Məhkəmə qərarları › İş №3(029)-292/2021

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-292/2021

13.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-292/2021 13.07.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Qusar rayon məhkəməsinin hakimi X3 oğlunun sədrliyi, Əliyev Rahib Malik oğlunun katibliyi ilə, Hüquqi şəxs Şəxs MMC (VÖEN №**********) barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 490-сı maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala Qusar rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, “Yaşıl” dəhliz iştirakçısı olan, ünvan 1 ünvanda qeydiyyatda olan hüquqi şəxs-Şəxs MMC-dən Rusiya Federasiyası, Moskva şəhəri, Sedova küçəsi, ev 2, korpus 1, mənzil 1, ofis 43 ünvanda qeydiyyatda olan hüquqi şəxs “xxxx” MMC-nin ünvanına ixrac gömrük proseduranda rəsmiləşdirməklə 19.06.2021-ci il tarixli, **********8094 saylı gömrük bəyannaməsi əsasında ixrac olunan, 19806 kq çəkidə, 19318.50 ABŞ dolları dəyərində “təzə pomidor” yükü olan, “MAN TGS 18.440” markalı, 99JR378/10ZJ378 dövlət nömrə nişanlı yük-nəqliyyat vasitəsinə 20 iyun 2021-ci il tarixdə “Samur” gömrük postunun ixrac gömrük nəzarəti xəttində keçirilmiş gömrük baxışı zamanı, hüquqi şəxs- Şəxs MMC tərəfindən yük nəqliyyat vasitəsinin yük yerinin qapısına gömrük təminatı vasitəsinin (plombun) vurulmadan həmin yükün gömrük rəsmiləşdirilməsinin aparıldığı məlum olmuşdur. Həmin faktla bağlı Şimal Ərazi Baş Gömrük İdarəsi, Əməliyyat və Təhqiqat Şöbəsi, Təhqiqat Bölməsinin təhqiqatçısı X1 tərəfindən inzibati araşdırma aparılmış və hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 490-cı maddəsi ilə №01400-0829/21 saylı, 23 iyun 2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC məhkəmə iclasının yeri və müddəti barədə lazımi qaydada xəbərdar edilmiş, lakin hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İXM-nin 61.3 və 112.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. İş materiallarını nəzərdən keçirib, hesab edirəm ki, hüquqi şəxs Şəxs MMC həmin hərəkəti ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 490-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Hüquqi şəxs Şəxs MMC-nin həmin inzibati xətanı törətməsi, 23 iyun 2021-ci il tarixli, № №01400-0829/21 saylı inzibati xəta haqqında protokol və protokola əlavə olunmuş sənədlərlə sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 490-cı maddəsinə əsasən Gömrük rəsmiləşdirilməsi qaydasının pozulmasına, yəni gömrük rəsmiləşdirilməsinin başlanması və başa çatması, onun keçirilmə yeri, vaxtı və üsulu barədə müəyyən olunmuş tələblərə riayət edilməməsinə və ya gömrük rəsmiləşdirilməsinin sadələşdirilmiş qaydasının tətbiqi şərtlərinə əməl edilməməsinə görə-fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan əlli manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yetmiş beş manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin törətdiyi inzibati xətanın xarakterini və işin digər hallarını nəzərə alaraq hüquqi şəxs Şəxs MMC barəsində inzinati tənbeh növü olaraq inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: Hüquqi şəxs Şəxs MMC (VÖEN №**********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 490-сı maddəsi ilə təqsirli bilinib 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qusar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Qusar rayon məhkəməsinin hakimi: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar