Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-293/2021 30.06.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi Vəliyev Adil Yaqub oğlu, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Qusar RPŞ-nin İTB-nin xidmət üzrə baş inspektoru polis mayoru X4, Müdafiəçi-Quba rayon Vəkil Bürosunun vəkili X1 iştirsakları ilə xx.xx.1979-cu ildə ünvan 1 ünvanda yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, fərdi əməklə məşğul olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə Qusar rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdim: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs 30 iyun 2021-ci il tarixdə saat 12:20 radələrində Qusar şəhəri Ç.Qurbanov küçəsində yerləşən “Rossiya” marketin içərisində tibbi maskadan istifadə etmədiyinə görə ona yaxınlaşan polis əməkdaşının qanuni tələblərinə tabe olmayaraq özünü təqdim etməmiş, həmin marketin qarşısina çıxaraq orada polisin ünvanına, o cümlədən ünvansız ucadan söyüşlər söyərək ictimai qaydanı pozmuş, həmin vaxt onu intizama dəvət edən polis əməkdaşının qanuni tələblərinə tabe olmayaraq həmin hərəkətlərini davam etdirmişdir. Həmin faktla bağlı Qusar RPŞ-nin İTB-nin xidmət üzrə baş inspektoru polis mayoru X7 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələri ilə 30 iyun 2021-ci il tarixli MN 1008648-722 saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Qusar RPŞnin İTB-nin xidmət üzrə baş inspektoru polis mayoru X7 izahatında göstərmişdir ki, 30 iyun 2021-ci il tarixdə saat 12:20 radələrində Qusar RPŞ-nin İTB-nin sahə polis nəfəri polis serjantı Azad Ramazanov xidmətdə olarkən Qusar şəhəri Ç.Qurbanov küçəsində yerləşən “Rossiya” marketin içərisində şəxsiyyəti sonradan məlum olan Şəxs qapalı məkanda karantin rejimi qaydalarını pozaraq tibbi maskadan istifadə etmədiyini aşkar etmiş, ona təhkim olunmuş telefon vasitəsi ilə həmin şəxsin şəklini çəkmiş və ona yaxınlaşaraq hüquq pozuntusu barədə məlumat verərək özünü təqdim etməsini, şəxsiyyətini təsdiq edən sənədi təqdim etməsini tələb etmişdir. Şəxs isə polis əməkdaşının qanuni tələbinə tabe olmayaraq özünü təqdim etməkdın imtina etmiş, aqressiv şəkildə marketin qarşısına çıxmış və orada polisin ünvanına, o cümlədən ünvansız ucadan nalayiq ifadələrlə söyüşlər söymüş, ətrafdakıların diqqətini cəlb etmək üçün qışqıraraq ictimai qaydanı pozmuşdur. Həmin vaxt Azad Ramazanov onu intizama dəvət etsə də, Şəxs həmin hərəkətlərini davam etdirmiş və ona görə də, Azad Ramazanov ona təhkim olunmuş rabitə vasitəsi ilə post patrul xidmətinin əməkdaşlarını köməyə çağırmışdır. Qusar RPŞ-nin post patrul xidmətinin əməkdaşları oraya getmişlər, onlar da Şəxs sakitləşdirmək istəsələr də, sonuncu onların qanuni tələblərinə tabe olmayaraq həmin hərəkətlərini davam etdirmiş və bu səbəbdən də, xidməti avtomobillə həmin şəxsi Qusar RPŞ-nə gətirmişlər. Polis Şöbəsinin həyətndə Şəxs avtomobildən düşərkən aqressiv şəkildə başını 2-3 dəfə avtomobilin dirəyinə vuraraq özünə xəsarət yetirmiş, polis şöbəsinin növbətçi hissəsində də ucadan söyüşlər söyərək polis şöbəsinin iş rejimini təxminən 15-20 dəqiqə ərzində pozmuşdur. Bundan sonra Azad Ramazanov, eləcə də, növbətçi hissənin məsul növbətçisi tərəfindən müvafiq raportlar təqdim olunmuş və Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Həmçinin, Şəxs karantin rejimi qaydalarını pozduğuna görə həmin şəxs 100 manat məbləğində cərimə edilmişdir. Bundan başqa, Şəxs özü-özünə xəsarət yetirməsi faktı ilə əlaqədar Qusar RPŞ-nin Təhqiqat Bölməsində araşdırma materialı açılmış, hazırda araşdırma aparılır. Şəxs guya polis əməkdaşlarının ona xəsarət yetirməsi, işgəncə verməsi barədə göstərdiklərinin hamısı yalandır, belə bir hal olmamışdır. Həmin şəxs hətta Qusar rayon məhkəməsinə gətirildikdən sonra da, məhkəmənin həyətində aqressiv hərəkətlərini davam etdirmiş, dəfələrlə polisin ünvanına söyüşlər söymüşdür. Odur ki, Şəxs barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, bir müddət əvvəl üzrəyindən əməliyyat olunmuş, damarlarına stend qoyulmuş, hazırda da nəfəs darlığından əziyyət çəkir. O, 30 iyun 2021-ci il tarixdə günorta saatlarında Qusar şəhərinə qonaq gəlmiş və alış-veriş etmək üçün Qusar şəhər avtovağzalının yaxınlığındakı “Rossiya” marketə daxil olmuşdur. Marketdə bir nəfər polis əməkdaşı ona yaxınlaşmış, tibbi maskadan istifadə etmədiyini bildirmiş, sənədlərini istəmiş, o isə sənədlərinin avtomobilində olduğunu, içərisində marketdən aldığı ərzaqlar olan torbaları avtomobilinə qoyub sənədləri gətirəcəyini demiş, polis əməkdaşı isə ona imkan verməmiş və bir az keçdikdən sonra post patrul xidməti avtomobili ilə bir neçə polis əməkdaşı oraya gəlmiş, polis əməkdaşları onu zorla avtomobilə əyləşdirmişlər və Qusar RPŞ-nə aparmışlar. Avtomobildə bir nəfər polis əməkdaşı sürücü qismində olmuş, bir nəfər polis əməkdaşı qabaq oturacaqda, iki nəfər polis əməkdaşı isə arxa oturacaqda əyləşmişdir. Onu arxa oturacağa iki nəfər polis əməkdaşının arasında əyləşdirmişlər və yolda onun yanındakı polis əməkdaşlarından biri yumruqla onun sifətinə bir neçə zərbələr vurmuş, yerə yıxıb üstünə çıxmış, başını bir neçə dəfə avtomobilin dirəyinə vuraraq “gör sənin başına nə oyun gətirəcəyik” demişdir. O, isə ürəyinin xəstə olduğunu, nəfəs ala bilmədiyini, onu vurmamasını bildirsə də, polis əməkdaşı ona məhəl qoymamışdır. Polis Şöbəsində olarkən də ona işgəncə vermişlər, hətta su vermələrini xahiş etsə də, ona qulaq asmamışlar. Polis əməkdaşlarının izahatlarında göstərdiklərinin hamısı yalandır, ona şər atırlar. Məhkəmənin həyətində olarkən polis əməkdaşları özləri ona yaxınlaşaraq onu təhqir etmişlər və ona görə də, o, həmin şəxslərə cavab qaytarmışdır. Odur ki, barəsində olan işə xitam verilməsini və materialın araşdırma aparılması üçün Qusar rayon prokurorluğuna göndərilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X5 materialda cinayətin əlamətlərinin olduğunu göstərərək Şəxs inzibati məsuliyyətə cəlb olunmamasını və materialın araşdırma aparılması üçün Qusar rayon prokurorluğuna göndərilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 izahatında göstərmişdir ki, o, Qusar rayon Polis Şöbəsinin İTB-nin sahə polis nəfəridir. 30 iyun 2021-ci il tarixdə Qusar şəhəri avtovağzal ərazisində xidmətdə olmuşdur. Karantin rejimi qaydaları ilə əlaqədar digər polis əməkdaşları kimi ona da müvafiq tapşırıqlar verilmiş, qapalı məkanlarda tibbi maskadan istifadə etməyən şəxslərin şəkillərinin çəkilməsi üçün ona telefon təhkim edilmişdir. Karantin rejimi qaydaları ilə bağlı onun əsas işi ona təhkim olunmuş telefon qurğusu vasitəsi ilə karantin rejimi qaydalarını pozan, qapalı məkanlarda tibbi maskadan istifadə etməyən şəxslərin şəkillərini çəkmək, şəxsiyyətlərini müəyyən edib portala daxil etmək və barələrində inzibati qaydada tədbir görülməsi üçün müvafiq raportla rəhbərliyə müraciət etmək olmuşdur. Həmin gün saat təxminən 12:30 radələrində o, avtovağzalın yaxınlığında yerləşən “Rosiyya” marketin içərisində şəxsiyyəti sonradan məlum olan Şəxs karantin rejimi qaydalarını pozaraq tibbi maskadan istifadə etmədiyini aşkar etmiş, ona təhkim olunmuş telefon qurğusu vasitəsi ilə həmin şəxsin şəklini çəkmiş və şəxsiyyətini müəyyən etmək məqsədi ilə həmin şəxsə yaxınlaşmışdır. Bundan sonra həmin şəxsə özünü təqdim edib hüquq pozuntusu barədə ona məlumat vermiş, özünü təqdim etməsini, şəxsiyyətini təsdiq edən sənədləri təqdim etməsini tələb etmişdir. Lakin, həmin şəxs özünü çox aqressiv apararaq söyüşlə ona “get burdan” demiş və marketin qarşısına çıxaraq ətrafdakıların diqqətini özünə cəlb etmək məqsədi ilə ucadan polisin ünvanına, o cümlədən ünvansız söyüşlər söyərək ictimai qaydanı pozmuş, həmin şəxsi dəfələrlə intizama dəvət etsə də, sakitləşməsini tələb etsə də, həmin şəxs ona məhəl qoymamış, yuxarı dairələrdə çoxlu tanışlarının olduğunu bildirərək “gör sənin başına nə oyun açacağam” demişdir. O, tək olduğundan və həmin şəxslə təkbaşına bacarmadığından rabitə vasitəsi ilə digər polis əməkdaşlarını köməyə çağırmış və həmin əraziyə yaxın olan post patrul xidmətinin əməkdaşları xidməti avtomobillə oraya gəlmişlər. Həmin əməkdaşlar oraya gəldikdən sonra da, Şəxs özünü aqressiv aparmaqda, polisin ünvanına söyüşlər söyməkdə davam etmiş, dövlətin qəbul etdiyi qərarları tanımadığını, tibbi maskaya görə tətbiq olunan cərimələrin rəhbər şəxslərin şəxsi ehtiyacları-alt paltarlarının alınması üçün xərcləndiyini demiş, polis əməkdaşlarının qanuni tələblərinə mütəmadi olaraq tabesizlik göstərmişdir. Bundan sonra həmin şəxsi post patrul xidmətinin xidməti avtomobilinə əyləşdirmişlər və onu Qusar RPŞ-nə aparmışlar. Bundan sonra o, Şəxs barəsində müvafiq tədbir görülməsi üçün raportla rəhbərliyə müraciət etmişdir. Həmin şəxsə polis əməkdaşları tərəfindən hər hansı qanunazidd hərəkətlər edilməmiş, bu barədə dedikləri yalandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 izahatında göstərmişdir ki, o, Qusar RPŞ-nin PPXB-nin polis nəfəri vəzifəsində işləyir. 30 iyun 2021-ci il tarixdə günorta saatlarında Sofik, Sedilla və Seymur adlı digər polis əməkdaşları ilə birlikdə xidməti avtomobillə xidmətdə olarkən Qusar şəhəri avtovağzal ərazisində xidmətdə olan polis sahə nəfəri Azad Ramazanov rabitə vasitəsi ilə bir nəfər şəxsin ictimai qaydanı pozduğunu və onun qanuni tələblərinə tabe olmadığını bildirərək onları köməyə çağırmışdır. Onlar xidməti avtomobillə həmin yerə getmişlər və orada şəxsiyyəti sonradan məlum olan Şəxs polisin ünvanına ucadan söyüşlər söydüyünü, özünü çox aqressiv apardığını, özünü təqdim etməkdən imtina etdiyini görmüşlər. Həmin şəxsi sakitləşdirməyə cəhd etsələr də, o, buna məhəl qoymamış, tətbiq olunan cərimələrin kimlərinsə şəxsi ehtiyacları üçün xərcləndiyini, dövlətin qəbul etdiyi qərarları tanımadığını bildirmiş, ətrafdakıların diqqətini cəlb etmək üçün qəsdən ucadan qışqırmış, onları isə ucadan söyərək “görün sizin başınıza nə oyun gətirəcəyəm” demişdir. Bundan sonra onlar həmin şəxsi xidməti avtomobilə əyləşdirmişlər və onu Qusar RPŞ-nə aparmışlar. Polis şöbəsinin həyətində Şəxs avtomobildən düşərkən sağ ayağını yerə qoyub aqressiv şəkildə başını 2-3 dəfə avtomobilin dirəyinə vuraraq özünə xəsarət yetirmişdir. O və digər polis əməkdaşları Şəxs vurmamışlar, ona xəsarət yetirməmişlər, heç bir işgəncə verməmişlər, həmin şəxsin bu barədə göstərdiklərinin hamısı yalandır. Həmin şəxs hətta məhkəmənin həyətində də onların ünvanına nalayiq söyüşlər söyərək təhqir etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8, X2 və X3 şahid X12 ilə analoji izahat verərək həmin şəxsin göstərdiyi xüsusatları tam təsdiq etmişlər. İş materiallarında olan Qusar RPŞ-nin İTB-nin sahə polis nəfəri, polis serjantı Azad Ramazanovun 30.06.2021-ci il tarixli raportundan görünür ki, Şəxs tibbi maskadan istifadə etmədiyinə, onları söyüb təhqir edərək qanuni tələblərinə qəsdən tabe olmadığına görə barəsində tədbir görülməsindən ötrü Qusar RPŞ-nə gətirilib növbətçi hissəyə təhvil verilmişdir. İş materiallarında olan Qusar RPŞ-nin məsul növbətçisi polis mayoru Sahib Qafarovun 30.06.2021-ci il tarixli raportundan görünür ki, Şəxs həmin gün saat 12:35 radələrində PPXB-nin əməkdaşları tərəfindən növbətçi hissəyə gətirilmiş, növbətçi hissədə polisin ünvanına ucadan nalayiq söyüşlər söyərək, hay-küy salaraq özünü divara vurmaqla növbətçi hissənin normal iş rejimini 20 dəqiqə ərzində pozmuşdur. Onu dəfələrlə nizamintizama dəvət edərək sakitləşdirməyə çalışsalar da, polisin qanuni tələblərinə qəsdən əməl etməyərək öz hərəkətlərini davam etdirmişdir. İş materiallarında olan Qusar RPŞ-nin İTB-nin xidmət üzrə baş inspektoru polis mayoru X7 tərəfindən tərtib edilmiş 30.06.2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, Şəxs 30.06.2021-ci il tarixdə saat 12:10 radələrində Qusar şəhərində yerləşən “Rossiya” marketdə tibbi maskadan istifadə etməyərək xüsusi karantin rejimi qaydalarını pozmuşdur. İş materiallarında olan Qusar RPŞ-nin İTB-nin xidmət üzrə baş inspektoru polis mayoru X7 tərəfindən qəbul edilmiş 30.06.2021-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 211.2-ci maddəsi ilə təqsirli bilinib 100 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan fotoşəkillərdən görünür ki, Şəxs qapalı məkanda tibbi maskadan istifadə etməmişdir. Beləliklə, iş materiallarını nəzərdən keçirib, hesab edirəm ki, Şəxs həqiqətən də, 30.06.2021-ci il tarixdə saat təxminən 12 radələrində Qusar şəhərində yerləşən “Rossiya” marketdə qapalı məkanda xüsusi karantin rejimi qaydalarını pozaraq tibbi maskadan istifadə etmədiyinə görə ona yaxınlaşan Qusar RPŞ-nin İTB-nin sahə polis nəfəri Azad Ramazanovun qanuni tələblərinə qəsdən tabe olmayaraq özünü təqdim etməkdən imtina etmiş, bundan sonra marketdən bayıra çıxaraq küçədə ucadan söyüşlər söyərək ictimai qaydanı pozmuş, oraya gələn post patrul xidmətinin əməkdaşları onu intizama dəvət etsələr də, həmin şəxs ictimai qaydanı pozmaqda və polis əməkdaşlarının qanuni tələblərinə tabesizlik göstərməkdə davam etmişdir. Bu səbəbdən də, həmin şəxs Qusar RPŞ-nə aparılaraq şəxsiyyəti müəyyən edilmiş və barəsində hazırkı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bununla da, Şəxs yuxarıda sadalanan hərəkətləri ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir, o, həmin maddələrlə təqsirli bilinməli, aşağıdakı əsaslara görə onun barəsində həmin xətalardan daha ciddi xətaya görə-yəni İXM-nin 535.1-ci maddəsi ilə müəyyən edilmiş sanksiya çərçivəsində inzibati tənbeh tətbiq edilməlidir. Hazırkı inzibati xəta haqqında işdə hər hansı cinayətin əlamətləri məhkəmə tərəfindən müəyyən edilmədiyindən iş üzrə icraata xitam verilməsi və materialların prokurora göndərilməsi üçün əsas yoxdur. Şəxs özü-özünə və ya polis əməkdaşının ona xəsarət yetirməsi isə hazırkı işin araşdırma predmeti deyildir, xəsarət alan şəxsin qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq hüquq-mühafizə orqanlarına müraciət etmək hüququ vardır. Azərbaycan Respublikasının İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, səhhətini və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh növü olaraq cərimə tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldım: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib, İXM-nin 510-cu maddəsi ilə 50 (əlli) manat məbləğində cərimə, İXM-nin 535.1-ci maddəsi ilə 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Hakim: Adil Vəliyev
Məhkəmə qərarları › İş №3(029)-293/2021
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-293/2021
30.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver