Məhkəmə qərarları › İş №3(029)-288/2022

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-288/2022

20.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-288/2022 20.07.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Qusar rayon məhkəməsinin hakimi Cəlilov Əli İsa oğlu, xx.xx.2000-ci ildə Qusar rayonu Bədirqala kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddələri ilə Qusar rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq məhkəmə, Müəyyən etdi: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs 19 iyul 2022-ci il tarixdə Qusar rayonu Bədirqala kəndində baş vermiş oğurluq hadisələrində şübhəli məqamlara aydınlıq gətirilərkən narkotik vasitənin təsiri altında olması müəyyən olunmuş, Qusar RPŞ-ə gətirilərkən polisin qanuni tələblərinə tabe olmamışdır. Həmin faktla bağlı Qusar RPŞ-nin İTB-nin polis sahə rəisi, X1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 206 və 535.1-ci maddələri ilə 19 iyul 2022-ci il tarixli MN 1352568-343 saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, o, Qusar rayonu Bədirqala kəndində yaşayır. Özü, avtoqəza hadisəsində aldığı xəsarətlərlə bağlı Bakı şəhərində müalicədə olmuşdur. Polis əməkdaşları onu Qusar RPŞ-nə dəvət etmişlər və o, həmin vaxt avtoqəza nəticəsində xəsarət aldığını bildirərək səhhətində problemlər olduğunu deyib başqa tarixdə gələcəyini polis əməkdaşlarına bildirmiş və həmin dediyi tarixdə də Qusar RPŞ-yə gəlmişdir. O, polis əməkdaşlarına müqavimət göstərməmiş və onların qanuni tələblərinə əməl etmişdir. Bundan başqa o, narkotik vasitələrdən istifadə edir və bununla bağlı müalicə də almışdır. Odur ki, barəsində qanuni qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 04:50-də inzibati qaydada tutulmuş, xx.xx.2022-ci il tarixdə saat 10:30-də azad edilmişdir. İş materiallarında olan Quba rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş xx.xx.2022ci il tarixli 69 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs sidiyində MOR aşkar edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Şəxs həqiqətən də, 19 iyul 2022ci il tarixdə narkotik vasitələrdən istifadə etmiş, müayinə zamanı onun sidiyində MOR aşkar edilmişdir. Bununla da, o, həmin hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş, ona görə də o, həmin maddə ilə təqsirli bilinməli və barəsində inzibati tənbeh tətbiq edilməlidir. Bundan başqa, Şəxs polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymaması və həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikasının İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İXM-nin 53.1, 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 75.0, 75.0.2, 75.0.3, 75.0.6-cı maddələrinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 535-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Göründüyü kimi Şəxs tərəfindən Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi sübuta yetirilməmiş və onun əməlində həmin inzibati xətanın tərkib əlamətləri mövcud deyildir. Azərbaycan Respublikasının İXM-nin 114.2, 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, iş materiallarını tam şəkildə tədqiq edərək məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi olmadığından barəsində həmin maddə ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsi ilə inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh növü olaraq inzibati həbs tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Şəxs inzibati qaydada tutularaq xx.xx.2022-ci il tarixdən saat 04:50-dən xx.xx.2022-ci il tarixə saat 10:30-a dək bir gün müddət inzibati həbs müddətinə daxil edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilənlərə əsasən Şəxs əməlində inzibati xəta tərkibi olmadığından barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddələri ilə təqsirli bilinsin 15 (on beş) gün müddətə inzibati həbs edilsin. Şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 01 (bir) gün inzibati qaydada tutma müddəti tətbiq olunmuş inzibati həbs müddətindən çıxılaraq barəsində qəti olaraq 14 (on dörd) gün müddətə inzibati həbs tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli 20 iyul 2022-ci il tarixdən saat 17:15-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Qusar rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar