Məhkəmə qərarları › İş №3(029)-283/2024

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-283/2024

09.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-283/2024 09.12.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, X5 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1974-ci ildə Qusar rayonu Əcəxur kəndində anadan olmuş, həmin kənddə qeydiyyatda olmaqla yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510cu maddəsi ilə Qusar rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq məhkəmə, Müəyyən etdi: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 12 radələrində Qusar rayonu, Düztahir kəndində sərxoş vəziyyətdə küçədə səs-küy salaraq, nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Həmin faktla bağlı Qusar RPŞ-nin Həzrə PB-nin polis sahə rəisi Elman Rəhmanov tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs protokol özünü təqsirli bilməyərək, izahatında söyüş söymədiyini, bayrağı yerə atmadığı, sadəcə sərxoş vəziyyətdə yerdə uzandığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahatında protokolda göstərilən xüsusatları təsdiq edərək bildirmişdir ki, hadisə yerinə getdiyi zaman orada Şəxs uca səslə söyüş söydüyünü, həmin söyüşləri özünün və digər şəxslərin eşitdiyini və narahatlıq yaradacaq səviyyədə olduğunu, həmçinin bayrağın öz yerindən çıxarılaraq cırılmış vəziyyətdə divarın üstündə olduğunu görmüşdür. Şəxs nizam-intizama dəvət etməyə çalışsa da, Şəxs sərxoş halda tabe olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 izahatında protokolda göstərilən xüsusatları təsdiq edərək X2 izahatı ilə eyni məzmunlu izahat vermişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını, məhkəmə iclasında dindirilmiş şahid izahatlarını tədqiq edərək hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və həmin şəxsin törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respubliaksı İXM-nin 76.1 maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə, məhkəmə iclasında dindirilmiş şahid izahatlarını sübut kimi qəbul edir. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı inzibati xəta haqqında protokolda, inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiq edilməsi haqqında protokolda, inzibati xəta haqqında işə baxma ilə əlaqədar iclas protokolunda göstərilir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, protokollaşdırma nömrəsi 07924 olan sərxoşluğun müayinəsi qəbzindən görünür ki, Şəxs alkoqolun miqdarı 1.771% olmuşdur. Məhkəmə, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, o, həmin maddə ilə təqsirli bilinərək müəyyən edilmiş sanksiya çərçivəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xətanı sərxoş halda törətməsi məhkəmə tərəfindən məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, məsuliyyəti yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbehin tətbiq olunmasını isə ona görə məqsədə müvafiq hesab etmir ki, həmin şəxsin barəsində inzibati cərimə növündə inzibati tənbehin tətbiq ediləcəyi təqdirdə islah olunmasını, onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsini, həmçinin törətdiyi xətanın onun özünün və digər şəxslərin gələcəkdə bu qəbildən və ya digər yeni inzibati xətaların törədilməsinin qarşısının alınmasını və bununla da inzibati tənbehin məqsədlərinin təmin olunmasını mümkün hesab etmir. Məhkəmə hesab edir ki, tətbiq olunacaq inzibati həbs növündə inzibati tənbeh Şəxs islah olunması üçün daha effektli olar. Azərbaycan Respublikası Konstitusiyasının 75-ci maddəsinə əsasən Dövlət rəmzlərinə hörmət İ. Hər bir vətəndaş Azərbaycan Respublikasının dövlət rəmzlərinə - bayrağına, gerbinə və himninə hörmət etməlidir. İİ. Dövlət rəmzlərinə hörmətsizliyin nümayiş etdirilməsi qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Maddənin tələbindən də göründüyü kimi hər bir vətəndaş Azərbaycan Respublikası dövlət rəmzlərinə-onun bayrağına, gerbinə və himninə hörmət etməlidir. Məhkəmə şəxsin bayrağı yerə atmasını Azərbaycan Respublikası dövlət rəmzinə qarşı hörmətsizlik kimi qəbul edir. Şəxsin əməli özünü xırda xuliqanlıqla da göstərmiş olsada və ziyan vurulan obyekt ictimai asayış və birgə yaşayış qaydaları olsa da, həmin əməldə əlavə obyekt olaraq Dövlət Rəmzi olan bayrağa qarşı hörmətsizlik açıq-aşkar ifadə olunmuşdur. Bunları nəzərə alaraq məhkəmə şəxsin barəsində inzibati həbs inzibati tənbeh növünün tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən İnzibati Xətalar Məcəlləsinin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İş materiallarında olan inzibati qaydada tutulma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 16:00-də inzibati qaydada tutulmuş, xx.xx.2024-cü il tarixdə saat 15:00-da azad edilmişdir. Şəxs inzibati qaydada tutularaq xx.xx.2024-cü il tarixdə saat 16:00-dan xx.xx.2024cü il tarixdə saat 15:00-dək bir gün müddət inzibati həbs müddətinə daxil edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30, 34, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 10 (on) gün müddətə inzibati həbs edilsin. Şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 01 (bir) gün inzibati qaydada tutma müddəti tətbiq olunmuş inzibati həbs müddətindən çıxılaraq barəsində qəti olaraq 9 (doqquz) gün müddətə inzibati həbs tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən saat 18:20-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Qusar rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Hakim: Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar