Məhkəmə qərarları › İş №3(029)-290/2021

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-290/2021

05.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-290/2021 05.07.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi Vəliyev Adil Yaqub oğlu, xx.xx.1970-ci ildə ünvan 1 ünvanda qeydiyyatda olan və Qusar rayonu Aşağı Ləyər kəndində yaşayan, ailəli, işləməyən, Azərbaycan Respublikasının vətəndaşı Şəxs barəsində Qusar rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdim: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs 03 aprel 2021-ci il tarixdə yaşadığı Qusar rayonu Aşağı Ləyər kəndindəki evdə qanunsuz ov tüfəngi saxlamış və həmin ov tüfəngi Qusar RPŞ-nin əməkdaşları tərəfindən götürülmüşdür. Həmin faktla bağlı Qusar RPŞ-nin TB-də araşdırma aparılmış, 19 aprel 2021-ci il tarixli qərarla Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş və onun barəsində Azərbaycan Respublikasının İXM-nin 590.2-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti Qusar RPŞ-nin İTB-nə verilmişdir. Qusar RPŞ-nin İTB-nin xidmət üzrə baş inspektoru, polis mayoru X1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 590.2-ci maddəsi ilə 19.06.2021-ci il tarixli MN 1004399-675 saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikasının İXM-nin 61.3-cü maddəsinə əsasən işə həmin şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsi tərəfindən verilmiş 15.04.2021-ci il tarixli 21/438a saylı arayışın surətindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd 1778 nömrəli silah, zavod üsulu ilə keçmiş SSRİ dövlətində, Zlataus silah zavodunda 1958-ci ildə istehsal olunmuş 16 kalibrli ZK modelli, çaxmaqlı, hamar təklüləli ov tüfəngidir, odlu yivsiz silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. İş materiallarında olan silah və sursatın qəbul edilməsi barədə 6 saylı 03.04.2021-ci il tarixli qəbzdən görünür ki, 16 kalibrli silah təhqiqatçı Elxan Abdullayev tərəfindən məsul növbətçi E.İsmayılova təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 09.04.2021-ci il tarixli 012-5800-1221 saylı arayışından görünür ki, 16 kalibrli, 5642 Nİ nömrəli silahın mərkəzləşdirilmiş axtarış uçotlarında olması barədə DİN BƏSİİ-də məlumat yoxdur. İş materiallarını tam şəkildə tədqiq edərək hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həmin hərəkəti ilə Azərbaycan Respublikasının İXM-nin 590.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, o, həmin maddə ilə təqsirli bilinməli, barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə-silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İXM-nin 590.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə əsas inzibati tənbehin, inzibati xətanın bilavasitə obyekti olan predmetin müsadirəsi növündə əlavə inzibati tənbehin tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldım: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, inzibati xətanın bilavasitə obyekti olan predmet-yəni zavod üsulu ilə keçmiş SSRİ dövlətində, Zlataus silah zavodunda 1958-ci ildə istehsal olunmuş 16 kalibrli ZK modelli, çaxmaqlı, hamar təklüləli, 1778 nömrəli silah-ov tüfəngi müsadirə edilməklə 80 (səksən) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Qusar rayon məhkəməsinin hakimi Adil Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar