Məhkəmə qərarları › İş №3(029)-285/2020

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-285/2020

02.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-285/2020 02.07.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi Vəliyev Adil Yaqub oğlu, 03 yanvar 1980-ci ildə Qusar rayonu Quxur kəndində anadan olmuş, həmin rayonun Quxur-oba kəndində yaşayan, Azərbaycan Respublikasının vətəndaşı x1 barəsində Qusar Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdim: Təqdim olunmuş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, x3 Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə Dövlət Əmək Müfəttişliyi Xidmətinin Quba regional ərazi şöbəsinin 04 fevral 2020-ci il tarixli MN ******* saylı qərarı ilə 3000 (üç min) manat məbləğində cərimə edilmişdir. Lakin, Əlfəddin Zərbaliyev həmin qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində həmin cəriməni qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Həmin faktla bağlı Qusar rayon İcra və Probasiya Şöbəsi tərəfindən x1 barəsində Azərbaycan Respublikasının İXM-nin 529.1-ci maddəsi ilə 17.06.2020-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün 22.06.2020-ci il tarixdə Qusar rayon məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs x3 və inzibati xəta haqqında protokolu tərtib etmiş Qusar rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsi məhkəmə iclasının yeri və müddəti barədə lazımi qaydada xəbərdar edilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər və işə onların iştirakları olmadan baxılmasını xahiş etməmişlər. Azərbaycan Respublikasının İXM-nin 61.3 və 112.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs x1 və inzibati xəta haqqında protokolu tərtib etmiş Qusar rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edirəm. İş materiallarında olan Dövlət Əmək Müfəttişliyi Xidmətinin Quba regional ərazi şöbəsinin 04 fevral 2020-ci il tarixli MN ******* saylı qərarının surətindən görünür ki, x3 Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinib 3000 (üç min) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Qusar rayon İcra və Probasiya Şöbəsinin 13 aprel 2020-ci il tarixli «icraata başlamaq haqqında» qərarının surətindən görünür ki, Dövlət Əmək Müfəttişliyi Xidmətinin Quba regional ərazi şöbəsinin 04 fevral 2020-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında qərarı üzrə icraata başlanmışdır. İş materiallarında olan Qusar rayon İcra və Probasiya Şöbəsi tərəfindən x2 ünvanlanmış 13.04.2020-ci il tarixli 1211/20/02 saylı bildirişin surətindən görünür ki, Dövlət Əmək Müfəttişliyi Xidmətinin Quba regional ərazi şöbəsinin 04 fevral 2020-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarının könüllü icrası üçün həmin şəxsə 10 gün vaxt verilmişdir. İş materiallarında olan Qusar rayon İcra və Probasiya Şöbəsi tərəfindən x2 ünvanlanmış 19.04.2020-ci il tarixli G-237/20 saylı bildirişin surətindən görünür ki, həmin şəxsdən bildirişi alan kimi dərhal həmin şöbəyə gəlməsi və üzərində olan öhdəliyə əməl etməsi tələb olunmuş, əks halda barəsində Azərbaycan Respublikasının İXM-nin 529.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə təqdim olunacağı bildirilmişdir. İş materiallarında olan Qusar rayon İcra və Probasiya Şöbəsi tərəfindən x2 ünvanlanmış 06.05.2020-ci il tarixli G-237/20 saylı xəbərdarlıq məktubunun surətindən görünür ki, həmin şəxsə bildiriş göndərilsə də, cəriməni müvafiq bank hesabına köçürməklə ödəniş qəbzini həmin şöbəyə təqdim etmədiyi bildirilmiş və ona xəbərdarlıq edilmişdir ki, barəsində Azərbaycan Respublikasının İXM-nin 529.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə təqdim olunacaqdır. İş materiallarında olan Qusar rayon İcra və Probasiya Şöbəsinin 17 iyun 2020-ci il tarixli 1994/2020 saylı arayışından görünür ki, borclu x2 icra sənədinin könüllü icrası üçün müddət verilmiş və könüllü icra üçün müəyyən olunmuş müddət bitəndən sonra məcburi icra tədbirlərinə başlanılmış, borclunun adına tələbin yönəldilə biləcəyi əmlakın və digər gəlirlərinin olub-olmaması, yaşayış və iş yeri, digər gəlirləri barədə sorğular verilmiş, nəticədə borclunun adına tələbin yönəldilə biləcəyi əmlakı və ya digər qiymətli əşyası aşkarlanmamış, bank hesabının və əmanətlərinin olmadığı məlum olmuşdur. İş materiallarında olan borclu x1 Qusar rayon İcra və Probasiya Şöbəsinə verdiyi 19.04.2020-ci il tarixli izahatının surətindən görünür ki, o, cəriməni ödəyə bilmədiyini göstərmişdir. İş materiallarında olan x1 barəsində elektron məlumatlardan çıxarışın surətindən görünür ki, həmin şəxsin adına nəqliyyat vasitəsi, işləməsinə dair əmək müqaviləsi, ünvanlı sosial yardım, pensiya, bank hesabı məlumatları, sosial ödənişlər və vergi ödənişləri barədə məlumatlar aşkar olunmamışdır. Beləliklə, iş materiallarını tam şəkildə tədqiq edərək hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs x3 Dövlət Əmək Müfəttişliyi Xidmətinin Quba regional ərazi şöbəsinin 04 fevral 2020-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmiş və bununla da, həmin hərəkəti ilə Azərbaycan Respublikasının İXM-nin 529.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Odur ki, o, həmin maddə ilə təqsirli bilinməli və barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 529.1-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarının qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə-yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər tətbiq olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs x3 barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs x1 şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Azərbaycan Respublikasının İXM-nin 154.1-ci maddəsinə əsasən ictimai işlər növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarı, barəsində bu tənbeh növü tətbiq edilən şəxsin yaşadığı ərazinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi ictimai yerlərdə icra məmuru icra edir. İctimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq edilmiş şəxslərin cəlb ediləcəyi işlərin növləri və belə işlərin keçiriləcəyi yerlərin müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qərarın icrası Qusar rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114, 115, 117, 128-130, 154-cü maddələrini rəhbər tutaraq, Qərara aldım: x3 Azərbaycan Respublikasının İXM-nin 529.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 160 (yüz altmış) saat ictimai işlər tətbiq olunsun. Qərarın icrası Qusar rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar