəd cihaz; üzərində Antmıner markalı, BHB07601 modelli yazısı olan 6 ədəd plata müvafiq gömrük rəsmiləşdirilməsi həyata keçirildikdən sonra sahibi Şəxs qaytarılmalıdır. Azərbaycan Respublikasının İXM-nin 55.1, 55.1.1, 55.1.2-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlər üzrə məsrəflər: zərər çəkmişlərə, şahidlərə, onların qanuni nümayəndələrinə, hal şahidlərinə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə verilmiş məbləğlərdən; maddi sübutların saxlanılmasına, göndərilməsinə (daşınmasına) və tədqiq edilməsinə xərclənən məbləğlərdən ibarətdir. Həmin Məcəllənin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. İş üzrə məhkəmə məsrəfləri cəmi 153,65 (yüz əlli üç manat altmış beş qəpik) manat təşkil edir və dövlət hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 55, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə təqsirli bilinərək, inzibati xətanın bilavasitə obyekti olan, ümumi dəyəri 1160,00 (min yüz altmış) manat təşkil edən malların dəyərinin qırx faizi məbləğində-yəni 464 (dörd yüz altmış dörd) manat məbləğində cərimə edilsin. İnzibati xətanın bilavasitə obyekti olan, ümumi dəyəri 1160,00 (min yüz altmış manat) manat təşkil edən üzərində Antmıner L3++ markalı, 580 modelli yazısı olan 1 ədəd cihaz; üzərində Antmıner markalı, BHB07601 modelli yazısı olan 6 ədəd plata müvafiq gömrük rəsmiləşdirilməsi həyata keçirildikdən sonra sahibi Şəxs qaytarılsın. İş üzrə 153,65 (yüz əlli üç manat altmış beş qəpik) manat məbləğində məhkəmə məsrəfləri dövlət hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Hakim: Adil Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar