Məhkəmə qərarları › İş №3(029)-294/2021

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-294/2021

01.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-294/2021 01.07.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon Məhkəməsinin hakimi Vəliyev Adil Yaqub oğlu xx.xx.1985-ci ildə Qusar rayonu Yasab-oba kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fəhlə işləyən Şəxs haqqında Qusar rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə materiallara açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdim: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Qusar rayon məhkəməsinin 10 sentyabr 2018-ci il tarixli 2(029)- 1004/2018 saylı icra sənədinə əsasən Şəxs 10 avqust 2018-ci il tarixdən başlayaraq 24 iyun 2016-cı il təvəllüdlü X4 adlı uşağın yetkinlik yaşına çatana kimi baxılıb saxlanması üçün hər ay 100 (yüz) manat sabit pul məbləğində aliment tutularaq X1 verilməlidir. Borclu Şəxs dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq aliment öhdəliyinin icrasından yayınmış, hal-hazırda onun 1960 manat məbləğində aliment borcu vardır. Həmin faktla bağlı Qusar rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə 01 iyul 2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Qusar rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Azər Nəcəfov izahatında göstərmişdir ki, Qusar rayon məhkəməsinin 10 sentyabr 2018-ci il tarixli 2(029)-1004/2018 saylı icra sənədinə əsasən Şəxs 10 avqust 2018-ci il tarixdən başlayaraq 24 iyun 2016-cı il təvəllüdlü X4 adlı uşağın yetkinlik yaşına çatana kimi baxılıb saxlanması üçün hər ay 100 (yüz) manat sabit pul məbləğində aliment tutularaq X1 verilməlidir. Borclu Şəxs Qusar rayonu Yasab-oba kənd orta məktəbində ocaqçı işləyir, işi mövsümi xarakter daşıyır, qış aylarında 230 manat əmək haqqı alır. Yay aylarında isə işləmir. Bəhruz özünün əmək haqqı kartını tələbkar Oksana Hacıyevaya vermiş və sonuncu həmin kartdan pul götürmüşdür. Lakin, sonradan Bəhruz işləmədiyinə görə əmək haqqı almamış, aliment borcunu ödəməmiş, hazırda 1960 manat məbləğində borcu yaranmışdır. O, heç olmasa həmin borcun yarısını ödəməsini Şəxs tələb etsə də, o pulu olmadığını bildirmiş və borcun ödənilməsini təmin etməmişdir. Bəhruzun digər nikahından da uşaqları var, həmin uşaqlara görə də aliment ödəyir. Şəxs fəhləlik edir, ot biçməklə məşğul olur. Bu səbəbdən də onun barəsində hazırkı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Odur ki, həmin şəxsin barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, o, Qusar rayonu Yasab-oba kənd orta məktəbində ocaqçı işləyir. İşi mövsümi xarakter daşıyır, ildə 6 ay-yəni qış aylarında işləyir, 6 ay, yay aylarında isə iş olmur və əmək haqqı almır. Qış aylarında o, işlədiyi məktəbdən hər ay 230 manat məbləğində əmək haqqı almış və əmək haqqı kartını Oksana Hacıyevaya vermişdir ki, alimentə görə kartdan pul çıxarsın. Aprel ayına kimi aliment borcunu ödəmiş, sonradan isə ödəyə bilməmişdir. Belə ki, o, Vüsalə Hacıyeva adlı qadınla ailə həyatı qurmuş və həmin nikahdan Diana və Şirxan adlı iki uşaqları olmuş, həmin uşaqlara görə də, aliment ödəyir. Aprel ayından sonra Diana adlı uşaq xəstələnmiş və ona görə xərcləri çoxalmış, həmin uşağın müalicəsi üçün xərclər çəkməli olmuş və borca düşmüşdür. Bu səbəbdən də, Oksana Hacıyevaya aliment borcunu ödəyə bilməmişdir. Bundan başqa, o, yay aylarında müəyyən vaxtlarda fəhlə kimi ot yığımında iştirak edir, gündəlik 10-15 manat pul qazanır, həmin iş də, stabil deyil, hərdənbir olur. Alimenti ödəməkdən qərəzli boyun qaçırmır, 1 həftəyə 100 manat pul ödəyəcəkdir. Bundan sonra da, hər ay ödəməli olduğu 100 manat məbləğində alimenti hər ay ödəyəcəkdir. Yaranmış 1960 manat borcu köhnədən qalmışdır. Odur ki, barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında X2 izahatında göstərmişdir ki, Şəxs özü və ata-anası işləyib pul qazanırlar. Bəhruzun anası pensiya alır, pensiya kartını ona versin ki, ordan pul çıxarsın. Bəhruz əmək haqqı kartını ona vermiş və 5 ay hər ay 230 manat pul almış, hazırda həmin kart ondadır, kartda isə pul yoxdur. Bəhruz ot yığımı ilə də məşğuldur, aya təxminən 100 manat pul qazanır. Özü isə işləmir. Bəhruz alimenti ödəmir, ona nalayiq sözlər deyir. Odur ki, həmin şəxsin barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarını nəzərdən keçirib, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərər çəkmiş şəxsin izahatlarını dinləyib hesab edirəm ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata aşağıdakı əsaslara görə xitam verilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Şəxs Qusar rayonu Yasaboba kənd orta məktəbində ocaqçı işləyir və ildə altı ay olmaqla qış aylarında hər ay əmək haqqı alır. Şəxs Qusar rayon məhkəməsinin 10 sentyabr 2018-ci il tarixli 2(029)-1004/2018 saylı icra sənədi üzrə hər ay ödəməli olduğu alimenti ödəmək məqsədilə işlədiyi Qusar rayonu Yasab-oba kənd orta məktəbi tərəfindən verilmiş əmək haqqı kartını könüllü olaraq tələbkar Oksana Hacıyevaya vermiş, sonuncu isə Şəxs həmin məktəbdən aldığı 230 manat məbləğində əmək haqqını 5 ay ərzində mütəmadi olaraq çıxarmış və ümumilikdə 1150 manat pul götürmüşdür. Sonradan isə orta məktəblərdə tədris olmadığından və onun işi dayandığından əmək haqqı almamış və bu səbəbdən də, ödəməli olduğu alimenti ödəyə bilməmişdir. Bundan başqa, Şəxs başqa bir qadından Diana və Şirxan adlı iki uşaqları da var və həmin uşaqlara görə də aliment ödəyir. Şəxs işlədiyi orta məktəbdən aldığı əmək haqqından başqa, digər aylıq stabil gəliri isə yoxdur. Həmin şəxs yay aylarında ot yığımı mövsümündə hərdənbir fəhləlik edib ot yığır, gündəlik 10-15 manat pul alır. Bununla da, borclu Şəxs həmin icra sənədinin icrasından qəsdən yayınmamış, qərəzli olaraq boyun qaçırmamış, aldığı əmək haqqını tam olaraq istifadə etməsi üçün könüllü şəkildə tələbkara vermiş, lakin sonradan mövsümlə əlaqədar işi dayandığına və əmək haqqı almadığına görə alimenti ödəmək iqtidarında olmamış və bununla da, onun alimenti ödəməməsi üzürlü olmuşdur. Hazırda da, söz vermişdir ki, alimenti ödəyəcəkdir. Odur ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsini törətməsi öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikasının İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 100.1, 100.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolda inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti göstərilir. Həmin Məcəllənin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi Şəxs tərəfindən Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi sübuta yetirilməmiş və onun əməlində həmin inzibati xətanın tərkib əlamətləri mövcud deyildir. Azərbaycan Respublikasının İXM-nin 53.1, 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 75.0, 75.0.2, 75.0.3, 75.0.6-cı maddələrinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 114.2, 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, iş materiallarını tam şəkildə tədqiq edərək hesab edirəm ki, hazırkı iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8, 53, 75, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldım: Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata, inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Qusar rayon Məhkəməsinin hakimi: Adil Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar