Məhkəmə qərarları › İş №3(029)-290/2025

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-290/2025

23.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-290/2025 23.07.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon Məhkəməsinin hakimi X6 Əliyev Rahib Malik oğlunun katibliyi ilə Qusar rayon Vəkil Bürosunun vəkili X1 iştirakları ilə xx.xx.1988-ci ildə Qusar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Qusar rayonu X8 kəndində yaşayan Şəxs haqqında Qusar rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə materiallara Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, Müəyyən etdim: Şəxs Qusar rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(029)-316/2023 saylı icra sənədinə əsasən tələbkar Zərərçəkmiş şəxs ödəməli olduğu alimenti ödəməmiş, nəticədə 5370 manat aliment borcu yaranmışdır. Borclu qərəzli olaraq borcu ödəməkdən yayınır. Həmin faktla bağlı Qusar rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilmiş və izahatında göstərmişdir ki, icra sənədinə əsasən ödəməli olduğu alimenti ayda 100-150 manat miqdarda ara bir ödəsə də, sonradan maddi vəziyyətinə görə ödəyə bilməmişdir. O, aliment borcunu ödəməkdən imtina etmir, lakin hazırda özünün işsiz olması, eləcə də himayəsində əlil anasının olması bun imkan vermir. Odur ki, bu halların nəzərə alınmasını xahiş edir. İş materiallarında olan Qusar rayon məhkəməsinin 2(029)-316/2023 saylı xx.xx.2023cü il tarixli icra sənədinə əsasən Şəxs 02 iyul 2011-ci il təvəllüdlü X2 və 29 avqust 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşçağa görə 140 (yüz qırx) manat olmaqla, ümumilikdə hər ay 280 (iki yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İş materiallarında olan Qusar rayon İcra və Probasiya Şöbəsi tərəfindən borclu Şəxs ünvanlanmış xx.xx.2023-cü il tarixli bildirişin surətindən görünür ki, Qusar rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(029)-316/2023 saylı icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün həmin şəxsə 10 gün müddət verilmişdir. İş materiallarında olan Şəxs barəsində olan elektron çıxarışın surətindən görünür ki, onun mülkiyyətində tələbin yönəldilə biləcəyi əmlakı və gəlirləri yoxdur. Beləliklə, iş materiallarını nəzərdən keçirib, hesab edirəm ki, Şəxs heç bir üzürlü səbəb olmadan yuxarıda göstərilən icra sənədi üzrə ödəməli olduğu alimenti ödəməyərək icra vərəqəsini icra etməmiş, bundan boyun qaçırmış, bununla da o, həmin hərəkəti ilə Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və barəsində inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, borclu ödənilməli olan borcun miqdarından asılı olmayaraq, icrası məcburi olan və Azərbaycan Respublikası adından çıxarılmış məhkəmənin aktına səthi və etinasız yanaşması nəticəsində məhkəmə hakimiyyətini nüfuzdan salmaqla, vətəndaşların məhkəmə sisteminə inamının azalmasına səbəb olmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh növü olaraq inzibati həbs tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Həmçinin, hesab edirəm ki, Şəxs hal-hazırda icra sənədi üzrə aliment borcunun ödənilməsindən yayındığından barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan daha yüngül inzibati tənbeh-yəni cərimə tətbiq edilərsə həmin cərimənin ödənilməsindən də yayına bilər və bununla da, tətbiq edilmiş inzibati tənbeh səmərəsiz olmaqla məqsədinə nail ola bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldım: Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 10 (on) gün müddətə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli xx.xx.2025-ci il tarixdən saat 17:20-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Qusar rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qusar rayon Məhkəməsinin hakimi: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar