Məhkəmə qərarları › İş №3(029)-273/2023

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-273/2023

25.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-273/2023 25.08.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Laçinov Ramil Elnur oğlunun katibliyi ilə, Qusar RPŞ-nin DYPB-nin nümayəndəsi X4, Barəsində inzibati xəta haqında iş üzrə qərar qəbul edilmiş şəxs X2 iştirakları ilə X2 Qusar Rayon Polis X11 Polis Bölməsinin 17 iyul 2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qusar rayon Polis Şöbəsinin DYPB-si tərəfindən X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə 17 iyul 2023-cü il tarixli, TP ******* saylı qərarı saylı qərarla həmin şəxs həmin maddə ilə təqsirli bilinib 40 (qırx) manat məbləğində cərimə edilmişdir. X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. X5 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, 02 iyul 2023-cü il tarixdə idarə etdiyi «Hundai İX 35» minik markalı, ** FD *** dövlət qeydiyyat nişanlı avtomobillə Qusar- Şahdağ yolunun 2-ci kilometrliyində hərəkətdə olan zaman həmin ərazidə yolun sol tərəfində yerləşən «ART» restoranına dönmək üçün arxasınca gələn nəqliyyat vasitəsinin onu ötməyə başlamadığı qənaətinə gələrək sola dönmə işıq siqnalını qoşmaqla manevrə başladıqdan dərhal sonra onun idarə etdiyi avtomobilin arxası ilə hərəkətdə olan «Toyota Prius» minik markalı avtomobil onun dönməyini gözləmədən ötmə əməliyyatına başlamış və onun idarə etdiyi avtomobilə toqquşmuşdur. Qeyd olunan yol-nəqliyyat hadisəsi ilə əlaqədar Qusar RPŞ-nin DYPB-nin əməkdaşı tərəfindən aparılan araşdırma zamanı Toyota Prius minik markalı avtomobilin sürücüsü barəsində yox, onun barəsində Azərbaycan Respublikası İXM-nin 327.1 -ci maddəsi ilə 05 iyul 2023-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. O, həmin protokolla qəti razılaşmamış və protokola imza etməkdən imtina edərək 12 iyul 2023-cü il tarixdə öz etirazını və dəlillərini Qusar RPŞ-nin DYPB-ə ünvanladığı ərizədə də bir daha bildirmişdir. Buna baxmayaraq Qusar RPŞ-nin DYPB-i 17 iyul 2023-cü il tarixdə barəsində TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş və onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 40 (qırx) manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Hesab edir ki, onun arxasınca hərəkətdə olan nəqliyyat vasitəsinin sürücüsünün deyil, onun barəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanması qanunsuzdur və Qusar RPŞ-nin DYPB-nin 17 iyul 2023-cü il tarixdə barəsində qəbul etdiyi TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və həmin inzibati material üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X5 şikayət ərizəsini müdafiə etmiş və izahatında göstərmişdir ki, 02 iyul 2023-cü il tarixdə idarə etdiyi «Hundai İX 35» minik markalı, ** FD *** dövlət qeydiyyat nişanlı avtomobillə Qusar-Şahdağ yolunun 2-ci kilometrliyində hərəkətdə olan zaman həmin ərazidə yolun sol tərəfində yerləşən «ART» restoranına dönmək üçün arxasınca gələn nəqliyyat vasitəsinin onu ötməyə başlamadığı qənaətinə gələrək sola dönmə işıq siqnalını qoşmaqla manevrə başladıqdan dərhal sonra onun idarə etdiyi avtomobilin arxası ilə hərəkətdə olan «Toyota Prius» minik markalı avtomobil onun dönməyini gözləmədən ötmə əməliyyatına başlamış və onun idarə etdiyi avtomobilə toqquşmuşdur. Yolun boş olduğunu görmüş, “ART” restoranına tərəf dönmüşdür. «Toyota Prius» minik markalı avtomobil yüksək sürətlə hərəkət edərək onun avtomobilinə toqquşmuşdur. Onun yol nəqliyyat hadisəsində heç bir günahı yoxdur. Onun günahsız olduğunu hadisə yerində olan şahidlər də sübut edə bilərlər. YPX əməkdaşları şahidləri dindirməmişdir. Hadisə zamanı «Toyota Prius» minik markalı avtomobil yüksək sürətdə olmuşdur. Onun avtomobilinə maddi ziyan dəymişdir. Odur ki, şikayəti təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Qusar RPŞ-nin DYPB-nin nümayəndəsi X6 inzibati xəta haqqında protokolu müdafiə edərək izahatında göstərmişdir ki, yol nəqliyyat hadisəsi onun tərəfindən araşdırılmışdır. X5 tərəfindən Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanunun 42.3 və 42.9-cü maddələrin tələbləri pozulmuşdur. Yəni eyni istiqamətdə yolda hərəkətə başlayan və ya dönən olan avtomobil öndən və arxadan gələn avtomobilləri gözləməlidir. Hadisə yerində şahidlər olmamış, hadisəni bir başa görən şahidlər olsaydı dindirəcəkdir. Özü etiraf edici izahat vermişdir. Hadisə yeridə video müşahidə kameraları olmamışdır. Hadisə baş verilmiş yerdə üstünlük işarəsi yoxdur. Əsas yolda olan maşın buraxılmalı idi. X5 hərəkət etməzdən əvvəl arxadan gələn avtomobili gözləməmişdir. Ekspertiza keçirməsinə ehtiyac olmamışdır. Yol nəqliyyat hadisəni X1 hərəkəti haqqında qanunun tələbləri pozduğu üçün baş vermişdir. Qərar qanuni və əsaslıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X2 və Qusar RPŞ-nin DYPB-nin nümayəndəsi X4 izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməməlidir. İş materiallarında olan Qusar rayon Polis Şöbəsinin DYPB-nin polis kapitanı X4 xx.xx.2023-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, X5 barəsində Azərbaycan Respublikasının İXM-nin 327.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, iş materiallarında olan Qusar rayon Polis Şöbəsinin DYPB-nin polis leytenantı X3 17 iyul 2023-cü il tarixli, TP ******* saylı qərarının surətindən görünür ki, X5 barəsində xx.xx.2023-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinib 40 manat məbləğində cərimə edildiyi göstərilmişdir. Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanunun 42.3-cü maddəsinə əsasən dönmə göstəriciləri və ya əl ilə siqnal manevrə başlamazdan əvvəl verilir, manevr qurtardıqdan sonra isə dərhal kəsilir (əl ilə verilən siqnal bilavasitə manevrə başlamazdan əvvəl qurtara bilər). Bu zaman verilən siqnal hərəkətin digər iştirakçılarını çaşdırmamalıdır. Siqnal verməsi sürücüyə üstünlük vermir və onu təhlükəsizlik tədbirləri görməkdən azad etmir. Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanunun 42.9-cu maddəsinə əsasən yolayrıcından kənarda sola və ya geriyə dönərkən, relssiz nəqliyyat vasitəsinin sürücüsü qarşıdan gələn nəqliyyat vasitələrinə və eyni istiqamətdə gedən travmaya yol verməlidir. Yolayrıcından kənarda geri dönərkən, yolun sol kənarı tərəfdən manevr etmək üçün hərəkət hissəsinin eni kifayət qədər olmadıqda, hərəkət hissəsinin sağ kənarından (yolun sağ qırağından) manevr etməyə yol verilir. Bu zaman sürücü arxadan və qarşıdan gələn nəqliyyat vasitələrinə yol verməlidir. Azərbaycan Respublikası İXM-nin təqsirsizlik prezumpsiyası prinsipi məsələlərini tənzimləyən 8-ci maddəsinə əsasən «8.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir». Göründüyü kimi, şəxsin təqsirli olması halını sübuta yetirmək vəzifəsi müvafiq səlahiyyətə malik orqanın (vəzifəli şəxsin) üzərinə düşür. Azərbaycan Respublikası İXM-nin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə məhkəmə iclasında işin faktiki halları araşdırılarkən müəyyən edildi ki, X2 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulan əməli törətməsi təsdiq edilmiş, iş üzrə bütün sübutlar əldə edilib araşdırılmış, həmin şəxsin İXM-nin 327.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair qəti nəticəyə gəlinməyə tam əsas yaradan işin bütün faktiki halları aydınlaşdırılmış, İXM-də müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmamışdır. X2 inzibati xətanı törətməsi öz izahatı və Qusar RPŞ-nin DYPBnin nümayəndəsi X4 izahatı və iş materialları ilə təsdiq olunmuşdur. Beləliklə, mövcud vəziyyətdə X2 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi halı sübuta tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, X2 şikayəti təmin edilməməli, Qusar RPŞ-nin DYPB-nin tərəfindən X2 barəsində qəbul edilmiş 17 iyul 2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 128-136-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Qusar RPŞ-nin DYPB-nin tərəfindən X2 barəsində qəbul edilmiş 17 iyul 2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar