Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(029)-295/2023 25.09.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi X3, Əliyev Rahib Malik oğlunun katibliyi Qusar rayonu Həsənqala kəndində fəaliyyət göstərən hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, «QRANT GARDEN” MMC 28000.00 ABŞ dolları məbləğində vəsaiti 30 iyul 2021-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 28000.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta hüquqi şəxsin hüquqi ünvanında xx.xx.2023-cü il tarixdə törədilmişdir. Həmin faktla bağlı Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən inzibati araşdırma aparılmış və hüquqi şəxs «QRANT GARDEN” MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə EP № ******* saylı, 11 avqust 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «QRANT GARDEN” MMC məhkəmə iclasına yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq həmin MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə göndərərək göstərmişdir ki, Şəxs MMC tərəfindən xx.xx.2021-ci il tarixdə xaricə köçürülmüş 28000 ABŞ dolları məbləğində pul vəsaiti hesabına “X4 San.Tic.LTD” şirkətindən mallar alınmış və həmin mallar xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasına idxal edilərək gömrük bəyannaməsi tərtib olunmuşdur. Bununla da, Şəxs MMC tərəfindən hər hansı qanun pozuntusuna yol verilməmiş, həmçinin ona istinad olunan inzibati xətanı törətməmişdir. Odur ki, həmin MMC barəsində Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Azərbaycan Respublikasının İXM-nin 430.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankına məhkəmə iclasının yeri və müddəti barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 112.1.4-cü maddəsinə əsasən işə Şəxs MMC-nin və Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını nəzərdən keçirib, hesab edir ki, hüquqi şəxs «QRANT GARDEN” MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan satıcı-Türkiyə Respublikasında yerləşən “AKTAŞ PLASTİK AMB.SAN.TİC.LTD.ŞTİ” şirkəti ilə alıcı- Qusar rayonu Həsənqala kəndində fəaliyyət göstərən Şəxs MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli 280621 saylı müqavilənin surətindən görünür ki, satıcı bu müqavilənin ayrılmaz hissəsi olan Əlavə No 1-də göstərilən 28000 ABŞ dolları dəyərində məhsulları satmağa, alıcı isə almağa razılıq vermişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən Mərkəzi Banka təqdim olunmuş xx.xx.2023-cü il tarixli PB/PBL-OUT-00470-2023 saylı məktubdan və ona əlavə olunmuş cədvəldən görünür ki, Şəxs MMC tərəfindən 30 iyul 2021-ci il tarixdə xaricə 28000 ABŞ dolları məbləğində pul vəsaiti köçürülmüş, yük gömrük bəyannaməsi isə təqdim edilməmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli gömrük bəyannaməsinin surətindən görünür ki, həmin tarixdə “X4 SAN.TİC.LTD.ŞTİ” şirkəti tərəfindən invoys dəyəri 28028,00 ABŞ dolları təşkil edən plastik meyvə qabları və s. mallar xx.xx.2021-ci il tarixli 280621 saylı müqaviləyə əsasən alıcı Şəxs MMC-yə göndərilməklə həmin mallar ölkəyə idxal edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Şəxs MMC ilə Türkiyə Respublikasında yerləşən “AKTAŞ PLASTİK AMB.SAN.TİC.LTD.ŞTİ” şirkəti arasında 28000 ABŞ dolları dəyərində malların alqı-satqısı barədə xx.xx.2021-ci il tarixli 280621 saylı müqavilə bağlanmış və 30 iyul 2021-ci il tarixdə Şəxs MMC tərəfindən həmin satıcı şirkətin bank hesabına "xxxx" ASC vasitəsi ilə 28000.00 ABŞ dolları məbləğində əvvəlcədən ödəniş edilmişdir. Həmin pulun müqabilində Şəxs MMC-yə göndərilmiş mallar xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasına idxal edilmiş, bu barədə xx.xx.2021-ci il tarixdə gömrük bəyannaməsi tərtib edilmişdir. Həmin gömrük bəyannaməsi üzrə idxal edilmiş malların cəmi dəyəri 28028,00 ABŞ dolları təşkil etmişdir. Azərbaycan Respublikasının Mərkəzi X2 28 noyabr 2016-cı il tarixli 45/1 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3, 4.3.1-ci bəndlərinə əsasən Azərbaycan Respublikasından kənara bank hesablarından xarici valyutada köçürmələr aşağıdakı növ əməliyyatlar- Azərbaycan Respublikasına idxal olunan malların və xidmətlərin ödənilməsi üzrə rezidentlər və qeyri-rezidentlər tərəfindən köçürülən, o cümlədən qabaqcadan ödənilən vəsaitlər (avans) üzrə aparılır. Həmin Qaydaların 4.3.1.1-ci bəndinə əsasən ödəniş malların idxalı ilə əlaqədar olduqda banka idxal müqaviləsi və ya ödənişin təyinatını, məbləğini və idxal olunan mallar barədə məlumatı özündə əks etdirən bildiriş, hesab-faktura və ya digər sənədlər, həmçinin malların idxalını təsdiq edən gömrük bəyannaməsinin əsli (və ya rezident və qeyri-rezident fiziki şəxslərin kommersiya və istehsal məqsədləri üçün nəzərdə tutulmayan beynəlxalq poçt göndərişləri ilə göndərilən mallarla bağlı X1 aktlarında nəzərdə tutulmuş müşayiətedici sənəd) təqdim edilir (bəyannamə elektron formada tərtib edildikdə, bank hesabının sahibi həmin sənədin elektron formada əldə edilməsini təmin etməlidir) Həmin Qyadaların 4.3.1.2-ci bəndinə əsasən ödəniş idxal olunan xidmətlərin göstərilməsi ilə əlaqədar olduqda banka xidmətin göstərilməsi üzrə müqavilə və ya ödənişin təyinatını, məbləğini və xidmətlər barədə məlumatı özündə əks etdirən bildiriş, hesab-faktura və ya digər sənədlər, həmçinin xidmətlərin göstərilməsini təsdiq edən sənədlər (xidmətlərin qəbul edilməsini təsdiqləyən akt (nəqliyyat vasitələrinə respublikadan kənarda xidmətlərin göstərilməsinə dair hesab-faktura həmin xidmətlərin göstərildiyini təsdiq edən sənəd kimi çıxış edə bilər) və ya digər sənəd) təqdim edilir. Həmin Qaydaların 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə-vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir Göründüyü kimi, Azərbaycan Respublikasının Mərkəzi X2 28 noyabr 2016-cı il tarixli 45/1 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyrirezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”na əsasən müvafiq ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində malların idxal edilməməsi və ya qabaqcadan ödənilmiş məbləğin geri qaytarılmaması və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyərinin 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olması Azərbaycan Respublikasının İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati məsuliyyətə səbəb olur. Hazırkı halda isə Şəxs MMC tərəfindən əvvəlcədən edilmiş ödəniş müqabilində malların hamısı qanunla müəyyən olunmuş müddətdə idxal edilmiş və hər hansı qalıq qalmamışdır. xx.xx.2021-ci il tarixdə məlum mallar idxal olunmasına baxmayaraq, həmin fakt araşdırılmadan əsassız olaraq hazırkı inzibati xəta haqqında protokol tərtib edilmiş, törədilmə vaxtı isə protokolda xx.xx.2023-cü il göstərilmişdir. Bununla da, ”QRANT GARDEN” MMC-nin tərəfindən İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi təqdim edilmiş sənədlərlə öz təsdiqini tapmamış, əksinə təkzib olunmuşdur. Həmçinin, nəzərə alınmalıdır ki, malların idxal olunması barədə gömrük bəyannaməsinin təqdim olunmaması deyil, malların ölkəyə idxal olunmaması qeyd olunan inzibati məsuliyyətin yaranmasına səbəb olur. Odur ki, hazırkı halda ümumiyyətlə İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsi mövcud deyildir. Azərbaycan Respublikasının İXM-nin 53.1, 53.0.1-ci maddələrinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2, 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, iş materiallarını tam şəkildə tədqiq edərək hesab edirəm ki, hazırkı iş üzrə inzibati xəta haqdisəsi olmadığından hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İXM-nin 430.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-116-cı maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İXM-nin 430.4cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Anar Qasımov
Məhkəmə qərarları › İş №3(029)-295/2023
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(029)-295/2023
25.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver