Məhkəmə qərarları › İş №3(029)-292/2025

Qusar Rayon Məhkəməsi Qərardad — İş №3(029)-292/2025

28.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № 3(029)-292/2025 28.07.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi ilə, xx.xx.1978-ci ildə Qusar rayonu, Gedəzeyxur kəndində anadan olmuş, Qusar rayonu, Gedəzeyxur kəndində qeydiyyatda olmaqla yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, "xxxx" MMC-də inşaat fəhləsi işləyən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Qusar rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə materialları nəzərdən keçirərək, məhkəmə Müəyyən etdi: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs Qusar rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(029)- 242/2010 saylı icra sənədi üzrə tələbkar X1 8900 (səkkiz min doqquz yüz) manat aliment borcunu ödəməkdən yayınır. Həmin faktla bağlı Qusar rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün həmin tarixdə Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Qusar rayon icra və Probasiya şöbəsi tərəfindən tərtib olunmuş protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iş materiallarının tədqiqi zamanı müəyyən edilmişdir ki, Qusar rayon İcra və Probasiya şöbəsi tərəfindən tərtib edilmiş materiallar natamamdır. Belə ki, Şəxs iş yeri haqqında məlumatların “Elektron Məhkəmə İnformasiya” sistemindən çıxarışından görünür ki, şəxs "xxxx" MMC-də inşaat fəhlə vəzifəsində işləyərək aylıq 498.29 (dörd yüz doxsan səkkiz manat iyirmi doqquz qəpik) manat əmək haqqı alır. İş materiallarının tədqiqi zamanı müəyyən edilmişdir ki, icra məmuru tərəfindən şəxsin iş yerinə həmin aliment məbləğinin şəxsin əmək haqqına yönəldilməsi ilə bağlı icra tədbirlərini yerinə yetirməmişdir. Həmçinin şəxsin 3-cü şəxslərdə, yaxud şəxsi bank hesablarında mövcud olan maddi vəsaitlərinin və qiymətli kağızlarının mövcudluğu barədə müvafiq sorğular göndərilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Qusar rayon İcra və Probasiya şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Azər Nəcəfov tərəfindən tərtib edilmiş material natamamdır və onu tərtib etmiş olan icra məmuruna geri qaytarılmalıdır. “İcra haqqında” Azərbaycan Respublikasının qanunu Maddə 43. Məcburi icra tədbirləri 43.1. Məcburi icra tədbirləri aşağıdakılardır: 43.1.1. borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; 43.1.2. tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; 43.1.3. tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; 43.1.4. icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi; 43.1.5. bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər. 44.1. Məcburi icra tədbirlərinin tətbiqinin əsasları aşağıdakılardır: 44.1.1. bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; 44.1.2. icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; 44.1.3. könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi. 44.2. Bu Qanunun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslardan hər hansı biri olmadıqda məcburi icra tədbirlərinin tətbiqinə yol verilmir. 44.3. Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaiti olmadıqda bu Qanunun 43.1.1–43.1.5-ci maddələrində nəzərdə tutulan məcburi icra tədbirlərinin hər hansı birinin tətbiqi digərlərinin tətbiqini istisna etmir Maddə 63. Tələbin borclunun əmək haqqına və digər gəlirlərinə yönəldilməsi 63.1. Tələbin borclunun əmək haqqına və digər gəlirlərinə yönəldilməsinə aşağıdakı hallarda yol verilir: 63.1.1. vaxtaşırı ödəmələrin tutulması haqqında icra sənədləri icra edildikdə; 63.1.2. icra sənədində göstərilən tələb üzrə tutulmalı olan məbləğin həcmi bu Qanunun 65-ci maddəsində müəyyən edilmiş miqdardan artıq olmadıqda; 63.1.3. tələbin tam ödənilməsi üçün borclunun əmlakı olmadıqda və ya onun əmlakı kifayət etmədikdə Maddə 109. İnzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı qərarın (qərardadın) qəbul edilməsi 109.1.6. protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs barəsində tərtib edilmiş materiallar natamam olduğundan və işə baxarkən tamamlanması mümkün olmadığından Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Qusar rayon icra və Probasiya şöbəsi tərəfindən tərtib olunmuş protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsini rəhbər tutaraq, Qərara aldı: Şəxs barəsində Qusar rayon İcra və Probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında materiallar onu tərtib etmiş olan X2 geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar